'Səhhəti pisləşən Nardaran məhbusunu müalicə müəssisəsinə köçürülmür'

'Səhhəti pisləşən Nardaran məhbusunu müalicə müəssisəsinə köçürülmür'
4 Noyabr 2019
Mətni dəyiş

Nardaran hadisələri zamanı (2015-ci il 26 noyabr) həbs olunaraq 12,6 il azadlıqdan məhrum edilən 68 yaşlı Eldar Bünyadovun səhhətində problemlər yaransa da, müalicəyə göndərilmir.

Meydan TV xəbər verir ki, bu barədə hüquqşünas Samirə Ağayeva məlumat yayıb.

Hüquqşünas bildirib ki, Eldar Bünyadov Nardaran hadisələrindən 5 gün sonra evində həbs olunub və həmin vaxt fiziki zorakılığa məruz qalıb:

"Bu gün də qabırğalarına vurulan zərbənin təsirindən ağrılar yaşadığını bildirir. Məhkəmə bir çox maddələrlə Eldar Bünyadovu günahkar bilib, 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarı versə də, Bünyadov bu işin qurama olduğunu söyləyib. O, sifarişlə həbs olunduğunu elə məhkəmə salonundan söyləmişdi”.

Eldar Bünyadovun hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığını deyən hüquqşünas bildirib ki, məhbus uzun zamandır hipertoniya və diabet xəstəliyindən əziyyət çəkir. Böyrəklərindəki kəskin ağrılar, kistalar səbəbindən ayaqlarında şişkinlik hər ötən gün artmaqdadır. Şəkərin təsirindən bir gözü görmək imkanını itirmək ərəfəsində olduğu halda digər gözü də zəifləməyə başlayıb və o eynəkdən tam asılı vəziyyətə düşüb:

"Müəssisədə Eldar Bünyadovu müayinə ediblər. Gəldikləri qənaət belə olub ki, o tezliklə xəstəxanaya köçürülməlidir. Ötən həftədən köçürülmə haqqında mərkəzin göstərişi olsa da, bu günə qədər hələ də heç bir səbəb göstərilmədən Eldar Bünyadovun köçürülməsi yubadılır. 7 saylı müəssisənin baş həkimi Eldar Bunyadova deyib ki, hələ onun göndərilməsi haqqında hər hansı bir əmr yoxdur”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Mehman Sadıqov Meydan TV-yə deyib ki, məhkumların müayinə və müalicəsini Baş İdarə həyata keçirir. Əgər məhkumun Müalicə Müəssisəsinə keçirilməsi haqda həkim rəyi varsa, köçürülməlidir. Sadəcə, rəydə müddətlər göstərilir və həmin müddətdə məhbus xəstəxanaya göndərilir.

26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində polislə baş verən qarşıdurma nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədən sonra 14 nəfər həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun