Boliviya prezidenti ölkədən qaçıb: Meksika ona sığınacaq verib

Boliviya prezidenti ölkədən qaçıb: Meksika ona sığınacaq verib
12 Noyabr 2019
Mətni dəyiş

Kütləvi etirazların ardınca istefa verən Boliviya prezidenti Evo Morales Meksikanın ona sığınacaq vermə təklifindən sonra ölkəsini tərk edib.

Məlumata görə, ölkədə Morales və həkimiyyətinə kütləvi etiraz aksiyalarınisə hələ də davam edir.

Bir neçə həftədir Boliviyada ordu və polisin də qatıldığı etirazlardan sonra prezident Morales tvitter hesabında bir açıqlama yayaraq ölkədən qaçıb. O açıqlamasında deyib ki, Bolivyanı tərk etmək onun ürəyini ağrıdır, amma yaxın zamanda daha güclü və enerjili halda ölkəyə geri qayıdacaq.

60 yaşlı Morales Boliviya xalqından zorakılıq edib hüquqi dövləti yıxmaq əvəzinə sülhü qorumağı rica edib.

Müxalifətin Koçabambadakı evinə hücum etdiyini, Villa Viktoriyadakı evini isə yandırmağa çalışdığını deyən Morales, özünün isə həmin gecəni tərəfdarları ilə birgə keçirdiyini və gecə döşəmənin üstündə yatdığını bildirib.

Meksika xarici işlər naziri Marsello Ebrard bəyanatında deyib ki, Moralesin həyatının öz ölkəsində təhlükə altında qaldığını gördükləri üçün ona sığınacaq təklif ediblər.

Bildirilir ki, Moralesin ölkədən çıxmaq üçün hətta öz təyyarəsi də olmayıb. O, Meksikanın yolladığı təyyarəyə minərək ölkədən çıxıb.

Morales isə ölkəni tərk etməzdən öncə uzun illər həmkarlar təşkilatının rəhbəri kimi işlədiyi Koçabambaya köçəcəyini elan etmişdi. Onun evi yandırıldıqdan sonra isə Meksika onu ölkədən çıxarmağa qərar verib.

İndi Evo Moralesin boşalmış prezidentlik yerini ölkə senatının rəhbəri Ceanin Anez tutacaq.

Moralesin ölkəni tərk etməsinə səbəb olan hadisələr zənciri oktyabr ayının 20-də keçirilən prezident seçkiləri ilə başlamışdı.

Morales dördüncü dəfə prezident seçiləndən sonra qələbəsini elan etmiş, müxalif rəqibi Karlos Mesa isə seçkilərin saxtalaşdırıldığını elan edərək ölkə boyu etiraz aksiyalarına başlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun