Vəkil: “Dövlət əleyhinə çağırışlarda ittiham olunan bloger təqsirini etiraf edir”

Ukraynadan deportasiya edildikdən sonra həbs edilmiş videobloger Elvin İsayevə vəkili Gülarə İlyasovanın iştirakı ilə ölkə CM-in maddələri ilə ittihamlar irəli sürülüb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.

Cinayət işi 2019-cu il avqustun 15-də dövlət əleyhinə və kütləvi iğtişaşlara açıq çağırış faktları ilə bağlı açılıb.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin digər iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Öz növbəsində, vəkil İlyasova bildirib ki, müvəkkili özünü təqsirli bilir və ona qarşı davranışla bağlı heç bir şikayəti yoxdur.

Amma İsayevin ailəsinin cəlb etdiyi vəkil – Vüqar Xasayev Turan agentliyinə bildirib ki, istintaq orqanına, Baş Prokurorluğun qaynar xəttinə və Ombudsman Aparatına müraciət etməsinə baxmayaraq, dekabrın 16-dan məhbusla görüşə bilmir.

Xatırladaq ki, Azərbaycan Miqrasiya Xidməti İsayevin dekabrın 12-də Kiyevdə saxlanıldığını və Azərbaycana deportasiya edildiyini, məhkəmə qərarı ilə həbs edildiyini bildirib.

İsayev sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin və siyasətçilərinin ünvanına ciddi ittihamlar və qeyri-etik ifadələr yer alan qalmaqallı videomüraciətləri ilə məşhurdur.