Avropa məhkəməsi Rafiq Tağının işi ilə bağlı qərarını elan edib

Avropa məhkəməsi Rafiq Tağının işi ilə bağlı qərarını elan edib
5 Dekabr 2019
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün mərhum publisist Rafiq Tağının və onun həmkarı Samir Hüseynovun (Sədaqətoğlu) şikayəti üzrə qərarını elan edib. Şikayət "Sənət" qəzetində 2006-cı ildə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə publisistin həbsi ilə bağlı verimişdi. Məqalədə Tağı islam və xristianlığı mənəviyyat və humanizm nöqteyi-nəzərdən müqayisə edirdi. Məqalə dərc edildikdən sonra Tağıya və qəzetin redaktoru Samir Sədaqətoğluna qarşı dindarlar tərəfindən təzyiq başlayıb, onlar məqalədə Məhəmməd Peyğəmbərin təhqir olunduğunu hesab ediblər. İranda ayətullahlardan biri onların öldürülməsi fətvası verib. Bakıda məhkəmə hər ikisini CM-in 283.2.2-ci (dini ayrı-seçkilik salma) maddəsi ilə təqsirli bilib və Tağını 3, Sədaqətoğlunu 4 il müddətinə azadlıqdan məhrum edib. 2007-ci ilin sonlarında hər ikisi Azərbaycan prezidenti tərəfindən əvf olunub. AİHM bu işdə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (fikir azadlığı) maddəsinin pozulduğu qənaətinə gəlib. 2011-ci ildə Tağının vəkili AİHM-yə müraciət edib. Şikayətdə deyilirdi ki, dövlət müttəhimlərin dini etiqad və ifadə azadlığına müdaxilə edib. AİHM Tağının həyat yoldaşına və Sədaqətoğluna ümumilikdə 12850 avro məbləğində kompensasiya ödənilməsi haqqında qərar verib. 2011-ci il noyabrın 19-da Tağı naməlum şəxsin hücumuna məruz qalıb, o, publisistə çoxsaylı bıçaq xəsarətləri yetirib. 4 gün sonra Tağı xəstəxanada dünyasını dəyişib. Bu cinayətin üstü indiyədək açılmayıb. Tağı ölümündən əvvəl ona qarşı hücumu İran siyasi hakimiyyətinin tənqidi ilə əlaqələndirib. Cinayətin üstünün açılmaması ilə bağlı şikayət AİHM-də kommunikasiya prosesindədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun