Məzahir Pənahov: 'Sosial şəbəkədə təşviqat aparmaq Seçki Məcəlləsində nəzərdə tutulmayıb'

Məzahir Pənahov: 'Sosial şəbəkədə təşviqat aparmaq Seçki Məcəlləsində nəzərdə tutulmayıb'
11 Yanvar 2020
Mətni dəyiş

"Sosial şəbəkədə təşviqat aparmaq Seçki Məcəlləsində nəzərdə tutulmayıb. Ancaq hazırda bütün həyatımız sosial şəbəkə üzərində qurulub. Biz əgər bunu qadağan etsək, dünyanın heç yerində bizi başa düşməzlər."

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın yanvarın 9-da keçirilən iclasında deyib.

Məzahir Pənahovun sözlərinə görə, deputatlığa namizədlər seçkiqabağı təşviqat başlamazdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır.

O bildirib ki, Azərbaycanda bu il keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib.

MSK sədri bildirib ki, müraciət edənlərdən 2305 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib:

"Onlardan 689 nəfərinin deputatlığa namizədliyi qeydə alınıb.”

Dekabrın 5-də Azərbaycan prezidenti növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Haqq Ədalət Partiyaları seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır.

Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası isə azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun