Xalqların qlobal oyanışı və Boliviya dərsləri... - Şahin Cəfərli

Xalqların qlobal oyanışı və Boliviya dərsləri... - Şahin Cəfərli
13 Noyabr 2019
Mətni dəyiş

Xalqların qlobal oyanışı və Boliviya dərsləri...

Dünyanı etirazlar bürüyüb. İnsanlar problemlərin çarəsini bir araya toplanaraq küçə və meydanlarda öz etiraz səslərini ucaltmaqda görməyə başlayıb. Sosial media yeni bir fenomen kimi toplumlara, onların əhval-ruhiyyəsinə, düşüncələrinə təkcə dərindən təsir etməklə qalmır, həm də kütlələri yönləndirir, hətta təşkilatlandırır. Bu yeni reallıq inkişaf səviyyəsindən, siyasi sistemindən, idarəetmə formasından, sosial konstruksiyasındakı fərqlərdən asılı olmayaraq dünyanın hər yerində, bütün toplumlarda özünü göstərir, amma avtoritar rejimləri daha çox silkələyir.

İndiyədək avtokratik, despotik rejimlərin dayanıqlılığını təmin edən əsas amillərdən biri də bu olub ki, onlar informasiya axını üzərində inhisarçılıq quraraq alternativ düşüncənin yayılmasının qarşısını kəsiblər. Ənənəvi medianın total nəzarətə götürülməsi hakim siniflərə imkan verib ki, sehrbaz-illüzionistlər kimi bir anda müxalif düşüncəni və siyasi alternativləri görünməz, eşidilməz etsinlər. Əgər ortada alternativ yoxdursa, alternativ axtarışı ya olmur, ya da bu axtarışa girişənlər kompasını itirmiş gəmi kimi istiqamətini seçməkdə çətinlik çəkir. Əvvəlcə yeni, alternativ mediaya çox da önəm verməyən, yaxud bu fenomeni anlamaqda gecikən yuxarılar aşağıların nəzarətdən kənar sosial şəbəkələşməsi və ağıllı informasiya texnologiyalarının ildırım sürəti ilə yayılaraq insanların gündəlik həyatının ayrılmaz parçasına çevrilməsindən sonra bu reallıqla barışmalı oldular və ona uyğunlaşımaq üçün cəhdlər göstərməyə göstərməyə başladılar. Amma bu, gedən qatarın son vaqonuna özünü çatdırmağa daha çox bənzəyir. Mütərəqqi dünya üçün tarixi nailiyyət bundan ibarətdir ki, informasiya məkanındakı qadağalar və məhdudiyyətlər artıq işə yaramır. Zaman və texnoloji tərəqqi özü antidemokratik rejimləri tərksilah etdi. Yaxın keşmişə qədər belə bir vəziyyəti təsəvvür etmək mümkün deyildi...

Zbiqnev Bjezinski hələ 2007-сi ildə bu tendensiyanı görərək dünyanı gözləyən sosial kataklizmi qlobal siyasi oyanış adlandırmışdı. Məşhur strateq bu oyanışın sosial olaraq güclü, siyasi baxımdan radikal, coğrafi baxımdan ümumdünya xarakterli olacağını söyləmişdi. Bjezinski insan ləyaqəti uğrunda mübarizəni kütlələri hərəkətə keçirən təməl məsələ kimi qeyd etmişdi. Yəni dərin sosial ədalətsizlik, insanların bir çox şeydən, o cümlədən hüquqlardan məhrum edilməsi insan ləyaqətinin alçaldılmasına bərabər hal sayılır və bu fikir doğrudur. Bu gün dünyada baş verənlərə nəzər saldıqda məşhur strateqin nə qədər haqlı olduğunu və hazırda planetin yaşadığı mərhələni öncədən nə qədər dəqiqliklə təsvir etdiyini görürük. Məsələn, yenicə iqtidar dəyişikliyinin baş verdiyi Boloviyanın nümunəsinə nəzər yetirək.

[caption id="attachment_83677" align="aligncenter" width="1200"] Boliviyada Evo Moralesin dördüncü dəfə prezident seçilməsinə etiraz edən yüzmüinlərlə xalq.[/caption]

Yoxsul Boliviya Evo Morales dövründə Cənubi Amerikanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Enerji bazarında yüksək qiymətlərin hökm sürdüyü 2014-cü ilə qədər təbii qaz ixracatçısı Boliviya orta hesabla ildə 4,9%-lik inkişaf tempinə nail oliub. 2017-ci ilə qədər yoxsul əhalinin sayı 60% azalıb, əhalinin artımında müsbət dinamika ələ edilib, orta ömür həddi yüksəlib. Lakin bütün bunlar Moralesin iqtidarda qalması üçün yetərli olmadı.

[caption id="attachment_83599" align="alignright" width="500"] Boliviyanın keçmiş prezidenti Evo Morales Meksikanın göndərdiyi təyyarə ilə ölkədən qaçarkən.[/caption]

2016-cı ildə keçirilən referendumda əhali Moralesin 4-cü dəfə prezidentliyə namizəd olmasına yox desə də, bu şəxs öz nəzarətindəki Ali Məhkəmə vasitəsilə refrendumun nəticələrini qanunsuz elan edərək bu ilin oktyabrında keçirilən seçkilərdə yenidən namizədliyini irəli sürdü. Üstəlik, tabeliyindəki seçki komissiyaları vasitəsilə nəticələri saxtalaşdıraraq ilk turda özünü qalib elan etdi. Əhalini qeyzləndirən də sosial-iqtisadi çətinliklər deyil, məhz Moralesin xalq iradəsinə etinasızlığı və hörmətsizliyi oldu. Yəni mərhum Bjezinskinin dediyi kimi, insanlar (boliviyalılar) çörək üçün yox, öz ləyaqətləri uğrunda mübarizəyə qalxdılar.

Boliviya dərsləri göstərir ki, hətta yaxşı işlər görən avtoritar liderlər də vaxtı çatanda getməyi bacarmalıdırlar. Paternalist münasibətlər (insanların qarnını doyurmağın müqabilində onların loyallığını qazanmaq) müəyyən mərhələyə qədər effekt verir, amma daimi olmur. Çünki vətəndaşlar sosial liftlərin maneəsiz işləməsini, cəmiyyətdə hər kəs üçün bərabər start imkanlarının olmasını, öz bacarıqlarına uyğun status və sosial mövqe əldə etmələrini, seçmə-seçilmə hüquqlarına sayğı duyulmasını istəyirlər. Konstitusiya və qanunları istədiyi kimi dəyişdirən liderlər gec də olsa, sonda kütlələrin qəzəbi ilə üzləşirlər. Bu dərslər yaxın tarixdə çox təkrarlanıb, amma nədənsə tez unudulur...

Şahin Cəfərli, politoloq

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir, saytın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun