Zelenskidən təhlükəli güzəşt: Donbas münaqişəsi həll olunur? – Şahin Cəfərli

Ukraynanın şərqində 2014-cü ildən bəri davam edən münaqişənin həlli istiqamətində ciddi tərəqqi əldə olunub. Ölkənin yeni rəhbərliyi 1 oktyabr 2019-cu il tarixində Donbas regionuna, daha konkret desək, bölgənin separatçıların (əslində Rusiyanın) nəzarətində olan rayonlarına xüsusi statusun verilməsi ilə bağlı “Ştaynmayer formulu” adlanan müddəaların həyata keçirilməsinə razılıq verib.

“Ştaynmayer formulu” müəllifin adını daşıyır – söhbət bu müddəaları hazırlayarkən Almaniyanın xarici işlər naziri vəzifəsində çalışan, hazırda isə ölkənin prezidenti olan Frank Valter Ştaynmayerdən gedir. 2016-cı ildə irəli sürülmüş bu formul 2015-ci ilin fevral ayında münaqişənin həllinə dair Belarus paytaxtında imzalanmış Minsk razılaşmalarının siyasi hissəsinin həyata keçirilməsi üçün xüsusi qaydaları nəzərdə tutur. Yəni münaqişənin həllinə dair baza prinsipləri Minsk razılaşmalarında əksini tapıb və nizamlanma məhz bu sənəd əsasında aparılır, “Ştaynmayer formulu” isə həmin sənədin mərhələlərindən birinin implementasiyasını ehtiva edir.

Minsk razılaşmalarına əsasən Kiyev separatçı bölgələrə xüsusi status verməli, bu ərazilərdə yerli hakimiyyət orqanlarının formalaşdırılması üçün ATƏT-in nəzarəti altında seçkilər keçirilməli, Donbasdakı silahlı dəstələrin tərkibində dövlətə qarşı döyüşən Ukrayna vətəndaşlarına amnistiya tətbiq olunmalı, xarici ölkə vətəndaşları olan bütün döyüşçülər və kənardan gətirilmiş hərbi texnika – Rusiyadan göndərilmiş hərbi qüvvələr Donbasdan (Ukrayna ərazisindən) çıxarılmalı, Ukrayna-Rusiya dövlət sərhədinin Kiyevin nəzarətindən çıxmış hissəsi (400 km) bu ölkə Sərhəd Xidmətinə təhvil verilməlidir. Lakin bu müddəaların hansı ardıcıllıqla icra edilməsi məsələsi Ukrayna və Rusİya arasında mübahisə mövzusu olub. Poroşenko hökuməti əvvəlcə təhlükəsizliklə bağlı hissənin həyata keçirilməsini, yəni ilk addımları Moskvanın atmasını, yalnız bundan sonra Kiyevin öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirirdi. Rusiya isə əksinə, əvvəlcə siyasi müddəaların Ukrayna tərəfindən yerinə yetirilməsini və bundan sonra təhlükəsizlik məsələlərinin həllinə razılaşacağını bəyan edirdi. “Ştaynmayer formulu” bu dalandan çıxmaq üçün Almaniya tərəfindən irəli sürülmüşdü. Bu formula əsasən separatçı ərazilərə xüsusi statusun verilməsi barədə qanun seçkilərin keçiriləcəyi müddətdə müvəqqəti qüvvədə olur, ATƏT seçkilərin şəffaf və demokratik keçirildiyi barədə rəy verdikdən sonra isə daimi qüvvəyə minir. Sonrakı mərhələdə bu status Ukrayna Konstitusiyasında da əksini tapmalıdır, çünki qəbul olunmuş qanunun istənilən vaxt Ali Rada tərəfindən ləğvi mümkündür. Ona görə də Moskva tələb edir ki, xüsusi status mütləq Ukrayna Konstitusiyasında da təsbit olunmalıdır. Ukrayna tərəfi isə indiyədək Rusiyanın şərtlərini rədd edirdi, bu səbəbdən “Ştaynmayer formulu”nun da aqibəti qeyri-müəyyən qalmışdı.

Zelenskinin çətin qərarı

Separatçıların nəzarətindəki ərazilərə Ukrayna tərkibində xüsusi statusun verilməsi məsələsi Moskvanın 1 saylı tələbi və şərtidir. Kiyev 2015-ci ilin fevralında Rusiyanın hərbi təhdidi altında – Debaltsevo məğlubiyyətindən sonra bu məsələnin Minsk razılaşmalarına daxil edilməsinə razılıq vermək məcburiyyətində qalıb. Rusiya Ukraynanın federativ dövlət quruluşuna malik olmasının Konstitusiyada göstərilməsi şərtini irəli sürməsə də, faktiki olaraq, xüsusi status o deməkdir ki, mərkəzi hökumətlə Donetsk və Luqansk arasında federativ münasibətlər qurulur. Şübhəsiz ki, Ukrayna hökumətinin işğal altındakı ərazilərə xüsusi status verməyə razılaşması onun tərəfindən çox ciddi güzəştdir. Bu səbəblə, Poroşenko Minsk razılaşmalarını imzalasa da, onun siyasi hissəsinin həyata keçirilməsindən yayınırdı. Təsadüfi deyil ki, Minsk razılaşmalarının həyata keçirilməsi üzrə təmas qrupunda Ukraynanı təmsil edən sabiq prezident Leonid Kuçma “Ştaynmayer formulu”na imza atmayaraq bu ağır məsuliyyəti öz üzərinə götürmək istəməyib. Bu üzdən belə bir çözüm tapılıb ki, bütün tərəflər (Ukrayna, Rusiya, Donets və Luqansk separatçıları) ATƏT-in xüsusi nümayəndəsi Martin Saydikin ünvanına rəsmi məktub göndərib, öz razılıqlarını bildirsinlər. Yəni prezident Vladimir Zelenskinin kifayət qədər çətin və qeyri-populyar qərar qəbul etmək zorunda qaldığı ortadadır. O, 1 oktyabr axşamı keçirdiyi təcili brifinqdə bəyan etdi ki, hər hansı təslimçilikdən söhbət gedə bilməz və status barədə qanunda Ukraynanın “qırmızı xətt”ləri qorunacaq. Lakin brifinqdən sonra paytaxt Kiyevdə – prezident ofisinin qarşısında, Xarkov, Lvov və  cəbhə xəttindəki Mariupol şəhərlərində aktivistlərin “Kapitulyasiyaya yox!” şüarı altında etiraz aksiyaları keçirildi. Ukrayna müxalifəti – Poroşenkonun “Avropa Həmrəyliyi” və Timoşenkonun “Batkivşina” partiyaları “Ştaynmayer formulu”nun imzalanmasını ölkənin milli təhlükəsizliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirdilər. Onlar prezidentin iştirakı ilə Ali Radanın təcili iclasının keçirilməsini tələb edirlər.

Ukraynada Rusiyayla sülhə qarşı etiraz mitinqi. Mitinq “Kaputilyasiyaya yox” şüarı ilə keçirilir.”

Lakin Zelenskini daxili ictimaiyyətin, xüsusən radikal millətçilərin basqısından xilas edən amil budur ki, istər Minsk razılaşmaları, istərsə də Ştaynmayer formulu yeni ortaya çıxmayıb, bunlar Poroşenko dövrünün ağır mirasıdır. Digər tərəfdən, savaşa son qoymaq və ölkənin iqtisadi inkişafına, xalqın rifah səviyyəsinin yüksəldilməsinə nail olmaq Zelenskinin əsas seçkiqabağı vədlərindəndir. Müharibə bitmədən Ukraynanın ehtiyac duyduğu sərmayələri Qərbdən cəlb etmək mümkün olmayacaq. Ona görə də gənc dövlət başçısının müxalifətə və etiraz edənlərə cavab üçün arqumentləri var, o deyəcək ki, Minsk sənədi və “Ştaynmayer formulu” onun vaxtında razılaşdırılmayıb və müharibəni dayandırmaqla xalqa verdiyi vədi yerinə yetirir.

 Rusiya nə qazanır?

Donbas probleminin həllində Ukraynanın güzəştlərə razılaşması şübhəsiz ki, Moskvanın diplomatik uğurudur.

Əvvəla, separatçı regionlara xüsusi statusun verilməsi Moskvaya ona görə lazımdır ki, Kiyevin siyasəti üzərində daimi təsir-təzyiq rıçaqı əldə etsin, yəni tutaq ki, Ukrayna NATO-ya üzv olmaq istədikdə Donbasın yerli hakimiyyətləri vasitəsilə bu prosesə əngəl törətsin, separatçılığı yenidən qızışdırsın. İkincisi, Donbasın Ukraynaya reinteqrasiyası yaxın perpsektiv üçün ölkə siyasətində Rusiya faktorunun güclənməsi deməkdir. Son parlament seçkilərində Rusiyanın dəstəklədiyi blok (Müxalifətçi platforma – Həyat uğrunda) 13% səs alaraq ikinci oldu. Donbasdakı seçicilərin Ukrayna parlamentinə keçiriləcək seçkilərdə iştirakı bu faizi yüksəldəcək, prezident seçkilərində isə Rusiyaya yaxın namizədin 2-ci tura keçmək şansı artacaq. Üçüncüsü, Rusiya Donbası Ukraynaya geri verməklə ağır yükdən xilas olacaq. 2014-cü ildən bəri separatçı Donetsk və Luqansk rejimlərini Rusiya maliyyələşdirir. Problemin həlli imkan verəcək ki, oraya sərf olunan resurslar Rusiya daxilinə yönəldilsin.

Ukraynada Rusiyayla sülh əleyhinə keçirilmiş mitinq.

Nəhayət, həll prosesinin başlanmasının Rusiya üçün əsas nəticəsi bu olacaq ki, Avropa Birliyi Donbas münaqişəsi ilə əlaqədar Rusiyaya tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq. Bu, Qərbi Avropadan Rusiyanın ehtiyac duyduğu yüksək texnologiyaların əldə olunmasına və Avropa maliyyə qurumlarından əlverişli şərtlərlə uzunmüddətli kreditlər cəlb edilməsinə imkan verəcək. Avropa şirkətləri yenidən Rusiyada böyük investisiya layihələri həyata keçirməyə başlayacaqlar. Bir sözlə, Rusiya nəfəs alacaq. Lakin bununla yanaşı, ABŞ tərəfindən tətbiq olunmuş sanksiyaların ləğvi heç də asan olmayacaq, çünki Konqres bu sanksiyaları qanun halına salıb. Digər tərəfdən, ABŞ sanksiyaları sırf Ukrayna ilə bağlı deyil, seçkilərə müdaxilə, Suriya rejiminə dəstək kimi məsələlərə görə də Rusiyaya sanksiyalar tətbiq olunub. Amma Rusiya-Ukrayna razılaşması prezident Trampın Putinlə dialoqu inkişaf etdirməsi və onunla sövdələşmələrə getməsi üçün münbit zəmin yaradacaq.

Bundan sonra nə olacaq?

Nəzərə almaq lazımdır ki, “Ştaymayer formulu”nun razılaşdırılması nizamlanmanın dalan vəziyyətindən çıxması üçün ilk addımdır. Hələ aydın deyil ki, bu addımın davamı gələcək, ya yox. Bir sıra mühüm suallar var ki, münaqişənin həlli məhz onlara veriləcək cavablardan asılıdır:

– Donbasda keçiriləcək seçkilərdən əvvəl Rusiya hərbi qüvvələri oranı tərk edəcəkmi?

– Seçkiləri kim təşkil edəcək: Ukrayna MSK, yoxsa separatçıların yerli seçki komissiyaları?

– Ukraynanın siyasi qüvvələri seçkilərə qatılıb, sərbəst şəkildə orada təbliğat-təşviqat apara biləcəkmi?

– Sərhəd xətti Kiyevin nəzarətinə seçkilərdən əvvəl veriləcək, ya sonra?

– Xüsusi status Ukrayna Konstitusiyasında əksini tapacaqmı?

Prezident Zelenski bildirib ki, bütün hərbi qüvvələr çıxarılmadan, Ukrayna qanunları separatçı regionlarda bərqərar olmadan və sərhəd xətti Kiyevin nəzarətinə qaytarılmadan orada seçki keçirilə bilməz. Bu məsələlərə çox güman ki, “Normandiya dördlüyü”nün yaxın həftələrdə keçiriləcək növbəti zirvə toplantısında və bu çərçivədə Zelenski ilə Putin arasında təşkil olunacaq ilk görüşdə aydınlıq gətiriləcək. Əgər bu görüş və danışıqlarda “Ştaynmayer formulu” ilə bağlı “yol xəritəsi” imzalanmasa, o zaman ciddi irəliləyişdən danışmaq mümkün olmayacaq. Onu da qeyd edək ki, Zelenskinin hazırkı mərhələdə öz reytinqini və hakimiyyətini təhlükəyə atmaq, müxalifətə yeni nəfəs vermək, Ukrayna tarixinə mənfi adla düşmək bahasına münaqişəni həll etmək kimi bir hədəfi yoxdur. Onun əsas qısamüddətli hədəfi etibarlı atəşkəs mexanizminin yaradılması yolu ilə qan tökülməsini dayandırmaq və Qərbdən investisiyalar cəlb edərək ölkənin iqtisadi inkişafına nail olmaqdan ibarətdir. Ukraynanın “Ştaynmayer formulu”na razılıq verməsi “Normandiya dördlüyü”nün sammitinin keçirilməsi üçün Rusiya, Almaniya və Fransanın əsas şərti idi. Zelenski bu görüşün baş tutmasında və sülh üçün böyük riskə getdiyini Qərbə nümayiş etdirərək, onların gözündə “öz qiymətini yüksəltməkdə” maraqlıdır.

Uzun sözün qısası, “Ştaynmayer formulu”nun razılaşdırılması ciddi addım olsa da, hələ Donbas münaqişəsinin həlli anlamına gəlmir.

Şahin Cəfərli, politoloq