Baş Prokurorun müavini facebook statusuna görə vəkildən şikayət edib

Baş Prokurorun müavini facebook statusuna görə vəkildən şikayət edib
11 Dekabr 2019
Mətni dəyiş
Vəkillər Kollegiyası vəkil Elçin Sadıqovla bağlı intizam icraata başlayıb. İnzibati icraata səbəb noyabrın 14-də göndərilmiş Baş Prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti olub. Bu barədə AzadlıqRadiosuna Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, şikayət oktyabrın 30-da sosial şəbəkədə yazdığı statusla bağlıdır. "Hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşınla vurulması anı videosuna baxdım və status yazdım. Statusda yazdım ki, qənaətimcə Oqtay Gülalıyev qəsdən vurulub. Bu statusumdan Rüstəm Usubov Vəkillər Kollegiyasına şikayət edib". Vəkil qeyd edib ki, Vəkillər Kollegiyası bu şikayətə baxmamalıdır. "Mənim yazdığım statusla bağlı şikayətə baxmaq Vəkillər Kollegiyasının səlahiyyətində deyil. Çünki bu status mənim vəkillik fəaliyyətimlə bağlı deyil". Sadıqov vurğuladı ki, məsələ ilə bağlı prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və xarici ölkələrin səfirliklərinə müraciət edib. "Müraciətdə qeyd etmişəm ki, on illik vəkillik fəaliyyətim dövründə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə etmişəm və əsasən insan haqları müdafiəsi sahəsində tanıdığımdan, davamlı olaraq təqiblərə, təzyiqlərə məruz qalmışam. Yazdım ki, AR Baş Prokurorluğu yazdığım statusdan sonra mənim barəmdə 05/137/XİD saylı “material” yaradaraq “araşdırma” aparıb. Lakin qanunvericilik prokurorluğa vəkillər barəsində xidməti araşdırma aparmaq səlahiyyət vermir. Barəmdə qanunsuz xidməti araşdırma aparan Rüstəm Usubov daha sonra Vəkillər Kollegiyasına müraciət edib. Rüstəm Usubov qeyd edib ki, mən əsassız məlumatlar yaymaqla baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq istəyirəm". Vəkil əlavə etdi ki, müraciətdə Rüstəm Usubovun barəsindəki şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına, Azərbaycanın mütərəqqi dünyanın gözündən salmağa xidmət edir. "Vəkillər Kollegiyasının isə belə şikayətləri icraata qəbul etməsi tamamilə qanunsuzdur. Çünki, prokurorluğun araşdırma predmeti olmuş status mənim ifadə azadlığı hüququmdan yararlanmağımdır, mənim şəxsi sosial media səhifəmdə yayılıb. Mənim profilim rəsmi deyil, orda yazıb-yaydığım status isə vəkillik fəaliyyətimlə, hansısa müştərimlə bağlı deyil". Daha sonra müraciətində Sadıqov bildirdi ki, Rüstəm Usubov vəkillərdən ən çox şikayət edən, onların ağır cəzalandırılmasına səbəb olan şəxsdir. "AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycanda vətəndaşların ifadə azadlığına, xüsusilə də vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən, senzura həyata keçirən şəxsdir. Bu üsulla davamlı olaraq, vəkilləri öz funksiyalarını həyata keçirməkdən çəkindirməyə, onların gözünün qorxudulmasına, mutiləşdirilməsinə çalışır. AR Baş Prokurorunun birinci müavininin həyata keçirdiyi belə siyasət vəkillərin prokurorluğa tabe etdirilməsinə, ölkədə qorxu mühitinin formalaşdırılmasına yönəlib. Baş Prokurorluq kimi bir qurumda yüksək pillə tutan bir şəxsin belə addımları yalnız bu quruma inamsızlıq yaratmır, eyni zamanda ölkəmizi, soz zamanlar baş verən ciddi dəyişikliklərin fonunda qabaqcıl dünyanın gözündən salır, Azərbaycanın yaxından əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrdə problemlər yaratmağa xidmət edir". Vəkil prezidrntdən Rüstəm Usubovun ona qarşı atdığı qanunsuz addımların ədalətli araşdırılmasına, belə hallara son qoyulması üçün gərəkli addımların atılmasına göstəriş vermənizi xahiş edib. Məsələ ilə bağlı Vəkillər Kollegiyasından və Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun