Azərbaycanın 3 il istintaqda sürüdülən və axırda güllələnən Baş prokuroru...

Azərbaycanın 3 il istintaqda sürüdülən və axırda güllələnən Baş prokuroru...
17 Yanvar 2020
Mətni dəyiş

Birinci epizod

1937-ci ilin "qırmızı terror"unun qurbanları arasında həmin dövrdə yüksək vəzifə tutanlar da az deyildi. Onlardan birinin adı xüsusilə diqqəti cəlb edir.

Bu, Azərbaycan SSR-nin Baş prokuroru Bahadır Vəlibəyov idi.

O, "vətənə xəyanət"də günahlandırılaraq  "milli əksinqilabi təşkilatın üzvü" kimi istinbaqa cəlb ediləndə 7 il idi ki, həmin vəzifədə çalışırdı.

Maraqlıdır ki, Vəlibəyov bundan əvvəl – 1922-1926-cı illərdə də  Baş prokuror postunu tutmuş, aradakı dörd ildə isə həmin vəzifəni tutanlar arasında sonradan onun güllələnməsinə yol açan ifadənin müəllifi Böyükağa Talıblı da olmuşdu.

Yeri gəlmişkən: "qırmızı terror" zamanı ümumilikdə 21 prokurorluq işçisi mühakimə edilmiş, onların arasında isə Vəlibəyovla bərabər B.Talıblı, eləcə də  Baş prokurorun müavini Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri vardı.

Bir mühüm qeydi də diqqətinizə çatdırım: Vəlibəyovla bağlı elə də zəngin məlumatlar yoxdu, ən azından internet üzərindən apardığımız axtarışlarda onun haqda xeyli az bilgiyə rastladıq, bu mənada oxuduğunuz məqalə Sovet Azərbaycanının Baş prokuroru olmuş bu şəxs barədə tək-tük təfərrüatlı yazılardan biri sayıla bilər...

İkinci epizod

Tərcümeyi-halından belə məlum olur ki, Bahadır Qasım oğlu Vəlibəyov 1894-cü il yanvar ayının 12-də Şuşa qəzasının Çəmənli kəndində dünyaya gəlib.

Onun mənsub olduğu Vəlibəyovlar Azərbaycanın tanınmış nəsillərindən biridir.

Bu sоyun ulu babası Hacı Vəli bəy Kəbirlidir. Hacı Vəli bəy XVIII əsrin sоnunda, XIX əsrin başlanğıcında yaşayıb, Qarabağ xanı Ibrahimxəlil xana xidmət edib. O, öz adı ilə adlanan Hacıvəlilər оbasını idarə edirdi.

Sonradan Hacı Vəli bəyin törəmələri Vəlibəyоv sоyadını daşımağa başladılar.

Hacı Vəli bəy Səlbi xanımla ailə qurmuşdu. Haqverdi bəy, Şıxhəsən bəy, Məmmədbağır bəy, Qasım bəy adlı оğulları vardı.

Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alıb Vəlibəyov nəslinin başqa bir tanınmış nümayəndəsi haqda ötəri də olsa bəhs etmək istəyirəm. Bu, görkəmli maarif xadimi, pedaqoq Səfərəli bəy Vəlibəyovdur.

O, Zaqafqaziya (Qori) müəllimlər gimnaziyasını bitirən ilk üç Azərbaycanlıdan biri idi, cəmi 44 il (1856-1902-ci illər) yaşamış, bunun da 18 ilə yaxınını pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Mirzə Cəlil, Nəriman Nərimanov, Süleyman Sani Axundov görkəmli yazıçılar, ictimai-siyasi xadimlərə dərs demişdi.

Daha bir maraqlı fakt: Qoriyə oxumağa böyük maarifçi Çernyayevski tərəfindən aparılan Səfərəli bəy İran şahzadəsi Bəhmən Mirzənin qızı Xurşid xanım Qovanlı-Qacarla ailə həyatı qurmuşdu.

Üçüncü epizod

İndi isə qayıdaq Bahadır Vəlibəyova...

O, 1912-ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub, inqilabi fəaliyyətə də elə həmin vaxtdan orada başlayıb.

Bu səbəbdən 1913-cü ildə universitetdən xaric edilib, sonradan Rusiya sosial-demokratlarının 3-cü dumasının tələbinə əsasən hüquq fakültəsinə bərpa edilib. 1918-ci ildən, Azərbaycanda Cümhuriyyətin elan edildiyi ərəfələrdə Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov.İKP) sıralarına qoşulub. Yəqin ki, həmin vaxt ağlına belə gətirməyib ki, Azərbaycanda qurulmasını cani-könüldən arzuladığı boşevik hakimiyyəti onun faciəvi sonluğunu hazırlayacaq.

Dördüncü epizod

Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcraiyyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin komissarı işləyəın Vəlibəyov Tambov quberniyasında bolşeviklər tərəfindən "qolçomaq"  adlandırılan  qiyamçılara qarşı vuruşub, 1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə və Qarabağda partiya işi aparıb.

1920-1937-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Komissarının müavini, Ədliyyə komissarı, Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK)  sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini işləyən Vəlibəyovun adı repressiya"ya ilk cəlb edilənlərdən biri kimi keçir.

Beşinci epizod

Məsələ burasındadır ki, B.Vəlibəyov  21 iyul 1937-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının ("NKVD") Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin baş leytinantı Qriqoryanın imzaladığı qərarla həbs olunub.

Həbsinə səbəb kimi hazırlanan arayışda göstərilib ki, onun milli əksinqilabi təşkilata üzv olması elə həmin təşkilatın fəallarından biri Böyükağa Talıblının izahatı ilə təsdiqlənib.

Vəlibəyov istintaq müddətində 4 dəfə dindirilmişdi. 3 nəfərlə (biri yuxarıda da qeyd etdiyimiz kimi Talıblı, digər iksii ilə tanınmış bolşeviklər Dadaş Bünyadzadə ilə Qəzənfər Səfərov idi)  üzləşdirilən  Vəlibəyov bütün bu sorğu-suallar zamanı haqqında irəli sürülən ittihamı kəskin şəkildə rədd etmişdi.

Altıncı epizod

İndi isə xeyli əvvələ  – Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk aylara qayıdaq.

Sov.İKP-nin üzvlərindən biri Mirsuca Ağamirov vaxtilə yazırdı: "1920-ci ilin iyulunda, müsavatçılar Şuşada hakimiyyəti ələ aldılar,... Bahadır

Vəlibəyov, Hüsü Hacıyev, Lyusya Baqdatyeva, ümumiyyətlə İnqilab komitəsinin bütün hey’əti, fəal kommunistlər və Sovet hakimiyyətinın tərəfdarları həbs olunmuşdular... Qiyamı yatırmaq üçün tezliklə Bakıdan XI Qızıl Ordunun hissələri gəldi. Ordunu qarşılamağa bizim gizli təşkilatın nümayəndələri getmişdilər. Bu nümayəndə heyətinə İldırım Vəlibəyov, Zülfüqar Haqverdiyev və başqaları daxil idi. Mən bu nümayəndə heyətinin başçısı idim.

Qızıl Ordu hissələri və üsyan etmiş əhali qiyamçıları darmadağın etdi, onların başçıları qaçmağa üz qoydular. Kəndlilər geriyə çəkilən və darmadağın edilmiş müsavat hissələrini yol boyu tərksilah edirdilər.

Şuşada qayda-qanun bərpa ediddi, şəhər üzərində Sovet bayrağı yenidən ucaldı".

Bir sözlə, Azərbaycanda işğalçı rus-bolşevik hakimiyyətinin qurulmasında xeyli zəhməti olan, həbs görən Vəlibəyov indi  elə həmin hakimiyyətin özü tərəfindən həbs olunur, ciddi ittihamla üz-üzə qalırdı, üstəlik, bu dəfə canını salamat qurtaracağına heç bir ümid də yox idi.

Yeddinci epizod

Bahadır Vəlibəyovun istintaqı ilyarım davam edir.

8 dekabr 1938-ci ildə ona istintaqın başa çatdığı elan olunur. Lakin Vəlibəyov bu dəfə də israrla bildirir ki, barəsindəki ittihamlar əsassızdır və özünü günahkar saymır.

Bundan sonra istintaq bir az da uzanır və 25 dekabr 1938-ci ildə bitir.

Atakişiyev və Markaryan tərəfindən imzalanmış ittihamla və Azərbaycan SSR Baş prokurorunun müavini Seliverstovun qərarı ilə SSRİ XDİK-nin nəzdindəki xüsusi müşavirəyə göndərilir.

Növbəti ilin 21 iyununda SSRİ XDİK-nin xüsusi müşavirəsi Vəlibəyovun işinə baxıb qərara alır: “Bahadır Vəlibəyovun işi müzakirədən çıxarılsın və əlavə istintaqa yerilsin. Məhbus Vəlibəyov SSRİ XDİK istintaq hissəsinin sərəncamına göndərilsin”.

Səkkizinci epizod

Beləcə, saqqız kimi uzanan prosesə 16 fevral 1940-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qapalı iclasında Vəlibəyov barəsində çıxarılan qərarla son nöqtə qoyulur.

Onun barəsində ən ağır cəza – ölüm hökmü çıxarılır.

Hökm cəmi bir il sonra –  1940-cı il fevralın 17-də icra edilir.

Doqquzuncu epizod

Bahadır Vəlibəyovun minlərcə qurbanından birinə çevrildiyi "qırmızı terror" onun ailəsindən də tan ötmür.

Belə ki, onun həyat yoldaşı Xədicə Vəlibəyova da Sovet repressiyasını dadmalı olur.

1904-cü ildə Həştərxan şəhərində anadan olan Xədicə xanımın bacısı Arifə xanım Sovet Azərbaycanının qurucularından və aparıcı xadimlərindən biri Qəzənfər Musabəyovla evli idi; maraqlıdır ki, onun özü kimi bacısının da əri 1937-ci il repressiyasından sağ çıxa bilmədi.

Vəlibəyov güllələndikdən sonra Xədicə xanım SSRİ XDİK-nin xüsusi müşavirəsinin 11 iyun 1940-cı il qərarı ilə "təhlükəli ünsür" məsuliyyətə cəlb olunur, axırda da cəzasını islah-əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilir. O, yalnız Sovet xalqlarının "dahi rəhbər", 1937-ci il repressiyasının əsas memarı İosif  Stalinin ölümündən sonra, Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 7 yanvar 1956-cı il qərarı ilə bəraət aldı...

Elnur Astanbəyli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun