Bibiheybətdə torpaq sürüşüb, yol bağlanıb [Fotolar]

Bibiheybətdə torpaq sürüşüb, yol bağlanıb [Fotolar]
25 Noyabr 2019
Mətni dəyiş

Güclü yağışlardan sonra noyabrın 24-dən 25-nə keçən gecə Bibiheybətdən paytaxta gələn istiqamətində torpaq sürüşməsi baş verib və yolun bir hissəsi tamamilə dağılıb.

Məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də təsdiqləyib.

Onun sözlərinə görə, bu hadisə "Bibiheybət" məscidindən aşağıdakı hissədə sürüşmə nöqtəsində baş verib:

"Təbii ki, sürüşmədir. Sürüşmə nöqtələrində biri də həmin ərazidən keçir. Əməkdaşlarımız bir-iki gün öncə həmin ərazidə yolda çatların əmələ gəlməsini müşahidə ediblər, həmin ərazi nəzarətə götürülüb".

Rəsminin açıqlamasına görə, noyabrın 24-ü axşam saat 19:20 radələrində yol hərəkət üçün tamamilə bağlanıb.

"Səhərə yaxın isə sürüşmə baş verib. Agentliyin və aidiyyəti qurumların əməkdaşları hazırda ərazidədir, əraziyə baxış keçirilir, tədbirlər müəyyənləşdirilir".

A.Nəcəfli deyib ki, sürüşmə yolun 100 metrlik hissəsindədir, bir hərəkət zolağı tamamilə dağılıb:

"Amma bu o demək deyil ki, digər hərəkət zolaqları üçün təhlükə yoxdur. Yolun həmin hissəsinin tamamilə dağılmasını və yağışlı havaların davam etməsini nəzər alaraq, təhlükəsizlik baxımından yola giriş tam olaraq məhdudlaşdırılıb".

Mətbuat xidmətinin rəhbəri təmirin nə zaman başa çata biləcəyini indidən söyləməyin mümkünsüz olduğunu vurğulayıb.

Səhər saatlarında isə hadisə yerinə  baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov və Fövqəladə Hallar Nazirinin birinci müavini Rəfail Mirzəyev gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun