"Teatrımızın Mikayıl Müşfiqi"nin faciəli sonu... - Elnur Astanbəyli

"Teatrımızın Mikayıl Müşfiqi"nin faciəli sonu... - Elnur Astanbəyli
12 Dekabr 2019
Mətni dəyiş

Birinci epizod

“Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam... respublikanın Əməkdar artisti kimi şərəfli bir ada “nail” olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur”...

Bu absurd ittihamlarla, nalayiq ifadələrlə zəngin sətirlər 1937-ci ilin “qırmızı terror”u ərəfəsində, “Kommunist” qəzetində çap olunmuş bir məqalədəndir.

Həmin sətirlərin hədəfindəki şəxs isə hələ 35 yaşına çatmayan parlaq istedada, coşqun yaradıcı ehtirasa malik aktyor Ülvi Rəcəb idi.

Onun ünvanına söylənilən absud ittihamarı bir kənara qoyaq, özü xeyli gənc olan bir sənətkarın “gənc kadrların inkişafna mane olmaqda” (!) suçlandırılması belə, bu günümüzdən baxdıqda həyasızlığın pik nöqtəsi sayıla bilər!

Lakin qanlı-qadalı 1930-cu illərdə bu cür utanmazlıqlar, həyasızlıqlar adi hal  idi...   

İkinci epizod

Milliyyətcə acar olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə) 9 yanvar 1903-cü ilin yanvarında Batum (indiki Batumi) yaxınlığındakı Canivri kəndində doğulub. Atası Rəcəb bəy ailənin beş oğlundan biri idi və onlardan fərqli olaraq Avropa mədəniyyətinə xüsusi maraq göstərirdi. Yəqin buna görə də “Köhnə dünya” ölkələrinin bir çoxunu gəzib-dolaşmış, balaca Rəcəbin dünyagörüşünün formalaşmasında atasından bu səfərlər barədə eşitdiyi söhbətlər ciddi rolu oynamışdı.

Atasını erkən yaşlarda itirən, xalası iə birlikdə İstanbula gedən və burada oxumağa başlayan Ülvi, bir müddət sonra təhsilini atmaq və dolanışıq naminə işləmək məcburiyyətində qalıb. Bu zaman Birinci Dünya müharibəsi yenicə başlamışdı.

İstanbuldan Batuma 1918-ci ildə, qanlı savaşın bitməsindən sonra qayıdan Ülvinin həyatında önəmli dönüş də elə həmin il baş verib.

Belə ki, Hüseyn Ərəblinski truppası ilə birlikdə Batuma qastrola gəlir, bu zaman görkəmli aktyorun məharətlə canlandırdığı Otello rolu 15 yaşlı Ülvidə teatr sənətinə böyük maraq yaradır.

Azərbaycandan gələn aktyorlarla yaxından tanış olmaq fürsəti tapan bu gənc oğlan çox keçmədən onların səhnələşdirdikləri tamaşalarda epizodik rollar oynamağa başlayıb. O, hətta “Arşın mal alan” operettasında, xəstələnərkən səhnəyə çıxmağa çətinlik çəkən  aktyorun əvəzinə, Soltan bəy rolunu canlandırmaq imkanı qazanıb.

Beləliklə, Ülvi Rəcəb həyatının qalan hissəsini teatra həsr etməyə qərar verir.

Üçüncü epizod

1922-ci ildə Ülvi Rəcəb Batum teatrının kollektivi ilə birlikdə Tiflisə qastrola gələn Ülvi Rəcəb, buradakı Azərbaycan teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olur. Doğulduğu şəhərə qayıtmayaraq, Tiflisdə qalır, “Zubalov evi”ndə fəaliyyət göstərən “Azərbaycan uram cəmiyyəti”nə daxil olub. “Ölülər” (Mirzə Cəlil Məmmədquluzadə), “Dağılan tifaq” (Əbdürrəhim bəy Haqverdiyev), “Aydın” (Cəfər Cabbarlı) tamaşalarında çıxış edir.

1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılır. Ülvi Rəcəbin istedadını yüksək qiymətləndirən, bu gənci gələcəyin böyük aktyoru kimi görən Tuqanov onu da özü ilə gətirir. 1925-ci ildən Azərbaycan Dövlət Dram Teatrında (indiki Milli Akademik Dram Teatı) işləməyə başlayan Ülvi, bir-birindən maraqlı rolları canlandırır. Şekspirin “Hamlet” və “Otello” əsərlərində Hamlet və Otello, Şekspirin “Romeo və Cülyetta”sında Romeo,, Hüseyn Cavidin “Knyaz”ında Anton, “Səyavuş”unda Səyavuş, “Şeyx Sənan”ında Şeyx Sənan, Mirzə Cəlilin “Ölülər”ində Kefli İsgəndər, Cəfər Cabbarlının “Od gəlini”ndə Elxan, “Dönüş”ünə Qüdrət Arslan, “Yaşar”ında Yaşar,  “Sevil”ində Balaş, Viktor Hüqonun “Gülən adam”ında Huinplen, Maksim Qorkinin “Həyatın dibi”ndəsində Satin kimi aparıcı obrazları canlandıran Ülvi Rəcəb öz sənətkarlıq keyfiyyətləri, təbilliyi, səhnə enerjisi, temperamenti ilə izləyənləri heyran qoyur.

Lakin kim inana bilərdi ki, bu cür istedadlı, qəlbi yalnız sənət eşqi ilə döyünən aktyor, nə qədər şablon, ənənəvi səslənsə də, yaradıcılığının çiçəklənən vaxtında inanılmaz ittihamların hədəfinə, bununla da, “qırmızı terror”un qurbanınlarından birinə çevriləcək.

Dördüncü epizod

Yazımızın girişində təqdim olunan sitatın yer aldığı məqalə – “Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il sayında işıq üzü görən və “Azərbaycan Dövlət Drama Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməli” adlandırılan, başdan-ayağa dono qoxuyan cızma-qaradan daha parça: "Hazırkı Azərbaycan Dövlət Drama Teatrının keçmişdə – çar və Müsavat dövründəki vəziyyəti nə qədər də acı, nə qədər də ürək bulandırıcı idi.

Bu teatrın adı var idi, özü isə yox idi. Ona kimsə fikir verməz, xərclərinə kömək etməzdi. Artistlər ac, yalavac, sərgərdan qalmışdılar.

Onlar dilənçi bir həyat keçirirdilər. Onları alqışlamaq əvəzinə, lax yumurta və çürük pomidorla qarşılayır, fitə və şüşəkkiyə basırdılar...

...Lakin o günləri qaytarmaq istəyənlər də var idi. Onlar, Sovet hakimiyyətinin zəfərli qızıl bayrağı altında misli görünməmiş bir sürətlə artan və inkişaf edən Azərbaycan xalqının sevimli və qüvvətli kultura ocağına çevrilmiş bu teatrı və onun artist kollektivini acı günlərə, dəhşətli keçmişə qaytarmaq istəyirdilər.

Onlar doğma teatrımızı dağıtmağa, sovet artistlərimizi qan içərisinə qərq etməyə çalışırdılar…"

Sonra isə Şəmsi Bədəlbəylidən Möhsün Sənaniyə, Ülvi Rəcəbəcən parlaq istedad sahiblərinə iftira və həqarət dolu cümlələr!

Həmin cümlələr bu aktyorların qətlinə verilmiş fərman idi!

Düzdür, 37 yaşlı M.Sənani, 26 yaşlı Ş.Bədəlbəyli "qırmızı terror"un cəngindən can qurtara bildilər, ancaq Ü.Rəcəbin ömür yolu uydurma hökmlə yarıda qırıldı.

Beşinci epizod

İstedadlı aktyor haqqında bəhs etdiyimiz məqalədən 15 gün əvvəl, 1937-ci il sentyabrın 15-də həbs olunur.

Bundan üç ay öncə isə SSR XDİK-nın müavini Gerasimov şöbə müdiri Sinmana belə bir məktub ünvanlamışdı: "Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun (Azərbaycan Dövlət Dram Teatrının o vaxtkı direktoru – E.A) ifadələrində Şərifovun ( görkəmli teatr və kino aktyoru, rejissor Abbas Mirzə Şərifzadə – E.A) və Ülvinin (Ülvi Rəcəb) adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar".

Sinman həbs barədə arayışı hazırlayır, 1937-ci il sentyabrın 15-də arayış təsdiqlənir, elə həmin gün də Ülvi Rəcəb həbs edilir.

Altıncı epizod

Ülvui Rəcəb əksinqilabi burjua-millətçi təşkilatına üzv olmaqda ittiham olunurdu, lakin elə ilk dindirmədəcə o, bu suçlamanı rədd etdi.

İkinci dindirmədə Ə.Kərimovla üzləşdirildi, həmin üzləşdirmədə onun dedikləri ilə qətiyyən razılaşmadı.

Lakin maraqlıdır ki, sonradan – 1937-ci il noyabrın əvvəllərində baş tutan iki dindirmədə vəziyyət 180 dərəcə dəyişdi. Ülvi Rəcəb "əksinqilabi burjua-millətçi təşkilatına üzv olduğunu" boynuna aldı.

Əslində burada maraqlı (və təəccüblü!) nəsə axtarmaq da mənasızdır.

Əksər repressiya qurbanları kimi, Ülvi Rəcəbin də sonradan "etirafedici" ifadə verməsi heç şübhəsiz ciddi təzyiqlərin, fiziki və mənəvi işgəncələrin nəticəsidir.

Onu "əksinqilabi burjua-millətçi təşkilata" Ə.Kərimovun qoşduğunu "etiraf" edən 26 yaşlı aktyor, qarşısına Azərbaycan Dram Teatrının əməkdaşları arasında əksinqilabi millətçi təbliğat aparmaq, əksinqilabi burjua-millətçi təşkilata yeni üzvlər cəlb etmək, teatrın repertuarına ideoloji cəhətdən səbatsız və ziyanlı əsərləri yeritməyə imkan yaratmaq kimi tələblər qoyulduğunu da boynuna alır.

Guya daha bir tələb isə Ruhulla Axundovun Sovet Azərbaycanının yeni rəhbəri olması üçün nüfuzunun artırılmasında iştirak etmək olub.

R.Axundov kifayət qədər tanınmış partiya və dövlət xadimi sayılırdı,  elə isə onun nüfuzunu, şöhrətini artırmağa nə gərək vardı?

Bu sualın cavabı Mir Cəfər Bağırovun təlaşında gizlənib. Azərbaycanın o vaxtkı rəhbəri R.Axundovu potensial rəqib, karyerasına təhlükə kimi görür, odur ki, aradan götürmək yolları axtarırdı və nəticədə bu istəyinə çatdı: onun güllələnməsinə nail oldu!

Bunun üçünsə öncə xeyli adamı xəyali ittihamlarla həbs etdirmək, onları döyüb, işgəncələrə məruz qoyub "etirafedici" ifadələr almaq lazım gəlirdi.

Ülvi Rəcəb örnəyində olduğu kimi!

Yeddinci epizod

Ülvi Rəcəblinin məhkəməsi 1938-ci il yanvarın 2-də baş tutur və bir insan, həm də günahsız, istedadlı bir insan taleyi ilə bağlı bu proses cəmi... 20 dəqiqə çəkir!

Saat 17.40-da başlayan məhkəmə 18-də bitir.

Ona son söz söyləmək təklif olunur. Lakin Ülvi Rəcəb dillənmir. Nə deyə bilərdi? Onsuz da söyləyəcəklərinin heç nəyi dəyişməyəcəyinin fərqindəydi.  Haqqında hökm çoxdan verilmişdi. İndi bunu rəsmiləşdirmək qalırdı.

Məhkəmə güllələnmə qərarı çıxarır.

Sənədlərdən ölüm hökmünün elə həmin gün də Bakı şəhərində icra olunduğu göstərilir.

Beləcə, amansız sovet terroru daha bir işıqlı yurddaşımızın, özü də gənc yaşında həyatının, arzularının, xəyallarının üzərindən həmişəlik xətt çəkir.

37-ci il repressiyası ədəbiyyatımızdan çox istedadlı şairləri, yazıçıları qopardı, biz onlardan danışanda Hüseyn Cavidi yada salırıq, Əhməd Cavadı, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni və əlbəttə, Mikayıl Müşfiqi yada salırıq.

37-ci il repressiyasının mədəniyyətimizdən qopardığı sənət adamları da az olmadı və onların arasında Ülvi Rəcəb bir çox baxımdan mənə məhz Müşfiqi xatırladır.

Bəli, istər işıqlı simasına, istər gənc yaşdakı uğurlarına, istər yaradıcı ehtirasına, şövqünə, ilhamına görə o, "teatrımızın Müşfiqi" idi!

Bu iki cavan, istedadlı insanın bir-birlərilə mənəvi bənzərliklərində çatışmayan bircə şey vardı.

Və Ülvi Rəcəbdən cəmi dörd gün sonra Mikayıl Müşfiqin də güllələnməsi ilə onların tale oxşarlığı tamamlanmış oldu...

Elnur Astanbəyli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun