Oqtay Gülalıyev süni nəfəs verən aparatdan ayrılıb, amma…

“Oqtay Gülalıyev özü nəfəs almağa başlayıb, süni nəfəs verən aparatdan ayrılıb, amma bu onun vəziyyətinin yaxşılaşması demək deyil”. 

Bunu noyabrın 8-də, günün ikinci yarısı AzadlıqRadiosuna hüquq müdafiəçisinin yoldaşı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, O.Gülalıyevin vəziyyəti kritik olaraq qalır:

”Oqtayın beyni ödəmlə doludur. Bu ödəm çəkilməlidir, beyin öz işini bərpa etməlidir ki, vəziyyəti yaxşılaşsın. Dünən həkimlər təkrar KT (kompüter tomoqrafiyası) elədilər. Həkimlər konsilium edib, ona iynə vurulacaq. Yalnız bundan sonra bilinəcək ki, Oqtayın beyninin funksiyasının açılmasının ehtimalı nə qədərdir?”

Oqtay Gülalıyev İstanbulda müayinə olunub

“Oqtay Gülalıyevin İstanbulun “Avrasiya” Klinikasında müalicəsi davam edir. Vəziyyəti isə ağır-sabit olaraq qalmaqdadır”.

Bunu bu gün, noyabrın 8-də hüquq müdafiəçisi O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, noyabrın 7-də “Avrasiya” Klinikasında O.Gülalıyevin baş-beyin nahiyəsi bir də müayinədən keçirilib.

Müayinənin nəticələri bu gün məlum olacaq. Amma həkimlər hələ ki, Oqtayın səhhəti ilə bağlı hər hansı açıqlama vermirlər”, – xanımı əlavə edib.

Oqtay Gülalıyevin vəziyyəti kritik olaraq qalır

“Oqtay Gülalıyev komadan ayılmayıb, vəziyyəti kritik olaraq qalır. Türkiyədə xəstəxanaya yerləşdiriləndən sonra səhhətində heç bir dəyişiklik olmayıb”.

Bunu bu gün, noyabrın 7-də O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

”Həkimlərin səylərinə baxmayaraq, Oqtay hələ də koma vəziyyətindədir. Onun sağalması ilə bağlı söz verə bilmirlər. Dünən, noyabrın 7-də süni nəfəs borusunu traxeya borusuna (nəfəs borusu) yerləşdirdilər”, – o əlavə edib.

O.Gülalıyev noyabrın 6-da Bakıdan xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.