Zakir Qaralovun keçmiş köməkçisi pensiyaya görə hökumətlə məhkəməyə davasındadır

Zakir Qaralovun keçmiş köməkçisi pensiyaya görə hökumətlə məhkəməyə davasındadır
11 Noyabr 2019
Mətni dəyiş

Baş prokuror Zakir Qaralovun köməkçisi olmuş Hafiz Babayev məhkəməyə üz tutub. Aldığı pensiyanın azlığından şikayətlənən H.Babayev Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsini məhkəməyə verib. Bu məsələyə görə 2 il məhkəmə yollarında qalıb.

H.Babayev 25 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib – Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqindən tutmuş, Astara və Goranboy rayonlarının prokuroru, Bakı şəhər prokurorunun birinci müavini, Baş prokurorun köməkçisinə qədər...

Azadlıq Radiosunun məlumatına görə, H.Babayev 2014-cü ildə yaş həddi ilə əlaqədar işdən çıxarılıb. Amma o, 2000-ci ildən pensiya alır. Həmin vaxt o, Hərbi Prokurorluqdan polkovnik-leytenant rütbəsində, istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən təqaüdə göndərilib - xidmət illərinə görə pensiyaya çıxıb.

O, ötən il Dövlət Sosial Müdafiə Fonduna müraciət edib ki, 2000-2007-ci illərdə aldığı pensiya Nazirlər Kabinetinin "Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 31 oktyabr 2002-ci il tarixli Qərarına uyğun hesablansın, aradakı fərq ona ödənilsin. Ancaq aldığı cavabdan narazı qalıb və məhkəməyə üz tutub.

Ali Məhkəmə xeyrinə qərar çıxarıb

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasını qismən təmin edib - 1 yanvar 2006-cı ildən 1 yanvar 2007-ci ilə qədərki dövrdə pensiyanın yenidən hesablanıb, fərqin ona ödənilməsinə qərar verilib. Baş prokurorun sabiq köməkçisini bu qərar qane etməyib, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi 2002-2007-ci illər ərzində pensiyanın yenidən hesablanıb, fərqin ödənilməsi barədə qərar çıxarıb. Bu qərar da narazılıq yaradıb və iş Ali Məhkəməyə gedib çıxıb. Ali Məhkəmə qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Apellyasiya Məhkəməsi bu dəfə birinci instansiya məhkəməsinin qərarını (2006-2007-ci illər üzrə fərqin ödənilməsi-red.) haqlı sayıb, onun qüvvədə saxlanmasına qərar verib. Bu qərara etiraz edən sabiq prokuror yenidən Ali Məhkəməyə üz tutub.

Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi bildirib ki, bu qurum 2007-ci ildən fəaliyyət göstərir. Ona görə də 2007-ci ildən sonrakı dövrlə bağlı pensiya fərqini hesablayıb H.Babayevə ödəyiblər.

Amma Ali Məhkəmə hesab edib ki, Fondun nə vaxtdan fəaliyyətə başlamasından asılı olmayaraq, pensiyanın düzgün hesablanmasına cavabdeh orqandır. Ona görə Ali Məhkəmə belə nəticəyə gəlib ki, 2002-2006-cı illər üzrə fərq nəzərə alınıb toplanmalı və H.Babayevə ödənilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun