Azad ev - Seymur Baycandan [hekayə]

Azad ev - Seymur Baycandan [hekayə]
27 Noyabr 2019
Mətni dəyiş
Onların evində hər bir uşağın arzusunda olduğu azadlıq havası vardı. Bizi də o evə çəkən bu azadlıq havası idi. Kim nə vaxt, harada istəyirdi, yatırdı. Kim nə vaxt istəyirdi, yeyirdi. Onlar daha çox kartof soyutması, kartof qızartması, kartof püresi, qayğanaq, soyutma yumurta, yayda qarpız-yemiş, pomidor-xiyar, pendir, qışda borş, xəmir yeməkləri yeyirdilər. Bibim evdə səliqə-sahmana fikir verən qadınlardan deyildi. Həmişə evin ortasında çoxlu kirli, əzik-üzük paltarlar tökülüb qalırdı. Əşyaların üstündə bir qarış toz olurdu. Masanın üstündə çörək qırıntıları, qəzet parçaları, konserv qutuları bir-birinə qarışırdı. Baxan oldu-olmadı, televizor daima işləyirdi. Üstəlik, radioda da diktor nəsə qırıldadırdı. Evdə hökm sürən pintilik heç da narahat etmirdi. Əksinə, bu evi təmiz təsəvvür etmək mümkün deyildi. Deyəsən, pintilik bu evə yaraşırdı. Evdə çoxlu siçanlar vardı və evin sakinləri siçanlarla səmimi bir dostluq havası içərisində yaşayırdılar. Divarlardan boz və tozlu hörümçək torunun saçaqları sallanırdı. Torlarda həmişə qurumuş milçək ölüsü olurdu. Hətta hörümçək torlarının birindən sarı filtrli siqaret kötüyü ilişib qalmışdı. Bu azad ev ildə bir dəfə bibimin universitetdə müəllim işləyən qardaşı şəhərdən rayona qonaq gələndə düz-əməlli yığışdırılırdı. Bütün otaqların döşəmələri yuyulurdu. Pəncərələr silinirdi. Xalça-palazı bayıra atıb tozunu çırpırdılar. Düzünü desəm, təmizlik bu evin azad havasına xələl gətirirdi. Bibimin qardaşı sanatoriyada da, kurortda da dincələ bilərdi. Lakin o, yay tətilində mütləq bibimgilə gələrdi. Çünki bacı-qardaş hədsiz dərəcədə bir-birlərini çox istəyirdilər. Bibim universitetdə müəllim işləyən qardaşıyla fəxr edirdi. Bacısı uşaqları da dayılarını həddindən artıq sevirdilər. Onun gəlişi bayrama çevrilərdi. Uşaqdan tutmuş böyüyə qədər hamıya hədiyyə gətirərdi. Bacısı uşaqları bir-birlərinə aman vermədən onun qulluğunda durmaq istəyirdilər. Onun hər bir istəyi anındaca böyük həvəslə yerinə yetirilirdi. Bibimin qardaşı yumru, balacaboy, keçəl, şalvarı göbəyinə qədər qaldıran, nazik ayaqlı bir kişi idi. Adətən, fransız romanlarında bütün notariusları ucdantutma belə təsvir edirlər. Yumru, enlisifət, balacaboy, nazik ayaqlı... Mən ondan soruşurdum: - Sən nə işləyirsən? O isə deyirdi: - Sən orta məktəbi bitirib universitetə girəcəksən, bax, onda mən sənə universitetdə dərs deyəcəm. Universitet - bu söz mənim üçün necə də dəhşətli səslənirdi. İlahi, mən orda necə oxuyacam?! Bu ki dəhşətdir... Azad ev təpənin başında yerləşirdi. Ev bir az torpağa girmişdi. Sanki, ağır, nəhəng bir qüvvə evin başından basıb torpağa soxmuşdu. Hasar əyri-üyrü idi. Müxtəlif ölçülü taxtalar bir-birinə necə gəldi mıxlanmışdı. Evin taxta döşəməsi aralanmışdı, pilləkən əsim-əsim əsirdi. Addım atanda otağı səs-küy bürüyürdü. Toyuq hininin damını cır əncir kolları basmışdı. Kolların kökləri hinin damını ordan-burdan sıxışdırıb çatlatmışdı. Evdə yekə-yekə kişilər ola-ola hər şey beləcə uçulub dağılırdı. Heç kimin heç nə vecinə deyildi. Hər kəsin başı içməyə, öz əyləncəsinə qarışmışdı. Gecələr avtovağzal idarəsinin, aşağıda dumanın içində gözə görünməyən evlərin işıqları közərirdi. Adama elə gəlirdi ki, nə qədər yol getsən də, bu uzaq, sakit işıqlara çatmaq mümkün olmayacaq. Yazda ağaclar yarpaqlayanda bağların hasarlarını görmək olmurdu. Bağlar bir-birinə qarışaraq böyük bir yaşıllığa çevrilirdi. Lakin ilin dörd fəslində - yazda, yayda, payızda, qışda həyətlərdən tüstü sütunları yüksəlirdi. Bu sütunlar uzanaraq göydə buludabənzər bir şəkil alır və əriyirdi. Yay aylarında ortancıl əmioğlum həyətdə ağacların altında yatırdı. O, Robinzon Kruzo kimi ağacların altında özünə balaca yaşayış məskəni qurmuşdu. Kiçik əmioğlum isə evin qabağında taxtaların üstündə köhnə maşın oturacaqlarından özünə yataq düzəltmişdi. Mən dərsdən çıxanda azadlıq havası hökm sürən evə gəlirdim. Qızmar gündən və çox yorulandan sonra sərin suda çimib dincələn adam özünü necə hiss edirsə, mən də burda, azad evdə özümü çox rahat hiss edirdim. Yaşda özümdən böyük əmimin oğlanlarını müşahidə etmək, onların əyləncələrinə, oyunlarına baxmaq mənim üçün hədsiz dərəcədə maraqlı idi. Onlar bəzən həyətdə ağacların arasında, otların üstündə güləşirdilər. Bu yekə oğlanların güləşməsinə baxmaq nə qədər gözəl idi! Qardaşlardan birinin balaca maşını vardı. Bizi bu maşına mindirib rayon küçələrində gəzdirərdi. Uşağa xoşbəxt olmaq üçün bundan savayı nə lazımdır ki?! Xüsusən, qış aylarında onların evi daha maraqlı olurdu. Əmim üç litrlik bankada arağı qarşısına qoyub bəzən tək, bəzən də oğlanları ilə vururdu. Bankanın içinə keşniş doğrayıb tökürdülər. Yaşıl keşniş yarpaqları araqla dolu üç litrlik bankanın içində saralırdı. Masanın üstündə kələm, xiyar, pomidor turşusu olurdu. Onlar yayda nə qədər tədarük görsələr də, elə qış fəslinin əvvəlində hər şeyi sürətlə yeyib qurtarırdılar. Xiyar, pomidor, kələm turşusunu soyutma kartofla, soyutma yumurtayla iştahla yeyirdilər. Doyunca yedikdən sonra qalın, yekə şüşə stəkanlarda çay içirdilər. Hərə üç-dörd stəkan çay içirdi. Böyük qurtumlarla, ancaq nəfəs dərmək üçün dayanaraq çayı elə böyük həvəslə içirdilər ki, elə bil, səhradan gəlmişdilər, susuzluqdan ciyərləri yanırdı. Hisdən qaralmış çaynik odun sobasının qırağında həzin səslə dızıldayırdı. Əmim evdə olmayanda evin balaca oğlu sobanın içinə partladan atıb anasını və qoca nənəsini qorxudurdu. Bu vaxt bibim necə zəngin qarğış ehtiyatına malik olduğunu nümayiş etdirirdi: - Bala, nənən sənin qanını yandığından qaşıqla içsin. Bala, gözündə ilan balalasın. Mürdəşir üzünü yusun. Vayına oturum. Səni görüm, bəy kostyumu geyinməyəsən. Səni görüm, qəbirə salamat baş aparmayasan… Hamı bu qarğışlara öyrəşmişdi. Əmioğlum bərkdən gülür və fürsət düşən kimi gizlicə yenə də odun sobasının içinə partladan atırdı. Gurultu qopurdu. Bibimin anası, yaşını itirmiş qoca arvad bərk diksinib “bismillah, bismillah, bismillah”, deyirdi. Bibim yenə də qarğışları bir birinin dalınca düzürdü. Qış aylarında hər gecə onlar loto oynayırdılar. Oyun çox amansız gedirdi. Heç kim heç kimə iyirmi qəpik də güzəştə getmirdi. Yadımdadır, əmiqızım lotoda üç manat uduzmuşdu. Məktəbdən harasa gedəcəkdi. Evdən birtəhər üç manat ala bilmişdi. Tamah ona güc gəldi. Oyuna qoşuldu. Tezliklə qardaşları onun üç manatını uddular. Qız çox yalvardı. Dedi ki, heç olmasa bir manatını qaytarsınlar. Ağladı. Ona heç kim rəhm etmədi. Heç on qəpiyini də qaytarmadılar. Hamısı dedi ki, ağlın olaydı, oynamayaydın. Sən udsaydın, bizim pulumuzu qaytarardın? Qaytarmazdın. Beləcə yekə-yekə kişilər məktəbli qızın üç manatını öz aralarında bölüşdürdülər. Qız isə əbəs yerə onlara xeyli yalvarmalı, əbəs yerə xeyli ağlamalı oldu. Əmim çox vaxt qorxusundan oyuna qoşulmurdu. Bilirdi ki, əgər uduzsa, heç kim onun pulunu qaytarmayacaq. Lap tutub oğlanlarını döysə belə, yenə də xeyri olmayacaqdı. O evdə oyunda uduzulan pul geri qayıtmırdı. Ən pisi də o idi ki, oyunda bəxti gətirən adam udduğu pulla sabahısı gün nəsə yeməli bir şey alıb uduzanın gözünün qabağında iştahayla yeyirdi. Bu cür amansız bir rəqabətə baxmayaraq evdə kimsə xəstələndikdə hamı ona mehribanlıqla qayğı göstərirdi. Əmim şişman olmasına baxmayaraq toylarda rəqs edəndə öz çevikliyi və qıvraqlığı ilə adamlarda heyrət oyadırdı. Onun uzun qara qaşları, qara gözləri vardı. Nəslimizin bütün kişi nümayəndələrində olduğu kimi, onun da sinəsi, çiyinləri qısa, qıvrım tüklərlə örtülmüşdü. Simpsonlar ailəsində olduğu kimi, bizim nəsildə də qızlı-oğlanlı, arvadlı-kişili hamının gözü-qaşı eyni idi. Hamının uzun qara qaşları, qara gözləri vardı. Babamı tanıyan, əmilərimə, onların övladlarına, az qala, bizim nəslin bütün nümayəndələrinə dərs demiş çox yaşlı bir müəllimə həmişə deyərdi: - Allah Əliyevlər nəslinə nə verməsə də, bolluca göz-qaş verib. Doğurdan da, təkcə bu qaş-göz bəs edərdi ki, heç olmasa, həyatda bir dəfə qadın sarıdan tale adamın üzünə gülsün. Əmimin ən faciəvi hadisələri gülünc şəklə salıb danışmaq qabiliyyəti vardı. Stulda oturanda mazut hopmuş əllərini ədayla dizlərinin üstünə elə qoyurdu ki, elə bil, şəkil çəkdirməyə hazırlaşırdı. Həyatımda onun qədər iştahayla yemək yeyən adam görmədim. Bir əli ilə qazançanı tuturdu, o biri əli ilə taxta qaşıqla yeyin-yeyin qazançadakı xörəyi qaşıqlayırdı. Qazançanı boşaldıb qaşığı tərtəmiz yalayırdı. Masanın üstündəki çörək qırıntılarını əliylə süpürüb ovucuna tökür və ağzına atırdı. O, bütün günü ara vermədən yeyə bilərdi. Yenidən acmaq üçün bircə dəfə gəyirməsi bəs idi. Ayda iki-üç dəfə evdə qonaqlıqlar düzəldərdi. İçmək istəyən dost-tanışların hamısını məclisinə dəvət edərdi. Səhəri gün bibim arvadları başına yığıb dünən kişilərin içib çıxardıqları oyunları nağıl edirdi. O, demək olar ki, hər gün içirdi. Ayda bir-iki dəfə isə performans göstərirdi. Ayda bir-iki dəfə dəhşətli dərəcədə möhkəm içəndə uzun müddət yatırdı. Onun nə qədər yatdığını yazmayacam. Çünki, onsuz da, heç kim inanmayacaq. Yalançı kimi görünmək istəmirəm. Ona görə əmimin nə qədər yatdığını yazmıram. Ona dəyməsəydilər, qiyamət günü İsrafilin suru çalınana qədər yatardı. İdarədən mühəndis azad evə gəlirdi. Həyətdə gəzişə-gəzişə deyinirdi. Bazaya taxta şalban gətiriblər. Əmim materialları bazadan idarəyə gətirməlidir. O isə çoxlu içərək evdə yatır. İstəyirdilər əmimi oyatsınlar. Oyada bilmirdilər. Mühəndis deyirdi ki, əmimi işdən çıxaracaq. Qoca nənə bu sözləri eşidəndə bərk qorxurdu və mühəndisə yalvarardı, əmimi işdən çıxarmasın. Növbəti dəfə əmimi yuxudan oyatmağa cəhd edirdilər. Onu ayıltmaq üçün başına soyuq su tökürdülər. Su töküləndə əmim başını silkələyir, suyu adamların üstünə sıçradır, gözlərini bərəldirdi. Elə bil, adamların ondan nə istədiklərini anlamağa çalışırdı. Hər dəfə də tək bir söz çıxırdı ağzından - “Əl çəkin məndən. Mənə dəyməyin, mənlə işiniz olmasın”. Yalın ayaqlarını dəmir çarpayının barmaqlıqları arasına soxub təzədən bərk yuxuya gedərək xoruldayırdı. Hər ay bu səhnə bir-iki dəfə təkrar olunurdu. Əmim təcrübəli sürücü idi. İdarədə sürücülərin arasında böyük hörməti vardı. Mühəndis hər dəfə əmimi işdən çıxaracağı ilə qorxutsa da, heç vaxt onu işdən çıxarmırdı. Əmimin şıltaqlıqlarına dözməyə məcbur olurdu. Azad evdə yaşayan qoca nənəylə uşaqlar çox ərkyana davranırdılar. Hərdən bu qoca arvada hədiyyə alan olsa da, əsasən bu qadınla çox vaxt sərt zarafat edirdilər. Məsələn, qoca arvad müharibə dövründən nəsə bir hadisə danışırdı. Balaca əmioğlum deyirdi: - Az, yaxşı, sən Allah düz deyirsən? Ola bilməz! Pah atonnan! Dəhşət! Müsibət … Arvad ağzını açıb danışmağa başlayırdı: - Keçmişdə kişilər deyərdilər ki… Əmimoğlu tez onun sözünü kəsib araya söz soxurdu: - Keçmişdə kişilər ta nə deyərdilər? Beləcə, yazıq arvad pərt olurdu. Əgər əmioğlum evdədirsə, xatirəsini axıra qədər danışa bilmirdi. Bibim, oğlunun hərəkətinə əsəbiləşib deyinirdi: - Ay tərbiyəsizin balası, bir mərifətin, qanacağın olsun, imkan ver, görək arvad nə deyir. Yalnız əmioğlum evdə olmayanda qoca arvad öz xatirələrini danışmağa imkan tapırdı. Qışda isti sobanın qırağında adamın çox şeylər yadına düşür. Yanan ağacların iniltili mahnısı, ağacların qabığının büzüşüb qoparkən çıxardığı fışıltı eşidilirdi. İtlərin ulaşması qapının yarıqlarından içəri soxulan küləyin zəif vıyıltısına qarışırdı. Alovun işığı çoxdan olub keçmiş əhvalatları da işıqlandırır. Elə əhvalatlar var ki, nə qədər ömür sürürsənsə sür, heç vaxt insanın yadından çıxmır. Qışda, odun sobasının qırağında oturanda hər şeydən əvvəl o əhvalatlar yara kimi sızıldamağa başlayır. Nənə çox vaxt müharibə illərində necə aclıq çəkdikləri haqqında əhvalatlar danışırdı. Deyirdi ki, yaz gələndə adamlar sevinirdilər. Heç olmasa, çöldə yeməyə pencər tapırdılar. Qarınlarını ot-ələflə doldururdular. Uşaqlar çöldə o qədər pencər yeyərdilər ki, dişləri gömgöy olardı. Daha sonra müharibəyə gedib geri qayıtmayan kişilərdən danışırdı. Danışırdı, danışırdı və özü özünü kövrəldib ağlayırdı. Qupquru qurumuş yanaqlarından göz yaşları diyirlənirdi. İsti göz yaşlarını ovucu ilə silib əlini dizlərinə çəkirdi. Yaşını itirmiş qoca nənə qış aylarında odun sobasının qırağında oturub bütün günü nəsə yamayır, nəsə toxuyur, nəsə tikirdi. Dişsiz ağzı bir şey çeynəyirmiş kimi daim tərpənirdi. Bu zaman onun ağzından qəribə səslər çıxırdı. Onun çənəsindən noxud zoğlarına oxşayan tüklər çıxmışdı. Dərin-dərin nəfəs aldığına görə üst dodağındakı tüklər güclə seziləcək dərəcədə əsirdi. Elə ağır-ağır nəfəs alırdı ki, sanki sinəsi deşik-deşikdi və deşiklərin hər birindən fışıltı, xırıltı ilə hava çıxırdı. Hava haqqında danışanda bu qoca arvad deyirdi ki, bu cür soyuq qış, belə yağışlı payız, belə dumanlı yaz onun yadına gəlmir. Halbuki bu cür sözləri bu qoca nənə hər il təkrar etməli olurdu. Müharibə, aclıq görmüşdü deyə evdən köhnə ayaqqabıları, köhnə paltarları atmağa qoymurdu. Qorxurdu ki, yenə müharibə başlayacaq və adamlar geyinməyə paltar, ayaqqabı tapmayacaqlar. Qızı aparıb köhnə paltarları zibilliyə atanda arvad gizlicə bu cır-cındırları təzədən evə daşıyırdı. Bu zaman bibimlə anası arasında deyişmə başlayırdı. Qoca nənə cır-cındırları torbalara yığıb gizlədirdi. Yayda isə bütün günü ağacların arasında gəzişirdi. Ağacdan düşən meyvələri yığıb qurudurdu. Bu qoca arvad yay-qış demədən, ilin dörd fəsli həmişə belinə bağladığı şalın altında konfet çıxarıb bizə verirdi. Mən və qardaşım onun verdiyi içi turş, cemli, əzik-üzük, kağızı solmuş, üstünə qarışqa yapışmış konfetləri heç xoşlamırdıq. Amma arvadın xətrinə dəyməmək üçün bu konfetləri onun gözünün qarşısında hətta bir az da artistlik edərək iştahayla yeməyə məcbur olurduq. Qoca nənənin yay aylarında çoxlu paltar geyinməsi mənə qəribə gəlirdi. Bir dəfə maraq mənə o qədər güc gəldi ki, özümü saxlaya bilməyib ona belə bir sual verdim: - Sənə isti deyil? Arvad dedi ki, sümüklərim üşüyür, bala, sümüklərim üşüyür. Qocalıq axmaq şeydir. Mənim o qoca nənəyə yazığım gəlirdi. Əmimoğlanlarının arvadla etdikləri zarafatlar nə qədər maraqlı olsa da, arvada görə narahat olurdum. Onu hətta dua etdikdə, namaz qıldıqda belə rahat buraxmırdılar. Hoqqa çıxarmağı sevən əmimin uşaqları arvadın qarşısında dayanıb ağızlarını burunlarını əyirdilər. İstəyirdilər ki, arvadı güldürsünlər. Bibim bu mənzərəni görəndə tipik bir əyalət qadını kimi bərk qorxurdu və oğlanlarına qarğış edirdi: - Namaz yiyəsi sizin belinizi qırsın. Qarğış yağdıra-yağdıra oğlanlarını anasının yanından qovurdu. Başına ucları çənəsinin altında düyünlənmiş, yuyulmaqdan bozarmış ucuz çit yaylıq örtmüş bibim nə qədər bərk qışqırsa da, onun səsində həmişə mehribanlıq duyulardı. Heç kəs ondan qorxmazdı. Hərdən bərk əsəbiləşəndə araya salıb bizə, balacalara da təpinirdi: – Sizi döyərəm, ha! Heç biz də ondan qorxmazdıq. Əmioğullarım yaşını itirmiş qoca arvadla nə qədər sərt zarafat etsələr də, o nəvələrindən heç vaxt incimirdi. Qoca qarı sovet dövründə çətin tapılan müqəddəslərin surətləri qarşısında qollarını büküb dayanır, nəsə pıçıldayır, özündən quraşdırdığı dualar oxuyur, salavat çəkirdi. Bu dualarda səmimi bir etiqadın qüvvəti hiss edilirdi. Balaca qadın həm də bütün bunları elə sadəliklə icra edirdi ki, elə bil, kiminləsə, ən yaxın bir adamla söhbət edirdi. İki qadın, ana-bala hər gün səhər yuxudan oyananda gördükləri yuxuları bir-birlərinə danışıb yuxularını uzun-uzadı yozurdular. Bu da onların özünəməxsus məşğuliyyəti idi. Mövhumatsız yaşaya bilmirdilər. Bibim tez-tez müxtəlif xəstəliklərdən şikayət edirdi. Nə isə onun ürəyini əzir, nə isə sinəsinə tıxanıb qalır, daima qarnını sancı doğrayır… Qoca nənə həm də türkəçarəylə məşğul olurdu. Qısır arvadları bu qoca nənənin yanına gətirirdilər. Bu zaman bibim oğlanlarını evdən qovurdu. Qoca nənə doğmaq istəyən, amma doğa bilməyən arvadların belini özü düzəltdiyi məlhəmlərlə ovuşdurur, bəzən onları təzə kəsilmiş keçinin dərisinə bükürdü. Onlara müxtəlif otlardan dəmlədiyi çay içizdirirdi. Biz balaca olduğumuza görə bu mənzərələrin bəzilərinə baxmağa icazəmiz vardı. Arvadlar sakit-sakit, açıq-saçıq söhbətlər edirdilər və mən də qulaqlarımı bacardığım qədər şəkləyib onların maraqlı söhbətlərini dinləyirdim. Həftədə iki-üç dəfə bu qoca arvadı xəstə yanına aparardılar. O xəstələrin ki, ağ xələtli həkimlərə yox, bu qoca qarıya, tibbə yox, türkəçarəyə inanırdılar. O, tələsmədən hıqqana-hıqqana xəstənin çarpayısı yanında əyləşər, həyatın yorub əldən, haldan saldığı, balacalaşıb uşaq boyda olmuş, gözlərinin nuru sönmüş qoca xəstə arvadların şikayətini dinləyərdi. Uzun-uzadı dərdləşib, keçmişlərdən danışıb, ürəklərini boşaldırdılar. Bütün söhbətlərinin məğzi bundan ibarət olurdu ki, indiki cavanlar böyük-kiçik, ağsaqqal-ağbirçək yeri bilmirlər. Tənbəldirlər. İşləmirlər. Qızlar həyasızdırlar. Qayınata, qaynana saymırlar. İndiki kişilərin zəhmi yoxdur. Arvaddan qorxurlar. Axırda da mütləq bu nəticəyə gəlirdilər ki, indi dünyada daha düz əməlli kişi qalmayıb. İndiki kişilərin ağzı qatıq kəsmir. Bu qoca qarılar keçmiş günlərin, xüsusən keçmişdəki zəhmli, işgüzar, güclü kişilərin xiffətini çəkirdilər. Onlar öz keçmişləri üçün darıxırdılar. Keçmişdəki kişilərin işgüzarlığından, zəhmindən, çoxlu yemək yeməsindən bəhs edən əhvalatlar danışırdılar. Bu qurumuş, suyu çəkilmiş, balacalaşıb uşaq boyda olmuş qarılara baxanda onların bir zamanlar al yanaqlı, gümrah, dik məməli qız olduqlarını heç cür təsəvvür etmək olmurdu. Bəzən onlar özlərini buraxıb, özlərini unudub keçmişdəki kişilərin gücündən bəhs edən elə əhvalatlar danışırdılar ki, həmin əhvalatları burda yaza bilmərəm. O əhvalatlar uşaqlar üçün deyil, böyüklər üçündür. Nə bilmək olar, bəlkə də onlar düz deyirdilər. Bəlkə də doğurdan da kişilər get-gedə cılızlaşırlar. Evdə hər kəsin öz sevimli əyləncəsi vardı. Bu mənada əmimin balaca oğlu öz istedadıyla evin başqa sakinlərindən seçilirdi. Yay aylarında onlar evin qarşısında açıq havada yemək yeyərdilər. Əldəqayırma kobud masanı evin divarına bərkidilmiş “iliç lampası” işıqlandırırdı. Lampanın düz altında kərtənkələ yuvası vardı. Əmioğlum əlində quşatan oturub elə hey səbirlə lampanın altındakı yuvaya baxırdı. Yuvadan kərtənkələ başını bayıra çıxardıqda əmioğlum mahir bir ovçu kimi, quşatanla kərtənkələni düz başından vururdu. O, istədiyi hədəfi vura bilirdi. Məsələn, ağaca qonmuş quşları göstərib deyirdi: - Baxın, indi soldan üçüncü quşu vuracam. Doğurdan da, az sonra soldan üçüncü quş yerə düşürdü. Hər dəfə o lampanın altında yerləşən yuvadan başını çıxarmış kərtənkələ vuranda daşın kərtənkələyə deyil, lampaya dəyəcəyindən qorxurdum. Lakin daş düz kərtənkələnin başına dəyirdi. Çünki kərtənkələnin yalnız başı bayırda olurdu, bədəni isə yuvanın içində qalırdı. Vurulmuş kərtənkələ düz masanın ortasına düşürdü. Bibim qorxub qışqırırdı. Əmioğlum bərkdən gülürdü. Kərtənkələnin quyruğundan tutub orasına-burasına baxırdı. Dilini çıxarıb dodaqlarını yalayırdı. Sanki kərtənkələ deyil, kəklik vurmuşdu. Kərtənkələni bizə tərəf uzadırdı. Qorxub qışqırışırdıq. Sonra evdən tava gətirirdi. Özünü elə göstərirdi ki, guya kərtənkələni yağda qızardıb yemək istəyir. Yenə qarğışlar səslənirdi. Qoca nənə isə deyirdi ki, bu gədə evdəki qabların hamısını murdarlayacaq. Bu sadəlövh arvad müqəddəslərin adlarını bir-bir sadalayıb nəvəsinə yalvarırdı ki, kərtənkələni qızardıb yeməsin. Belə səhnələr dayanmadan azad evdə təkrar olunurdu. Bütün bu əyləncələr biz uşaqlar üçün hədsiz dərəcədə maraqlı idi. Biz uşaqlar bu azad evdə özümüzü daha rahat, daha şən hiss edirdik. Əmimgildə hökm sürən azadlıq bizi cəlb edirdi. Anam bunu əsla başa düşmürdü. Çox vaxt çətinliklə məni evimizə apara bilirdi. On dörd yaşım tamam olmamış rayonu tərk edərək paytaxta oxumağa gəldim. Sonra müharibə başladı. Hər şey alt-üst oldu. Ağaclar qurudu. Evləri, məktəbləri, uşaq bağçalarını top-mərmilər dağıtdı. Müharibə hərəni bir tərəfə atdı. Kim harada ölürdüsə, orda da basdırırdılar. Dirilər öz başının hayına qalmışdılar, ölülərin nazını çəkməyə heç kimdə hal qalmamışdı. Dinc dövrdə dirilər ölüləri çox təmtəraqla o dünyaya yola salırdılar. Bütün adət-ənənələr xırda detallarına qədər dəqiqliklə yerinə yetirilirdi. Adamlar bekarçılıqdan ölülərə lazım olduğundan da artıq diqqət göstərirdilər. Qara xəbəri eşidən adamlar atla, piyada, maşınla dörd bir tərəfdən axışıb yas yerinə gəlirdilər. Rəhmətə getmiş adamın doğmalarından biri camaatın qabağına çıxırdı. Arvadlar adətə uyğun olaraq elə uzaqdan, həyət qapısına girəndə ağı deməyə başlayırdılar. Özünü yas düşmüş ailəyə daha yaxın hesab edənlər saçlarını yolur, üzlərini cırırdılar. Kişilər isə çənələrini bir-birinin çiyninə dayayıb hönkürürdülər. Göynəyən qəlblərini sakitləşdirmək üçün göz yaşı axıdırdılar. Dərdin, faciənin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq - ölən cavan olsun, qoca olsun, fərqi yoxdu - ehsan yaddan çıxmırdı. Kişilər tez yas mağarı qururdular. Stəkan, nəlbəki, çəngəl-bıçaq, boşqab, stol-stul, bir sözlə, nəsə çatmayanda qonşudan, qohumdan gətirirdilər. Heyvanlar kəsilirdi. Yekə qazanlarda yeməklər bişirilirdi. Bütün bu adət-ənənələr onun üçündür ki, doğmasını itirmiş insan kədərlə, faciəylə baş-başa qalmasın. İşlə, yasa gələnləri qarşılamaqla, yasdan gedənləri yola salmaqla başını qatsın. Kişilər saatlarla yas mağarında oturub çay içə-içə ötənlərdən, keçmişdən danışırdılar, mərhumla bağlı hər kəs öz xatirəsini paylaşırdı. Qadınlar isə evin xalça döşənmiş ən böyük otağında, ya da zalda divar boyunca yerdən otururdular. Bellərini divara söykəyirdilər. Dizlərinin üstünə şal atırdılar. Əllərini ritmlə dizlərinə, sinələrinə vurub, ağı deyib ağlaşırdılar. Ağlaşmanın səsi bütün həyətə yayılırdı. Onlar təkcə ölənə ağlamırdılar. Öz dərdlərinə də ağlayırdılar. Bir adama görə belə püxtələşmiş formada ağlamaq olmaz. Bu ağlaşmalarda əsrlərin ayrılıqları, kədəri, talanlar, sürgünlər, müharibələrin törətdikləri dəhşətlər vardı. Ağlayıb-ağlayıb yavaş-yavaş sakitləşirdilər. Başlayırdılar ordan-burdan söhbət etməyə. Kim doğub? Kim doğmağa hazırlaşır? Kimin gəlini yaxşıdır? Kimin gəlini pisdir? Kim əsgərlikdəki oğlundan məktub alıb? Sonra ayağa qalxıb əl-üzlərini yuyurdular. Yemək yeyib, çay içib təzədən hərə öz yerini tuturdu. Yenə bir az ordan-burdan söhbət edib ağlamağa başlayırdılar. Balaca olanda qadınların məclisinə girmək olurdu. Qadınların ağlaya-ağlaya ritmlə əllərini dizlərinə, sinələrinə vurmaqları mənə maraqlı gəlirdi. Bu, xüsusi bir ayin idi. Əsrlərlə nəsildən-nəslə ötürülmüşdü. Bu ayində müxtəlif dövrlərin, müxtəlif dinlərin, müxtəlif quruluşların, köçəri və oturaq həyat tərzinin elementləri birləşmişdi. Bu ayində atəşpərəstlik, xristianlıq, islam, şamanlıq elementləri bir-birinə qarışaraq maraqlı bir forma almışdı. Xüsusən, yaşlı adam rəhmətə getdikdə yas mərasimi adamların, qohumların, tanışların görüşməsi, söhbət etməsi üçün bir fürsət yaradırdı. Özgə vaxt gündəlik həyatda hər birinin vacib saydığı nə iş varsa, başdan silinib gedirdi. Bilmirəm, nədənsə, yasda bişirilən yeməklər çox dadlı olurdu. Yasa gələn qonaqları yemək yeməmiş buraxmırdılar. Ətrafdakı bütün dəlilər yas düşən evə gəlib ehsan yeməyindən yeyirdilər. Dəlilər yas yerində dəliliklər etmirdilər. Bilirdilər ki, burda dəlilik etmək olmaz. Ayrı vaxt onları cinləndirən, sataşan adamlar da sakit oturardılar. Lap kasıb adamlara, yetim-yesirlərə də yemək göndərilirdi. Bütün bunları ona görə edilirdi ki, ölən adam o dünyada rahat olsun. Yas düşən evdə bişirilən yeməklərin, dəmlənən çayın, göz yaşlarının, müxtəlif adamların qoxuları bir-birinə qarışaraq qəribə bir qoxu yaranırdı. Bu qoxu adamı özünü təmkinli aparmağa məcbur edirdi. Bilirdin ki, ucadan gülmək, şit-şit zarafatlar etmək olmaz. Bu cür qadağalara baxmayaraq adamlar bir növ yasda istirahət edirdilər. Hər kəs yas mərasimində bu və ya digər formada iştirak edirdi. Biri yemək bişirirdi, biri çay dəmləyirdi. Biri gələn qonaqlara qulluq edirdi. Bir neçə gün ölüm, ölənlər haqqında söhbətlər gedirdi. Hansı mövzuda hadisə danışırdılarsa, həmin gün havanın necə olduğunu mütləq qeyd edirdilər. Demirdilər, saat səhər on olardı. Deyirdilər, gün təzə çıxmışdı. Demirdilər, saat axşam yeddi olardı. Deyirdilər, gün təzəcə batmışdı. Çünki vaxtı saatla ölçməyə adət etməmişdilər. Onlar günün batıb-çıxması və havanın rəngi ilə yatıb durur, işləyərdilər. Hər işin də öz zamanı vardı. Birini gün çıxmamış, birini gün adam boyu qalxanda, birini də gün batanda görərdilər. Nədən söhbət gedirsə, getsin, qocalar fürsəti əldən verməyərək fikirlərini söyləyirdilər, hər mövzuya uyğun bir əhvalat, bir rəvayət danışırdılar. Molla da öz hərəkətləri ilə yas mərasiminə xüsusi bir ciddiyyət verməyə çalışırdı. Dua oxunanda hər kəs gözlərini bir nöqtəyə zilləyib susurdu. Burda bir adət vardı. Cavan adam öləndə kənarda olan adama əsl ölənin adını demirdilər. Teleqramla, ya da telefonla xəbər verirdilər ki, filan qoca ölüb, ya da can üstündədir, dayanma, özünü yetir. Kənar yerdə olan adama cavan adamın ölümünü birbaşa çatdırmaq düzgün sayılmırdı. Onlar yalnız evə çatanda həqiqətdə nə baş verdiyini bilirdilər. Qocalar bu adətdən incimirdilər. Ölümdən ancaq gənclər qorxardılar. Bəzən cavan uşaqlar qocaların gözünün içinə deyirdilər ki, bu qədər yaşadınız, yetər, ölmək vaxtıdır. Qocalar da bu sözləri heç veclərinə də almırdılar... Qırx gün çəkən mərasim bitəndən, bütün qonaqlar birdəfəlik evlərinə dağılışandan sonra yas düşən evə mənasız səssizlik çökürdü. Bax, əsl itkini o zaman başa düşürdün. Dəqiq başa düşürdün ki, dünənə qədər səninlə bir evdə yaşayan, gülən, öskürən, yemək yeyən adam artıq yoxdur. Birdəfəlik, əbədi olaraq bu dünyanı tərk edib. Müharibə adamların hərəsini bir dərəyə tulladı. Əlaqələr itdi. Ölən adamları müxtəlif rayonlarda, qəsəbələrdə, kəndlərdə basdırdılar. Mən onların ölüm xəbərlərini eşidirdim. Eşidirdim ki, filan əmim iki ay əvvəl ölüb. Filan bibim ötən həftə keçinib. Müharibə nəticəsində birdən-birə hədsiz artan ölümlər ölümün şairanəliyini bizim üçün birdəfəlik itirdi. Bir zamanlar təmasda olduğum adamların ölüm xəbərini eşitməyə artıq öyrəşmişdim. Onların qəbirlərini ziyarət etməyə heç cür imkan olmurdu. Qəbirləri ziyarət etmək bir tərəfə, problemlər, çətinliklər heç dirilərlə görüşməyə imkan vermirdi. Hər kəs həyat qarşısında imtahan verərək var olmaq mücadiləsi aparırdı. Beləcə, hamı bir-birindən ayrı düşdü. Düz iyirmi ildən sonra tam təsadüf nəticəsində əmimgildə oldum. Rusiyadan bir dostum gəlmişdi. O, məni özüylə N rayonuna gəzməyə apardı. Tam təsadüfən məlum oldu ki, əmioğlum bu rayonda yaşayır. Böyük tərəddüdlə onun yaşadığı evə getdim. Əmim və bibim rəhmətə getmişdi. Onların hərəsini bir rayonda basdırmışdılar. Əmioğullarım hər birini amansız tale müxtəlif yerlərə atmışdı... Evin balaca oğlu çarpayıda uzanmışdı. O, iflic olmuşdu. Dəhşətli bir səfalət öz qanlı caynaqlarını evin dörd tərəfinə uzatmışdı. Evdə qalmış bacı çarpayıda uzanmış, yastığa söykətdiyi iflic qardaşına balaca qaşıqla sulu, yumşaq nəsə yedizdirirdi. İlahi, bu qız nə qədər göz yaşı axıtmışdı, bilən yoxdur. Əmioğlum çətinliklə yeyirdi. Həm də, deyəsən, hər gün yediyi bu yeməkdən bezmişdi. Onlar aldıqları cüzi pensiyayla dolanırdılar. Səfalət hökm sürən evə, yataqda uzanmış xəstəyə, balaca qaşıqla qardaşını yedizdirən yaşı ötmüş qıza baxdım və onların keçmişdə necə şən, qayğısız olduqlarını xatırladım və düşündüm: “Heç kim bir saatdan sonra başına nə gələcəyini bilə bilməz. Budur, bir vaxtlar dayanmadan hoqqa çıxaran, əylənən, şənlənən adam indi iflic vəziyyətdə yataqda uzanıb tavana baxır. Danışa bilmir. Bacısı balaca qaşıqla onu yedizdirir. Mənim balaca dostlarım, görürsünüz həyatda necə işlər olur? Yaşayırsan, amma bilmirsən ki, qabaqda səni nələr gözləyir. Başına nə işlər gələcək”. Əmioğlum böyük şəhərdə azmış, qərib, avam bir adam kimi qəmgin nəzərlərlə ətrafa baxırdı. Bu mənzərəyə baxmaq mənim üçün olduqca ağır idi. İsti göz yaşlarımı saxlaya bilmədim. Neyləyim, mən qadın kimi kövrəyəm. Balaca oxucularımdan ricam budur ki, mərhəmət edib mənə gülməsinlər. İnsanın həyatı başa düşməsi üçün bir qədər ağlaması lazımdır. Seymur Baycan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun