"Hərkət" seçki bloku təsis edildi və namizədlərini açıqladı [video]

"Hərkət" seçki bloku təsis edildi və namizədlərini açıqladı [video]
27 Dekabr 2019
Mətni dəyiş

Dekabrın 25-də “Hərəkət” seçki bloku təsis edilib və qurumun təqdimatı keçirilib.

Abzas xəbər verir ki, təqdimatda blokun deputatlığa namizədləri və hansı dairələrdən seçkiyə gedəcəkləri də açıqlanıb.

“Hərəkət” blokunda müstəqil gənclər, siyasətçilər, vəkillər, jurnalistlər, ictimai fəallar təmsil olunur.

Blok 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkisində iştirak etmək üçün yaradılıb.

Seçki blokunun məramnaməsində deyilir ki, “Hərəkət”də müxtəlif qurumların nümayəndələri təmsil olunsa da, o, heç bir təşkilatın və ya partiyanın bloku deyil.

Blok üzvləri hakimiyyətlə sövdələşmə yoluyla mandat əldə etməmək, qanun pozuntularına göz yummamaq, saxta seçkilərin nəticələrini tanımamaq kimi öhdəliklər götürüblər. Eyni öhdəlikləri götürməyə hazır olan, eyni dəyərləri bölüşən başqa namizədlərin bloka qoşulması mümkündür.

“Hərəkət” vətəndaşları seçki prosesində könüllü, müşahidəçi və ən əsası seçici kimi aktiv iştirak etməyə çağırır.

Blokun deputatlığa namizədləri siyahısında hazırda bu şəxslər var:

Ülvi Həsənli, “Nida” Vətəndaş Hərəkatının üzvü, (9 saylı Binəqədi ikinci seçki dairəsi)

Rəbiyyə Məmmədova, idmançı, ictimai fəal (10 saylı Binəqədi üçüncü seçki dairəsi)

Azər Qasımlı, siyasət üzrə fəlsəfə doktoru (17 saylı Yasamal üçüncü seçki dairəsi)

Sakit Məmmədli, müəllim (19 saylı Nərimanov birinci seçki dairəsi)

Toğrul İsmayılov, marketinq üzrə magistr, sahibkar (21 saylı Nəsimi birinci seçki dairəsi)

Turqut Qəmbər, “Nida” Vətəndaş Hərəkatının üzvü, insan hüquqları üzrə magistr (22 saylı Nəsimi ikinci seçki dairəsi)

Toğrul Vəliyev, iqtisadiyyat üzrə magistr, ekspert (23 saylı Nəsimi-Səbail seçki dairəsi)

İlkin Rüstəmzadə, “Nida” Vətəndaş Hərəkatının üzvü, keçmiş siyasi məhbus (25 saylı Nizami ikinci seçki dairəsi)

Zaur Rövşənli, “D18” Hərəkatının üzvü (27 saylı Sabunçu ikinci seçki dairəsi)

Elgiz Qəhrəman, “Nida” Vətəndaş Hərəkatının üzvü, keçmiş siyasi məhbus (29 saylı Səbail seçki dairəsi)

Fərid Eyvazov, iqtisadiyyat üzrə magistr, ekspert (30 saylı Suraxanı birinci seçki dairəsi)

Mehman Hüseynov, bloqçu, keçmiş siyasi məhbus (31 saylı Suraxanı ikinci seçki dairəsi)

Ruslan İzzətli, “D18” Hərəkatının sədri, beynəlxalq münasibətlər üzrə magistr (33 saylı Xətai birinci seçki dairəsi)

Səməd Rəhimli, hüquqşünas (34 saylı Xətai ikinci seçki dairəsi)

Fariz Namazlı, hüquqşünas, Vəkillər Kollegiyasının üzvü (42 saylı Sumqayıt ikinci seçki dairəsi)

Qurbanəli Yusibov, tarix üzrə magistr, “ONMA Line Consulting” şirkətinin direktoru (47 saylı Mingəçevir seçki dairəsi)

Baba Məmmədli, “D18” Hərəkatının üzvü, siyasi elmlər üzrə magistr (73 saylı Lənkəran şəhər seçki dairəsi)

Elsevər Seyid, “D18” Hərəkatının üzvü, “AS Texnika” şirkətinin beynəlxalq əlaqələr üzrə eksperti (117 saylı Oğuz-Qəbələ seçki dairəsi).

Parlamentin birmandatlı dairələrdən seçilən 125 deputatı var.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Sənədlər 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçki qanunvericiliyinə görə, təbliğat-təşviqat 2020-ci il yanvarın 17-də başlanır, fevralın 8-i səhər saat 8-də dayandırılır.

Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun