'İrland' filmi haqqında - Hacı Səfərov

'İrland' filmi haqqında - Hacı Səfərov
11 Yanvar 2020
Mətni dəyiş

Kino kəşflər barədə idi: estetik, emosional və mənəvi kəşflər.

O,obrazlar barədə idi: insanların mürəkkəbliyi və onların təzadlı,

bəzən paradoksal təbiəti barədə.

Martin Skorseze (Nyu York Tayms)

Yaşayan ən böyük rejissorlardan olan Martin Skorseze epiqrafdakı sözlərini “Marvel Sinematik Dünyası”  barədə “Nyu York Tayms”da yazdığı məqalədə demişdi. Rejissor kinonun əvvəlki sehrini itirməyə doğru getdiyini vurğulayır, hazırda sektorun bazar araşdırmaları, formullar üzərindən təkrarlandığını deyir. Sözlərinə görə, çəkilən müxtəlif filmlərin sadəcə adı dəyişir, amma ruhu isə eyni qalır, izləyiciyə yeni nəsə vəd etmir. Yeni filmi “İrland”la izləyicilərin qarşısına çıxan rejissorun belə iddialı sözlərdən istifadə etməsi filmə olan marağı artırdığı da şübhəsizdir. Bəs “İrland” rejissorun iddia etdiyi kəşfləri edirmi?

Film Frenk Şiran (Robert  De Niro) adlı irlandiyalı bir şəxsin İkinci Dünya Müharibəsindən qayıtdıqdan sonra Amerikada fəaliyyət göstərən mafiya qruplaşmasına qatılması və onlar üçün müxtəlif “işlər” görməsindən bəhs edir. Kinonun keçdiyi zaman kəsiyi isə çox genişdir: 1950-lilərdən başlayıb ta 1990-lara qədər olan periodu əhatə edir. Filmi siyasi kontekstdə dəyərləndirsək, 20-ci əsrin ikinci yarısının Amerika portretidir deyə bilərik. Baş rollarda isə daha əvvəl Skorseze ilə dəfələrlə birlikdə çalışmış Robert De Niro, Co Peşi oynayır. Al Paçino, Harvey Keytl kimi aktyorlar da filmin heyətinə daxildir. Maraqlı məqam budur ki, Al Paçino ilə Martin Skorsezenin yaradıcılıq illəri təxminən eyni dövrləri əhatə etsə də, onlar ilk dəfə birlikdə məhz bu filmdə çalışıblar.

Hadisələri rejissor xətti zaman formasında nəql etmir, zamanda sıçrayışlar edərək Amerikanın ictimai həyatına nəzər salır. Cimmi Hoffa ( Al Paçino) hekayəyə daxil olduqdan sonra məsələlər getdikcə siyasiləşir. Tır sürücüləri həmkarlar ittifaqının rəhbəri Hoffanın öldürülməsinə qədər aparıb çıxaran yol həm də mafiya-dövlət əlaqələrinin mövcudluğunu göstərir. Ümumilikdə, filmin siyasi fonunu analiz etmək üçün ayrıca bir məqalə yazılmalıdır. Skorseze siyasi tarixə aid bir çox vacib məqam barəsində öz düşüncələrini filmə əks etdirib. Filmin bütün hekayəsini danışmaq kimi bir fikrim yoxdur. Lakin izləyicilər onları üç saat yarımlıq epik əsər gözlədiyini bilsələr, daha yaxşı olar.

Janr olaraq qanqster-mafiya tərzi filmlərin bəlkə də sonuncusu olan “İrland” 1950-lərə damğasını vurmuş “Gecənin səssizliyində” (In the still of night) mahnısı ilə açılışı edir. Bu mahnı film boyunca eşidilir və məhz qapanış səhnəsi də bununla gerçəkləşir. Rejissorun öz uşaqlıq və yeniyetməliyindən dartıb gətirdiyi ifa keçmişə bir baxış kimi başa düşülür. Filmin quruluşçu operatoru Rodriqo Prieto bir müsahibəsində deyirdi ki, görüntünü qurarkən və çəkərkən fotoqrafiyaya bənzər tərzdən istifadə etmişik, çünki bizim yaddaşımız hələ də fotoqrafiyadır. Operator bunu da əlavə edir:

- Skorseze məndən filmin “home movie” (əsasən 8mm və 16mm formatında, fotolent ilə çəkilən həvəskar videolar)  tərzində olmasını istəyirdi. Film personajların səyahətindən əlavə, həm də vizual səyahətdir.

Rejissorun musiqi və görüntü seçimi ilə bizlər yeni estetik kəşflər edirik. Bu kəşflə vizual və audio baxımdan kinonun bizə bəxş etdiyi “yaşamadığımız hadisəni yaşamışıq kimi hiss etmək”i dadırıq. Bunlardan əlavə, keçmişə duyulan xiffət və vidalaşma aurası artıq ömrünün son çağında olan 77 yaşlı rejissorun imzası ilə çox başa düşüləndir.

Frenk Şiran üzvü olduğu mafiyadan həyatının sonuna qədər xilas ola bilmir, bəlkə də xilas olmaq istəmir. O, güclü, istədiyini edən, yaxınlarını incidənləri cəzalandıran maskulin obrazdır. Belə bir şəxs olmaqdan zövq alır, çünki iqtidar olmaq patriarxal cəmiyyətlərdə arzulanan nəsnədir. Bu ziyanlı maskulin obraz digər mafiya filmlərinə xas personaja simpatiya hissini yaratsa da, sonluğu tamam ayrı cür bitir. Güclü obrazın zəifliyi və çarəsizliyi məhz ahıl çağlarında açıq şəkildə göstərilir. Frenki sevən heç kimin olmaması, qızlarının ondan imtina etməsi hekayənin ən faciəvi məqamlarıdır. Film boyunca məsum baxışlarla gözlərini ekrana dikən Peqqi ta balacalıqdan hər şeyi başa düşür, lakin qorxduğu üçün susur. Müxtəlif yaş dövrlərində qarşımıza çıxan Peqqinin demək istədiklərini peşman olduğunu ifadə edən Frenkə digər qızı söyləyir:

- Sənin qorxundan problemlərimizi səninlə bölüşə bilmirdik. Edəcəyin qorxulu şeylərə görə bizi qorumağını istəmədik.

Ziyanlı maskulinliyin bu formada ifadəsi Skorsezenin özünün digər filmlərinə (“GoodFellas”, “Casino”) də işarədir. Mafiyanın müxtəlif üzlərini karyerası ərzində göstərən rejissor bu dəfə çarəsizliyi, gücün əslində gücsüzlük olduğunu göstərir. Daim zəhmli görsənən və ətrafına qorxu  saçan mafyozların axırda mərhəmətə, sevgiyə möhtac qalması yeni emosional cığırlar açır. Şiranın qızı Peqqinin film boyunca çox az danışması dünyada xeyli reaksiyalara səbəb oldu. Lakin bu seçimə kişimərkəzli dünyanın ekranizasiyası kimi  baxsaq və qadınların susduğu, danışmadığı yerdə kişilərin zavallı vəziyyətə düşdüyünü anlasaq, dialoqun çox az olması mənalanır. Rejissor danışmır, göstərir. Frenkin və dostlarının cinayətlərini göstərərkən kameranın geniş plana keçməsi rejissorun hadisələrə obyektiv baxmaq cəhdidir. Şiddətin yaxın planda olduğu əvvəlki filmlərindən fərqli bir yol seçməsi rejissorun çəkdiklərinə qarşı tənqidi aşkarlayır. Bütün karyerası ərzində mafiyanı və onların həyat tərzini göstərən Martin hekayə danışmaqdan əlavə, həmin həyatları insanlar üçün cazibədar göstərirdi. Şiddətin və qol gücünün çirkinliyini göstərməsi üçün bu cür məsafəli kamera bucaqları seçməsi anlaşılandır. Əsərin emosional və mənəvi kəşflər baxımından doyurucu kino təcrübəsi yaşatdığı şübhəsizdir.

Film ağır tempi ilə diqqət çəkir. Dramatik baxımdan enişlər və çıxışlar nəzərə çarpmır, əvəzində düz bir xətt kimi davam edir. Belə olduğu halda axıcılığı təmin etmək üçün aktyorların üzərinə yük düşür. Bir-birindən uğurlu və öz sözünü demiş aktyorların cəmlənməsi,rejissorun onlardan effektiv istifadəsi filmi axıcı edir. Frenk Şiranı canlandıran Robert De Nironun texnoloji yeniliklər ilə cavanlaşdırılması hekayəyə və obraza bütünlük qatır. Həm cavan, həm ortayaşlı, həm də qoca halını gördüyümüz De Nironun Frenki ilə özümüzü eyniləşdirməyimiz asanlaşır. Üzü cavanlaşsa da, bədəni və hərəkətləri yaşlı insanlara xas olduğu üçün izləyici bəzən hekayədən qopur.

Frenk Şiranın bütün həyatını nəzərdən keçirdiyimiz film, əslində yaşadığımız müddətcə əksər insanın üzləşdiyi vicdani problemdən ibarətdir: Etmək istəmədiyimiz, lakin etməyə məcbur olduğumuz şeylər. İrland da həyatını, ailəsini qorumaq üçün etmək istəməsə belə, etməyə məcbur olduğu şeyi edir. Film bəlkə də insan təbiətinin paradoksallığı, ziddiyəti barədə yeni nəsə demir. Amma Frenkin hekayəsinin dəqiq çatdırılması, bütöv bir dövrün aydın təsviri bizi insan təbiəti barədə yenidən düşünməyə vadar edir. Sanki rejissor seçimlərdən ibarət olan həyatımızı elə yaşamalıyıq ki, etmək istəmədiyimiz şeylərə məcbur olmayaq deyir.

“İrland” Skorsozenin həyatının son çağında filmoqrafiyasına, Amerika dövlətinə, mafiyaya, insanlara nəzər saldığı epik filmdir. 77 yaşında olsa da kino barəsində düşünməsi, ifadə etməsi və görmək istədiyi ideal kinoya çatmaq üçün çalışması ən möhtəşəm təriflərə layiqdir.  Geniş filmoqrafiyaya sahib rejissorun “İrland”ı ən yaxşı filmidir demək çətindir, amma yaxşı filmləri ilə birlikdə adının çəkiləcəyi şübhəsizdir.

Hacı Səfərov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun