ABŞ-a köçən Zeynəb Xanlarova orda öz adına fond təsis edib

Deputat Zeynəb Xanlarova ABŞ-ın Nyu-York ştatında adına fond qeydiyyatdan keçirib. 

Abzas xəbər verir ki, bu barədə Birləşmiş Ştatların açıq hökumət portalında qeyd edilib. Məlumata görə, fond 2012-ci ildə qeydiyyatdan keçirilib və hazırda da fəaliyyət göstərir.

“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.

Bu sözləri isə Milli Məclisinin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova sənətçinin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən Modern.az saytına deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: “Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.

Dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. O, uzun illərdir Azərbaycan Milli Məclisinin deputatıdır. Belə ki, Xanlarova 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.