Müsavat şəhərin mərkəzində 'sərbəst toplaşmaq azadlığı' tələbi ilə aksiya keçirib [video]

Müsavat şəhərin mərkəzində 'sərbəst toplaşmaq azadlığı' tələbi ilə aksiya keçirib [video]
12 Noyabr 2019
Mətni dəyiş
[embed]http://www.facebook.com/AbzasMedia/videos/868980446851020/[/embed] [embed]https://www.facebook.com/AbzasMedia/videos/436481317069677/[/embed]

Aksiyada saxlananların buraxıldığı bildirilir

Aksiyada saxlanan müsavatçılardan Qədir Nağiyev, Səxavət Soltanlı, Fərəc Kərimli, Elman Quliyev və başqa daha bir neçə şəxsin sərbəst buraxıldığı deyilir.

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətindən açıqlama verilib. Məlumata görə, bir neçə saxlanılanla əlaqə yarada bilmirlər.

Bildirilir ki, Niyaz Nəsir, Namiq Niftiyev və Razim Əmiraslanlıdan xəbər yoxdur. Razim Əmiraslanlının bir gün əvvəl, noyabrın 11-də saxlandığı açıqlanmışdı.

Hələlik, bu məlumatı Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Arif Hacılı buraxılıb

Müsavat Partiyasının başqanı Arif Hacılının sərbəst buraxıldığı bildirilir. Bu barədə Azadlıq Radiosuna A.Hacılının özü də məlumat verib.

Onun sözlərinə görə, bu gün, noyabrın 12-də günorta saatlarında onu yolda polis saxlayıb:

"Azadlıq prospektində Dövlət Yol Polisinin üç maşını maşınımızın yolunu kəsdi. Bir neçə polis işçisi və mülkigeyimli şəxs mənə yaxınlaşaraq bildirdilər ki, qərargaha gedə bilmərəm. Mən etiraz etdim və qərargaha, sonra isə piketə gedəcəyimi bildirdim. Onda mənə onlarla getməli olduğumu bildirdilər və Nərimanov rayonu 18-ci polis bölməsinə gətirdilər. Orada bir neçə saat otaqda saxlayandan sonra sərbəst buraxdılar".

A.Hacılının sözlərinə görə, partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli da sərbəst buraxılıb. Aksiyada və aksiyadan əvvəl saxlandığı bildirilən partiyanın digər üzvləri barədə isə heç bir məlumat verilmir.

***

Polisin açıqlaması

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının piketi ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Şəhər polisinin açıqlamasına görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müvafiq tələblərinə əsasən onlara aksiya yeri kimi Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazası təklif olunub:

"Onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar edilib. Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfər Bakı şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərib. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb".

Amma açıqlamada saxlananlar barədə heç bir qeyd yer almayıb.

***

Bu gün metronun "İçərişəhər" stansiyasının qarşısında, Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında Müsavat Partiyasının piketi baş tutub.

Abzas xəbər verir ki, Müsavat başqanının müavinləri Səxavət Soltanlı və Fərəc Kərimli piket başlayan kimi jurnalistlərə müsahibə verərkən polis tərəfindən saxlanılıblar.

Bir qədər sonra partiyanın Səbail rayon təşkilatının sədri Zakir İsmayılov saxlanılıb. O, jurnalistlərə aksiya başlamazdan əvvəl 17 partiya fəalının saxlanıldığını bildirib.

Piket iştirakçılarının tələbi 12 noyabr – Konstitusiya günündə, konstitusiyanın 49-cu madəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz olub.

Bu gün səhərdən Müsavat üzvləri ölkəboyu bir çox yerdə həbs ediliblər. Dünəndən isə başqan müavini Razim Əmiraslanlı yoxa çıxıb və onun haqqında heç bir məlumat yoxdur.

Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə yazıb ki, bu gün (12 noyabr - red.) partiya üzvləri Qəzənfər Baxışov, Mərdan Mehdili, Mustafa Hacıbəyli, Valeh Hümbətoğlu, Qədim Soltan, Ramiz Xəlil, Zakir Məmmədzadə, İsa Alıyev saxlanılaraq polis idarələrinə aparılıblar.

"Müsavat qərargahı mühasirədədir. Oraya gələnlər həbs olunur. Xanım işçilər sorğu-sual edilir. Bütün hakimiyyət ayaq üstədir. Konstitusiya Günü Konstitusiyanın 49-cu maddəsində göstərilən hüquqlarını tələb edənlər ölkə boyu təqib olunur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun