Hüquq müdfiəçiləri birgə bəyanat yaydı: “İşgəncələrə və digər qeyri-insani rəftara son verin”

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup BMT-nin İşgəncələr Əleyhinə Komitəsini və Avropa Şurasının İşgəncələr və Qeyri-İnsani Rəftara qarşı Komitəsini ölkədə siyasi motivli işgəncə hallarına reaksiya verməyə çağırıb.

“Biz sərbəst toplaşmaq azadlığından istifadə edən insanların həbs edilməsini, ağır işgəncələrə və digər qeyri-insani rəftara məruz qalmasını şiddətlə qınayır, təəssüflə bildiririk ki, Azərbaycanın üzvü olduğu BMT, ATƏT və Avropa Şurası kimi qurumların müvafiq strukturları bu hallarla bağlı susqunluq nümayiş etdirir. Məhz bu cür qurumların müdaxiləsi nəticəsində hazırda həbsdə olan və ya aksiyalar zamanı saxlanılan şəxslərin azad olunacağına, siyasi fəallara və jurnalistlərə qarşı zorakı və qeyri-insani rəftara yol verən polis əməkdaşlarının məsuliyyətə cəlb olunacağına ümid edirik”, deyə müraciətdə bildirilir.

Müraciət müəllifləri son bir ay ərzində ölkədə fərqli siyasi baxışlarını dinc etiraz formasında ifadə edən vətəndaşlara qarşı müxtəlif dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən siyasi təqiblər və təzyiqlərin artmasının şahidi olduqlarını bildirir.

Sənəddə Milli Şuranın oktyabrın 19-da və qadınların oktyabrın 20-də keçirdiyi aksiya zamanı zorakılıq halları və inzibati həbslərdən bəhs edilir.

Belə ki, 19 oktyabr mitinqi ilə əlaqədar 31 nəfər inzibati həbsə məruz qalıb, iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ölkəmizdə böhran yaşandığını bəyan edən müəlliflər siyasi fəallara qarşı amansız üsulların, o cümlədən işgəncə hallarının dayandırılması və sərbəst toplaşmaq azadlığının təmin olunması üçün beynəlxalq təşkilatların müdaxiləsini vacib sayırlar.

Müraciəti imzalayanlar aşağıdakı istiqamətlərdə tədbirlərin təşkilini vacib hesab edir:

– BMT-nin İşgənclər Əleyhinə Komitəsi və Avropa Şurasının İşgəncələr və Qeyri-İnsani Rəftara qarşı Komitəsi fakt-araşdırıcı missiya yaradaraq, Azərbaycana ilin sonunadək səfər etməsi təmin edilsin;

– Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin nəzdində olan saxlanma yerlərində və istintaq təcridxanalarında yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların şəffaf şəkildə monitorinq aparmaq imkanı yaradılsın;

– İşgəncələrə məruz qalmış şəxslərin, o cümlədən siyasi fəalların şikayətlərində adı keçən şəxslərin cəzalandırılması üçün Azərbaycan hüquq mühafizə orqanlarının açıqlamaları qiymətləndirilsin.

Müraciətin surətləri Azərbaycan prezidentinə, ombudsmanına, BMT-nin İnsan Hüquqları Şurasına, AŞPA-ya, Avropa Şurasının insan hüquqları üzrə komissarına, ATƏT DTİHB-yə və Avropa Parlamentinə göndərilib.

Müracəti 21 nəfər, o cümlədən hüquq müdafiəçiləri, fəallar, blogerlər və jurnalistlər: Arzu Abdullayeva, Anar Məmmədli, Rəsul Cəfərov, Akif Qurbanlı, Bəşir Süleymanlı, İntiqam Əliyev, Mehman Əliyev, Yalçın İmanov, Rövşən Hacıbəyli, Xalid Ağaliyev, Xədicə İsmayılova, Mehman Hüseynov, Qubad İbadoğlu və başqaları imzalayıblar.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti hüquq-mühafizə orqanları tərəfindən işgəncə praktikasını inkar edir.