İctimai fəal Bəxtiyar Hacıyev Paşinyana çətin suallar ünvanlayıb [video]

İctimai fəal Bəxtiyar Hacıyev Paşinyana çətin suallar ünvanlayıb [video]
13 Noyabr 2019
Mətni dəyiş

[embed]https://www.facebook.com/bakhtiyar/videos/10157479020676421/[/embed]

Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Formunda çıxışı zamanı azərbaycanlı aktivist və bloqqer Bəxtiyar Hacıyevin suallarına cavab verib.

Noyabrın 12-də Fransada Bəxtiyar Hacıyev Paşinyana Qarabağla bağlı suallar ünvanlayıb:

"Mən hazırda Ermənistanın nəzarətində olan Vardenis rayonunda doğulmuşam. Amma təbii olaraq öz doğulduğum yerə gedə bilməmişəm. Siz münaqişə ilə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa Birliyi ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir".

Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdısa, o öz qələmini Paşinyana verə bilər. Baş Nazir əvvəlcə imtina etmək istəsə də, sonra qələmi Bəxtiyardan alıb.

“Bu, Azərbaycandan bir hədiyyədir”,- deyə  B.Hacıyev qələmi Paşinyana verib və sualına davam edib:

“Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş naziri kimi Xankəndində “Qarabağ Ermənistanındır” demisiz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?”

B.Hacıyev eyni zamanda xatırladıb ki, Azərbaycan Prezidenti “Dağlıq Qarabağ Azərbaycandır və nida” ifadəsini də işlədib.

Ermənistanın baş naziri Bəxtiyar Hacıyeva cavabında deyib ki: "İcazə verin ermənilərin Azərbaycanda, azərbaycanlıların Ermənistanda yaşadığı dövrlərdən danışım. Mən o dövrü yaxşı xatırlayıram. Ermənilər Azərbaycandan qovulub, bəzən paltarsız qaçıblar, amma Ermənistandakı azərbaycanlılar hökümətin qərarıyla avtobuslarla, polis müşayəti ilə Azərbaycana göndəriliblər".

Bəxtiyar Hacıyev meydan.tv-yə müsahibəsində deyib ki, Nikol Paşinyan sualıma tam cavab vermədi.

“Görüşdən sonra mənə yaxınlaşıb kimliyimi və haradan olduğumu soruşdu, cavab verdim ki, sual ətrafında çox şey danışdınız, amma sualıma cavab vermədiniz ki, Xankəndində səsləndirdiyiniz bəyanat sülh prosesinə necə töhfə verir. Çünki siz özünüzü Avropada sülh carçısı kimi göstərirsiniz, ancaq eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində belə bəyanat verirsiniz. Başa düşməlisiniz ki, bu, sülh prosesinə töhfə yox, zərər verir. Baş nazir bildirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən hansısa konstruktiv mesajlar gözləyir. Əgər belə mesajlar olarsa, onlar da konstruktiv mesajlar verə bilərlər. Amma Bakı güc ritorikasından istifadə edərsə, onlar da bundan istifadə edirlər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun