Rövşən Ağayev: "Gələn il hər 100 vətəndaşdan 65-i tibbi sığorta xərcini özü ödəməli olacaq"

Rövşən Ağayev: "Gələn il hər 100 vətəndaşdan 65-i tibbi sığorta xərcini özü ödəməli olacaq"
13 Dekabr 2019
Mətni dəyiş
İqtisadçı Rövşən Ağayevin "Abzas"a Azərbaycanın 2020-ci il büdcəsi, əhalini gözləyən mümkün qiymət artımları və gələn ildən ölkədə tətbiq olunacaq icbari tibbi sığorta sistemi haqqında müsahibəsini təqdim edirik. - 2020-ci ilin dövlət büdcəsində neft gəlirlərinə istinad azalıb, əksinə hökümət qeyri-neft gəlirlərinə daha çox bel bağlamağa başlayıb. Belə planlaşdırılıb ki, qeyri-neft gəlirləri artırılacaq. Sizcə hakimiyyət axır ki, başa düşür ki, neft gəlirlərindən asılılığı azaltmalıdırmı? - Məncə başa düşüblər, özü də indi yox, 2015-ci ilin iki dəfə baş vermiş milli valyutanın sərt devalvasiyası, iqtisadiyyatın ciddi şəkildə böhranla üzləşməsi, bank sektorunun çökməsi, 10-dan artıq bankın bağlanması, iqtisadi artımın tamamilə dayanması. Bütün bunlar hamısı höküməti başa düşməyə məcbur etdi. Bilirsiniz ki, 10 il dayanmadan, 2005-2015-ci illər arasında ölkəyə nəhəng vəsait axını oldu. Bu vəsait axını hökümətdə həddən artıq arxayınçılıq yaratmışdı. Həmçinin Azərbaycanda peşakar hökümət problemi var idi. Peşakar hökümət situasiyanı daha düzgün qiymətləndirərdi və hətta o vəsait axını dövründə daha peşakar davranardı, iqtisadi islahatlara gedərdi. O iqtisadi islahatlara zamanında getmiş olsaydılar, həm real sektorun inkişafı baxımından, həm manatın yumuşaq devalvasiyasına gedib ixracı stimullaşdırmaq baxımından xeyli iş görmüş olardı. Həmşinin, institutların inkişafı baxımından, ən önəmlisi də şəvvaflığın təmin olunması baxımından çoxlu addımlar atardılar. Amma biz tərsini gördük. Böyük neft pulları Azərbaycana gəldiyi dövrdən hökümət daha çox qapanmağa başladı, vətəndaş cəmiyyətini, mətbuatı, siyasi təsisatları daha çox qapatmağa başladı, monopoliyalar daha çox inkişaf etməyə başladı. Və nəticə etibarilə o addımlar bizi 2015-ci il böhranına gətirdi. Əslində, 2015-ci ildə böhranın səbəbi neftin qiymətinin düşməsi deyildi. Neftin qiymətinin düşməsi nəticəsində ortaya çıxanlar nəticə idi. Məncə hökümət məcburiyyət qarşısında olsa da həqiqətləri anladı. Neft gəlirlərinin azalması zamanı büdcə gəlirləri 1,2 milyard manat artıq proqnazlaşdırılır. Hökümət də bunun qeyri-neft sektorundan gələcək vergilər hesabına baş verəcəyini deyir. Bəs qeyri-neft sektorunun bu cürə potensiyalının olacağını hökümət hardan bilir? Mən büdcə təhlilçisi kimi gəlirlərin strukturuna baxanda mənə maraqlı gəlir ki, gəlirlər hansı vergilər, hansı mənbələr hesabına artacaq. Hökümət istehlakçının üzərindən çox vergi tutmağa meyllənəcək, yoxsa sahibkarın, biznesmenin üzərindən? Bizim 2020-ci il büdcəmiz göstərir ki, gəlirlərimiz sahibkarın üzərindən genişlənmir, istehlakçının üzərindən genişlənir. Və bir də vətəndaşın üzərindən genişlənir. Əgər 2020-ci il büdcəsinə baxsaq görəcəyik ki, bizdə artan əlavə dəyər vergisidir (bu sahədə 500 milyon manatdan artıq artım proqnozlaşdırılır), əlavə dəyər vergisini biz, yəni vətəndaş ödəyəcək. Mənfəət vergisində artım yoxdur, əksinə azalma var. Vətəndaşın vergisi var. 2020-ci ilin büdcəsində ən çox artım proqnozu vətəndaşın gəlir vergisidir. Burda 300 milyon manata yaxın artım proqnozlaşdırılır. Bu artım büdcə sektoru və dövlət sektorunun hesabına mümkün olacaq. Belə çıxır ki, gələn ilki büdcəmiz 1,2 milyard manat artacaq, amma bu artımın dörddə biri büdcənin özündən tutulan vergilərlə başa gələcək. Bu, maaşlar artırıldığı üçün artan maaşlardan təkrar tutulan vergilər hesabın artımdır. Elə bil ki, hökümət bir cibindən çıxarıb o biri cibinə qoyacaq. Bundan əlavə istehlak vergisi, yəni aksislərdə də artım var.                   - Deməli proqnozlaşdırılmış artım vətəndaşın cibindən çıxacaq? - Bəli, aksizli malların vergisi artırsa onu vətəndaş ödəyir, əlavə dəyər vergisi artırsa onu vətəndaş ödəyir. Həm də ən təhlükəli məqam odur ki, əlavə dəyər vergisi və aksizlərin artımı istehlakçını qiymət artımı gözlədiyini göstərir. Belə görünür ki, hökümət infilyasiya gözləyir. Bizim büdcənin gələn ilki artımını mən daha çox vətəndaşın və istehlakçının vergi öhdəliklərinin və inflyasiyanın artımı hesabına görürəm. Əgər gerçəkdən bu artım istehsalın genişlənməsi, vətəndaşların rifahının artması və  istehlakını artırılması hesabına qeyri-neft sektorunun gəlirləri artsaydı bunu iqtisadiyyatın uğuru kimi təqdim edə bilərdik. Amma bu artımlar aksizlərin, tariflərin və s. artırılması ilə başa gələcək.   - Bu halda kommunal xərclərin də artması ehtimalı varmı? - Mən bunu ehtimal etmirəm. Bilirsiniz ki, infilyasiyanı gücləndirici əsas səbəblərdən biri pul kütləsinin artmasıdırsa, ikinci səbəb də kommunal xərclərin artımıdır. O baxımdan hökümətin kommunal xərcləri artıracağı ehtimalına elə də inanmıram. Ancaq büdcə xidmətlərinin: rüsumların, təhsil haqqlarının və s. artırılması gözləniləndir.                     - Gələn ildən ölkədə icbari tibbi sığorta sistemi işə düşəcək. 20 ilə yaxındır ki, hökmət bu sistem üzərində düşünür, ancaq indi bunun tətbiqinə başlayır. Siz necə düşünürsünüz bu sistem uğurlu olacaqmı? Ölkədə olan çoxlu sayda işsizin bu tibbi sığorta haqqını necə ödəməsi problem yaratmayacaq ki? - 2018-ci ildə Beynəlxalq Əmək Təşkilatının hazırladığı qlobal maliyyə hesabatına görə işsizlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan ən pis ölkələrdən biridir. Çünki, Azərbaycanda işsizlərin cəmi 1,6 faizi sosial müavinət ala bilir, ən yaxşı halda 4-5 faizi işsizlik statusu ala bilir. Deməli, hökümət ancaq işsiz statusu verdiyi şəxslərin tibbi sığortasının haqqını ödəyəcək. Bu da cəmi 4-5 min insandır. Yerdə qalan şəxslər tibbi sığortalarının haqqlarını özləri ödəməli olacaq. Bu gün Azərbaycanda hər yüz adamdan 65 nəfəri qeyri-rəsmi məşğulluq sferasında çalışır. Həmçinin, statistikaya işsiz kimi düşən 245 min nəfər də var. Bu adamların heç birinin hökümətin təqdim etdiyi icbari sığortadan bəhrələnmək imkanı yoxdur. Əlbəttə 100 adamdan 35-i icbari sığortasını alıb, qalan 65-i ala bilməyəndə bir etiraz yaranacaq ki, niyə onlara da bu haqq verilmir. Həmin vətəndaşlar icbari tibbi sığortanın haqqını öz ciblərindən ödəməli olacaqlar. Çünki, əgər vətəndaş işləmirsə konstitusiyaya görə hər kəsi əməyinə və qabiliyyətinə görə işlə təmin etmək də hökümətin borcudur. Bu baxımdan icbari sığorta sisteminin effektiv işləməsi üçün bu cür risklər var. Bundan əlavə, bu gün parlamentə təqdim olunmuş tibbi sığorta xərcləri ilə bağlı ciddi qeyri-şəvvaflıq var. Vəsaitin necə xərclənəcəyi, əməkhaqqı və dərman xərcləri arasında necə bölünəcəyi haqqında heç bir izahat yoxdur.     - Gələn ilki büdcədə sosial xərclər çox artıbdır, ancaq əvvəlki illərdə müdafiə xərcləri daha çox olurdu. Gələnilki büdcəmizə sosial yönümlü büdcə demək olarmı? - Bəli, əvvəlki illərlə müqaisə etsək gələnilki büdcə daha sosialyönümlüdür. Ən azından son 15-20 illə müqaisədə büdcəmizdə sosial xərclərin payı gələnilki qədər olmayıb. Gələn il bizi 40 faiz paya yaxınlaşmış bir büdcə gözləyir. Əlbəttə, inkişaf etmiş Avropa ölkələrində büdcənin 50 faizindən çoxu, bəzən hətta 60-75 faizi sosial xərclərə sərf olunur.     - Gələn il, dövlət borcu 8,86 milyard manat civarında planlaşdırılıb, halbuki hökümət təbliğatında daim deyilirdi ki, 2025-ci ilə qədər dövlət borcunu 7,5 milyard manata qədər endiriləcək. - Bilirsiniz ki, hökümət ötən il uzunmüddətli borc strategiyasını təsdiq edib. Bu strategiyaya görə dövlət borcu ümumi daxili məhsulun 20 faizini ötməməlidir. Gələn ilin büdcə proqnozunda da dövlət borcu bu rəqəmi ötməyib. Hökümətin bəyan etdiyi Azərbaycanın dövlət borcu yüksək deyil, krtik həddən aşağıdır. Ancaq, gəlin hökümətin borc statistikasını tənqid edək. Bu gün hökümətin borc statistikası beynəlxalq təcrübəylə müqaisə edildikdə yetkin və mükəmməl deyil. Məsəlçün, SOCAR dövlət zəmanəti ilə borc alır, amma dövlət borcu sayılmır. Axı, SOCAR da dövlət şirkəti sayılır onun da aldığı borclar dövlət borcu sayılmalıdır. Bu beynəlxalq kriteriyalara ziddir. Bu baxımdan yanaşsaq Azərbaycan Respublikasının dövlət borcu hökümətin elan etdiyi borclardan çoxdur.     - Azərbaycan müstəqil olduqdan sonra uşaqpulları ləğv olundu. Bəzi iqtisadi ekspertlər deyir ki, Azərbaycanda əhalinin artımı yüksəkdir, ona görə də uşaqpullarına ehtiyac yoxdur, bəziləri deyir, bu ölkədə infilyasiyaya səbəb ola bilər. Siz necə düşünürsünüz, bizim ölkədə uşaqpulları verilməlidirmi? - Mən bir iqtisadi tədqiqatçı kimi düşünürəm ki, “Azərbaycanda 18 yaşına qədər bütün uşaqlara uşaqpulu verməliyik” kimi bir bəyanat doğru deyil. Azərbaycanda nəsilvermə əmsalı beynəlxalq qəbul olunmuş normalardan  yüksəkdir. Bu əmsal 2 ətrafındadır və hələlik kritik səviyyədə deyil. Bu da ölkədə demoqrafik böhranın olmadığını göstərir. Mən onun tərəfdarıyam ki, uşaqpulları ünvanlı şəkildə verilməlidir. Hökümət kasıbları seçib onlara yüksək uşaqpulu verməsinə razıyam. Həmçinin, tək uşaqpulu ilə iş bitmir, məktəblərdə və bağçalarda uşaqlar pulsuz qidalarla da təmin olunmalıdır. Ehtiyacı olan ailələrin sayı doğru müəyyən edilməli, şəvvaf olmalıdır. Bu işdə yerli özümüidarə qurulmarı, icmalar ən doğru sözü deyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun