Oqtay Gülalıyevin vəziyyəti sabit ağır olaraq qalır

Oqtay Gülalıyevin vəziyyəti sabit ağır olaraq qalır
8 Noyabr 2019
Mətni dəyiş
Oqtay Gülalıyevin vəziyyəti ağır və kritik olaraq qalır. O, komadan ayılmayıb. Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Füruzə Gülalıyeva Turan-a bildirib. “Oqtayın dünən təyyarə ilə Bakıdan İstanbula gətirilməsi zamanı onun səhhətində hər hansı dəyişiklik olmayıb. Vəziyyəti Azərbaycanda necə ağır idisə, elə də qalır, koma vəziyyətindədir. Həkimlər əllərindən gələni edirlər. Dünən süni nəfəs borusunu traxeya borusuna (nəfəs borusu) yerləşdirdilər. Həkimlər əllərindəın gələni edirlər, amma onun sağalması, ayağa qalxması ilə bağlı söz verə bilmirlər. Son durumu ağır və kritik olaraq qalır”, deyə o qeyd edib. Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da fəal baş beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olarsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun