Azər Qasımlı İlqar Məmmədova qarşı ciddi itthamlar irəli sürərək ReAl-dan istefa verdi [video]

Azər Qasımlı İlqar Məmmədova qarşı ciddi itthamlar irəli sürərək ReAl-dan istefa verdi [video]
6 Noyabr 2019
Mətni dəyiş
[embed]https://www.facebook.com/MeydanTelevision/videos/902838130098076/[/embed]

ReAl Partiyası Məclisinin keçmiş başqanı Azər Qasımlı partiyada baş verən son hadisələrlə bağlı brifinq keçirib.

Azər Qasımlı bildirib ki, ReAl partiyasında baş verənlərlə bağlı cəmiyyətə düzgün, aydın məlumat verməyə ehtiyac var.

Siyasətçi brifinqdə partiya sədri İlqar Məmmədovun təşkilatda etmək istədiyi dəyişiklikləri tənqid edib. Onun sözlərinə görə, bu dəyişikliklərdən sonra partiyada idarəçilik tək hakimiyyətliliyə gətirib çıxaracaq.

“Ən böyük problem isə Partiya Məclisinin, İdarə Heyətinin və NTK-nın ləğv olunması və hamısının bir strukturda birləşdirilməsidir. Bu birbaşa avtoritarizmə aparan yoldur, tək hakimiyyətlilikdir."

Azər Qasımlı bildirib ki, İlqar Məmmədov həbsdən çıxandan sonra partiya Məclisinin səlahiyyətlərinin əlindən alınması cəhdlər başlayıb.

“Keçən il partiyanın qurultayı keçiriləndə hökumət yer verməyəndə biz təklif etdik ki, onda 400 nəfər nümayəndə 50 nümayəndə seçsin və qərargahımızda qurultay keçirək. Həmin vaxt İlqar Məmmədov buna razı deyildi, indi deyir ki, 50 nəfərlə qurultay keçirək”.

Siyasətçinin sözlərinə görə, İlqar Məmmədov struktur dəyişikliyini fəaliyyətin daha çevik edilməsi ilə bağlı əsaslandırdığını bildirir.

"Amma eyni zamanda deyir ki, 125 nəfərlik idarə heyəti ola bilər. 125 nəfərlik struktur necə çevik ola bilər?"

A.Qasımlı bildirib ki, İlqar Məmmədovun təklif etdiyi qurumda heç bir hesabatlılıq, çeviklik, fəaliyyət olmayacaq, yalnız fətvalar olacaq və statuslar yazılacaq, amma fəaliyyət olmayacaq.

"İlqar Məmmədov deyir ki, sədrin qurultayda yox İdarə Heyətindən seçilməsi daha legitimdi. Mən bunu da başa düşmürəm. Bu açıq-aydın təkbaşınalıq, avtoritarizm deməkdir. Bu yolla gedilsə, müəyyən bir dövrdən sonra Real Partiyası məhv olub gedəcək".

Azər Qasımlı bildirib ki, bütün bunları nəzərə alaraq, qarşıda partiyada baş verəcəklərdə iştirak etməmək üçün ümumiyyətlə təşkilatdan istefa verir.

Siyasətçi vurğulayıb ki, o, ReAL ailəsindən yox, İlqar Məmmədovun partiyasından gedir. Eyni zamanda əlavə edib ki, siyasətdən getmək fikri yoxdur.

"Bu gün Azərbaycan iqtidari avtoritar rejim qurub və avtoritar praktikaları hər yerdə təbliğ edir. Azərbaycan müxalifəti, özünü alternativ hesab edən siyasi təşkilatlar bunun tam alternativlərini göstərməlidirlər. Amma bu gün ReAL-da gedən proses odur ki, onlar avtoritar rejim qurublar, biz də öz avtoritar rejimimizi quraq".

Öz növbəsində, İlqar Məmmədov bir neçə gün əvvəl partiyanın strukturlarında islahat təşəbbüsü ilə çıxış edib. O, 125 birmandatlı dairənin hər birində yerli təşkilatlar yaratmağı təklif edib.

Məmmədov Partiyanın İdarə Heyətini, Məclisini və Nəzarət-Reviziya komissiyasını ləğv etməyi, onların yerinə şərti olaraq Siyasi Komitə adlandırılan vahid struktur təsis etməyi təklif edir.

Onun komanda üzvlərinin sayı 10-15 nəfər, seçkilər dövründə isə 125 nəfərə qədər olmalıdır. Komitə qurultayda seçilir, seçkilər dövründə isə genişləndirilə bilər.

İlqar Məmmədov hesab edir ki, sədri qurultay deyil, Siyasi Komitə seçməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun