ADR Hərəkatı Bakı meriyasını məhkəməyə verir

ADR Hərəkatı Bakı meriyasını məhkəməyə verir
17 Noyabr 2019
Mətni dəyiş

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı piketi təxirə salıb və Bakı şəhəri İcra Hakimiyyətini məhkəməyə verir.

Bu barədə hərəkatın sədri, iqtisadçı Qubad İbadoğlu açıqlama yayıb. Onun sözlərinə görə, ADR Hərəkatı Bakı şəhər İcra Hakimiyyətinin noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında uşaq pulunun bərpa olunması, pensiya yaşının aşağı salınması, təqaüd və müavinətlərin artırılması tələbləri ilə piket keçirilməsinə icazə verməməsini sərbəst toplaşmaq azadlığına müdaxilə sayır:

"Bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar çıxarılması məqsədilə məhkəməyə müraciət edir, bununla əlaqədar olaraq planlaşdırdığı piketi təxirə salır".

Bakı şəhəri İcra Hakimiyyətinin ADR Hərəkatına cavabında qeyd edilir ki, ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq, orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaqdır.

ADR açıqlamasında deyir ki, hökumətin bəhanəsi ilə piket faktiki olaraq qadağan edilib və Bakı şəhər İcra Hakimiyyətinin qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz və kobud müdaxilədir.

"Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbinə görə yalnız fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlara uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər."

Hərəkat hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti qanunvericilikdə təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol verib, Konstitusiyanın sərbəst toplaşmaq azadlığını təsbit edən 49-cu maddəsini pozub".

Xatırladaq ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra Bakı meriyası müxalifət partiyalarına mitinq keçirmək üçün razılıq verməyib.

Meriya müxalif siyasi partiyaların sonuncu müraciətlərinə Bakının mərkəzindən 20 kilometr uzaqda yerləşən Qaradağ rayonunun Lökbatan qəsəbəsində aksiya keçirməyi məsləhət bilib. Meriyanın bu təklifi qəbul edilməyib.

Bununla yanaşı, Milli Şura oktyabrın 19-da 28 May metro stansiyasının qarşısındakı meydanda razılaşdırılmamış mitinq, Müsavat Partiyası isə noyabrın 12-də Bakı meriyasının binası qarşısında razılaşdırlmamış piket keçirməyə cəhd edib. Hər iki cəhdin qarşısı polis tərəfindən alınıb, onlarla insan saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun