‘Paster’ ləqəbli tanınmış reper həbs edilib

Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirib. 

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib.

”Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib”.

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Bloger Həbib Müntəzirin dekabrın 26-da yaydığı məlumata görə, 4 gün əvvəl reper “Bandotdel” kimi tanınan idarə tərəfindən saxlanılıb və bu müddətdə ona davamlı işgəncə verilib. Bundan sonra bu gün reperin həbs edildiyi təsdiqlənib.

Buna səbəb kimi onun dekabrın 9-da yazdığı “Gang” adlı repində “Paşabank”, hakimiyyət və məmurları sərt tənqid etməsi olub.

Araşdırmaçıların yazdığına görə, “Paşa Bank” “Pasha Holding” vasitəsilə Azərbaycanın birinci ailəsinə məxsus olan daha bir bankdır. Bu bankın əsası 2007-ci ildə İlham Əliyevin xanımı Mehriban Əliyevanın ailəsi tərəfindən qoyulub. Bankın hesabatına görə hazırda onun sahibləri prezidentin qızları Arzu və Leyladır.