Gürcüstanda hökümətlə müxalifət seçki modeli ilə bağlı razılığa gələ bilmir

Gürcüstanda müxalifət və iqtidar nümayəndələrinin seçki islahatları ilə bağlı görüşü.

Gürcüstanda hakim “Gürcü arzusu” partiyası ilə müxalifət arasında bu gün “Şeraton Metexi Palas” mehmanxanasında diplomatik korpusların vasitəçiliyi ilə növbəti, üçüncü dəfə danışıqlar keçirilib. Danışıqlar yenə də nəticəsiz olub.

Danışıqlarda yenə də əsas mövzu majoritar seçki sistemində islahat təklifləri olub. Müxalifət Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərində 73 birmandatlı seçki dairələrini ləğv edib onların yerində 10 çoxmandatlı seçki dairəsi yaradılmasını istəyir.

“Alman modeli” adlandırılan bu seçki modeli müxalifətin hazırladığı yeni seçki modelinin əsas komponenti olacaq.

Lakin danışıqların sonunda hakimiyyət təmsilçiləri çoxmandatlı majoritar seçki dairələrinin Gürcüstanda özünü doğrultmayacağını bildirib.

“Təəssüf ki, çoxmandatlı model böyük və kiçik rayonların maraqlarını bərabər formada təmsil etmir” – deyə parlamentdə hakim partiyanın təmsilçisi Arçil Talakvadze bildirib.

Gürcüstanın Ədliyyə naziri Tea Çulukiani də çoxmandatlı seçki dairələri modelini tənqid edib. O deyib ki, belə model ancaq Əfqanıstan və İraqda var və bizim ölkə üçün qəbul edilən deyil.

Danışıqlardan sonra müxalifət “Gürcü arzusu” partiyasından konkret təkliflər gözlədiyini bəyan edib.