Bakı Dövlət Universitetinin rektorunu niyə güllələdilər? - Elnur Astanbəyli

Bakı Dövlət Universitetinin rektorunu niyə güllələdilər? - Elnur Astanbəyli
30 Noyabr 2019
Mətni dəyiş

1-ci epizod

Biz 1937-ci il repressiyasının qurbanlarından danışarkən daha çox milli düşüncəli, hətta həyatlarının müəyyən bir hissəsi Azərbaycan Cümhuriyyəti və ya onun qurucuları ilə kəsişmiş insanları xatırlayırıq.

Lakin həmin mənəvi və fiziki terrorun Azərbaycanda işğalçı Sovet hakimiyyətinin qurulmasında, yaxud möhkəmlənməsində iştirak etmiş şəxslərdən də yan keçdiyini unuduruq.

Halbuki tarixi ibrət mənasında bu cür qurbanları da xatırlatmaqda fayda var.

Onlardan biri də gənc yaşlarında Kommunist Partiyası sıralarına daxil olan və indiki Bakı Dövlət Universitetinin, o vaxtkı adı ilə Azərbaycan Dövlət Universitetinin (ADU) 1935-1937-ci illərdə rektoru postunu tutmuş Balabəy Həsənbəyovdur.

1899-cu ildə Gəncədə anadan olan, Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil alan Həsənbəyov sovetləşməyə böyük ümid bəsləyənlərdən biri idi, ADU rektoru təyin edildikdən sonra isə ölkənin ilk ali məktəbində “siyasi tərbiyə” işinə xüsusi əhəmiyyət verirdi.

[caption id="attachment_84107" align="aligncenter" width="624"] Balabəy Həsənbəyov[/caption]

Nəticədə bu universitet elm ocağı olmaqdan çıxır, böyük sürətlə Kremldən diqtə olunan “ideoloji-siyasi tərbiyə sistemi”nin parçasına çevrilirdi.

Erkən yaşlarda Kommunist Partiyasının sıralarına keçən, ADU rektoru təyin edilənədək isə iqtisad elmi sahəsində doktorluq səviyyəsinə yüksələn Həsənbəyovun bu səyi bəlkə də anlaşılandır: eyni proses təkcə ADU-da deyil, xüsusilə 1936-cı ildən etibarən sovet məkanının demək olar, bütün təhsil müəssisələri üçün keçərli idi.

Lakin yəqin ki, həmin təhsil müəsssisələrinin rəhbərləri arasında Balabəy Həsənbəyovun aqibətini yaşayanları barmaqla saymaq olar.

2-ci epizod

Tarixçi Ziya Bünyadovun “qırmızı terror” adlandırdığı 1937-ci il repressiyasına dair araşdırmasından belə görünür ki, 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsinə 1919-cu ildə, yəni 20 yaşında Azərbaycan K(b)P-nin üzvü olmuş Balabəy Cabbar oğlu Həsənbəyov haqqında arayış daxil olub.

Arayışda deyilirdi: “Tixomirov və Çiçikalovun ifadələrindən müəyyənləşdirilmişdir ki, onlar Həsənbəyovla əksinqilabi trotskiçi əlaqədə olmuşlar. Həsənbəyov müxtəlif məsələlər üzrə partiyanın yeritdiyi xəttə əksinqilabi trotskiçi böhtanlar atmışdır.

Tixomirov göstərmişdir ki, 1936-cı ildə Həsənboyov marksizm-leninizm institutunun işçilərinin və tələbələrinin par­tiya iclasında əksinqilabi trotskiçi kimi çıxış etmişdir.

Həmçinin aydın olmuşdur ki, Həsənbəyov universitetdə millətçi əhval-ruhiyyəli şəxslərdən – Ağamir Məmmədov, Heydər Verdiyev, Abdullayev və başqalarından ibarət bir dəstə yaratmışdır.

Göstərilənlərə əsasən B.C.Həsənboyov həbs edilməli və Azərbaycan SSR CM-nin 72-73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

3-cü epizod

Yuxarıdakı arayışda adları keçən Tixomirov və Çiçikalov kimdir?

1988-ci il təvəllüdlü Boris Nikolayeviç Tixomirov ADU-nun tarix fakültəsinin dekanı, eləcə də SSRİ tarixi kafedrasının müəllimi, professor idi.

1936-cı il dekabrın 2-də həbs olunmuş və 1937-ci il oktyabrın 13-də güllələnmişdi.

Çiçikalova  gəlincə: o, ADU-nin siyasi iqtisad kafedrasının professoru idi. Tixomirovdan daha əvvəl – 1937-ci ilin 12 noyabrında repressiya qurbanına  çevrilmişdi.

4-cü epizod

Haqqında yuxarıdakı arayış verildiyi gün Balabəy Həsənbəyov həbs edilir.

Bundan təxminən üç ay sonra, 1937-ci il aprelin 16-da “XDİK orqanları tərəfindən tutulmuş partiya düşməni və əksinqilabi trotskiçi” kimi 20 yaşında üzvü olduğu partiyanın sıralarından çıxarılır.

Həbs edildiyi günün ertəsi – yanvarın 29-da birinci istintaqda Həsənbəyovdan “əksinqilabi millətçi təşkilatın üzvü” olduğunu etiraf etməsi istənilir.

Cavab: “Mən heç vaxt heç bir əksinqilabi millətçi təşkilatın üzvü olmamışam. Həmişə əksinqilabi millət­çiliyə qarşı mübarizə aparmışam”.

Müstəntiqin suallarından biri “Əksinqilabçı millətçilərdən kimləri tanıyırsınız?” olur.

Cavab: “Rəsmi mənbələrdən mənə məlum idi ki, keçmişdə milli-təmayülçülüyə Xuluflu, Xanbudaqov, Cəbiyev, Qədirli, S.M.Əfəndiyev, Talıblı qoşulmuşdular. Mən isə heç bir qeyri-leqal əksinqilabi iş aparmamışam və bunu mənə on milyonlarla adamlar desələr də, inanın ki, yalandır”.

5-ci epizod

Lakin təbii ki, istintaq Həsənbəyova inanmır.

Onun üçüncü dindirməsindən (5 aprel, 1937-ci il) aşağıdakı parça diqqətçəkicidir.

Müstəntiq: “Axtarış zamanı sizdən əksinqilabçı Trotskinin əsərlərindən götürülmüş sitatlar tapılmışdır. Bunlar kim tərəfindən yazıl­mışdır?”.

Cavab: “Özüm yazmışam”.

Müstəntiq: “Nə üçün?”.

Cavab: “Bunlar mənə 1931-ci ildə yazdığım “Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi” adlı elmi işim üçün lazım olmuşdur”.

Müstəntiq: “Bəs bu sitatları sonra nə üçün saxlamışdınız?”.

Cavab: “Sadəcə olaraq onlara fikir verməmişdim”.

Müstəntiq: “Cavabınız bizi qane etmir. İstintaq sizin əksinqilabi sənədlər saxladığınızı müəyyən etmişdir. Bizə məlumdur ki, siz 1936-cı ilin əvvəllərində marksizm-leninizm institutunda keçirilən partiya yığıncağında xalqımızın rəhbəri Leninə və Stalinə qarşı əksinqilabi çıxışlar etmişsiniz. Bunu boynunuza alırsınızmı?”.

Cavab: “Rədd edirəm”.

Müstəntiq Həsənbəyova başqa bir müttəhim – Tixomirovun ifadəsini xatırladır.

Bu zaman ADU-nin keçmiş rektoru belə cavab verir: “Partiya iclasında mənə irad tutdular ki, mühazirələrimdə Lenin və Stalinin əsərlərindən az sitatlar gətirirəm. Mən isə onlara cavabımda dedim ki, məsələ sitatlarda deyil, onun mahiyyətindədir, əsaslandırılmasındadır. Axı hamı çalınan bir havanın altında oynaya bilməz. Bu cavabımla mən xalqımızın rəhbəri Lenin və Stalinə qarşı heç bir əksinqilabi mövqedə olduğumu etiraf edə bilmərəm”.

6-cı epizod

İndi isə bir qədər geriyə qayıdaq.

Həsənbəyov barədə tədqiqatlardan belə məlum olur ki, 1936-cı ilin sonlarında Azərbaycan SSR Xalq Maarif Komissarlığının xüsusi komissiyası ADU-nun fəaliyyətini təftiş etməyə başlayır. Yoxlamalar nəticəsində universitetdə “ciddi nöqsanların aşkarlandığı” qeyd edilir, universitet rəhbərliyinin yarıtmaz fəaliyyətinə diqqət çəkilir.

ADU-da qaydasında olmayan nə idi?

Universitet marksizim-leninizmin əsaslarının öyrənilməsi və təbliğinə xüsusi diqqət ayırırdı, tələbələrin hakim quruluşa uyğun “ideya-siyasi tərbiyəsi” başlıca hədəflərdən biri idi, elə isə ali məktəb rəhbərliyi nəyi “yarıtmamışdı”?

İstintaq materiallarından belə görünür ki, Həsənbəyov sovetləşməyə böyük ümidlər bəsləsə, kommunizmə dərin inamla yanaşsa da, təbiəti etibarilə “kor-koranə” itaətçi deyildi, elə onun  yuxarıda oxuduğunuz, istintaqa söylədiyi “Partiya iclasında mənə irad tutdular ki, mühazirələrimdə Lenin və Stalinin əsərlərindən az sitatlar gətirirəm. Mən isə onlara cavabımda dedim ki, məsələ sitatlarda deyil, onun mahiyyətindədir, əsaslandırılmasındadır” sözlərini də bir az bu müstəvidə qəbul etmək lazımdır.

7-ci epizod

Tarix baxımından xeyli ibrətamizdir ki, Həsənbəyovun dördüncü dindirilməsi Azərbaycaan Cümhuriyyətin ildönümünə – 28 maya (1937-ci il) təsadüf edirdi, həmin dindirmə zamanı isə müstəntiqlə ADU-nin keçmiş rektoru arasında növbəti maraqlı suual-cavaab baş vermişdi.

Müstəntiq: “Ağamir Məmmədovu tanıyırsınızmı? Onun əksinqilabi millətçi mövqelərindən sizə nə məlumdur?”.

Cavab: “Ağamir Məmmədovun əksinqilabi millətçi mövqeyi haqqında mən heç nə bilmirəm”.

Müstəntiq: “Çiçikalov isə ifadəsində demişdir ki, Həsənbəyov əksinqilabi millətçi Ağamir Məmmədovla müntəzəm əlaqə saxlayır, onun əksinqilabi millətçi görüşlərini siyasi cəhətdən tamamilə düzgün hesab edir. Bu ifadə ilə siz düz danışmamaqda ifşa olunursunuz”.

Cavab: “Yalandır!”.

8-ci epizod

Balabəy Həsənbəyov dörd dindirmənin hamısında ona yönəldilən suçlamalaarı bu cür qətiyyətlə inkar edir.

İstintaqın bircə yolu qalır: işgəncə!

Keçmiş rektora olmazın fiziki əzablar verilir.

Və bu da nəticə!

Beşinci dindirmədən: “6 aydan çoxdur ki, özümün əksinqilabi trotskiçi və əksinqilabi millətçi təşkilatlarda iştirakımı boynuma almayaraq istintaqa qəti müqavimət göstərdiyimi etiraf edirəm. Lakin indi Kommunist Partiyaslı, Sovet hökuməti və sovet xalqı qarşısında əksinqilabi mübarizədən əl çəkərək hər şeyi açıb söyləməyi qərara aldım... Boynuma alıram ki, mən əksinqilabi trotskiçi və əksinqilabi millətçi təşkilatların üzvü olmuşam... Əksinqilabi trotskiçi təşkilata mən 1936-cı ilin əvvəllərində trotskiçi Çiçikalov tərəfindən cəlb olunmuşam”.

Həsənbəyov hətta “etiraf edir” ki, 1936-cı ilin yazında Çiçikalov  ona əksinqilabi trotskiçi təşkilat tərəfindən Kalininə (1922-ci ildən 1938-ci ilədək SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri),  Voroşilova (1925-ci ildən 1940-cı ilədək SSRİ-nin hərbi naziri) və Bağırova (1933-cü ildən 1953-cü ilədək Azərbaycan KP MK-nın I katibi) qarşı terror hazırlandığını söyləyib. O, üstəlik bunu da “boynuna alır” ki, “mən Çiçikalovun terrorist görüşlərdə şərik idim və terroru Kommunist Partiyasına və Sovet hökumətinə qarşı mübarizə vasitələrindən biri hesab edirdim”.

Altıncı istintaqda isə Həsənbəyov “əksinqilabi millətçi təşkilata 1936-cı ilin baharında Mirzə Məmmədov tərəfindən cəlb olunduğunu” söyləməyə məcbur olur.

Müstəntiqin reaksiyası: “İstintaq müəyyən etmişdir ki, üzvü olduğunuz əksinqilabi millətçi təşkilat öz qarşısına Azərbaycanın SSRİ-dən ayrılması vəzifəsini qoymuşdur. Bu barədə niyə susursunuz?”.

Keçmiş rektorun cavabı: “Mənə bu barədə Mirzə Məmmədov danışmışdır”.

9-cu cavab

Nəhayət, 1937-ci il oktyabrın 11-də, saat 17:45-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasında Balabəy Həsənbəyovun bağlı məhkəmə iclası keçirilir.

O, burada özünü ittiham olunduğu maddələrlə özünü “günahkar bilir”, son sözdə isə sadəcə, günahının yüngülləşdirilməsini xahiş edir.

Məhkəmə vur-tut 15 dəqiqə çəkir.

Həsənbəyov ən ağır cəzaya – güllələnməyə məhkum edilir.

Cəmi bir gün sonra isə güllələnir.

Aradan 19 il keçir, bu qanlı hökm 1956-cı il sentyabrın 15-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə ləğv edilir və “cinayət tərkibi olmadığına” görə iş xətm olunur.

Nə qədər dəhşətlidir, deyilmi? Bir insana, bir alimə qorxunc işgəncələrlə “cinayətkar” olduğunu etiraf etdirir, sonra güllələyir, lap axırda da onun günahsızlığına qərar verirsiniz.

Daha dəhşətlisi isə odur ki, adamların taleyi ilə bu qədər asan oynaya bilən bir rejimin hələ də xiffətini çəkənlər var.

Hansı ki, hətta bu amansız rejimin qurulmasında, güclənməsində iştirak edənlərə, can qoyanlara belə güzəştə getməyib, onları gözünü qırpmadan, “uf” demədən ölümə göndərməyindən belə, dərs çıxarmaq istəmirlər.

Elnur Astanbəyli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun