Vətəndaş: "Muğan Banka borcumu tam ödədiyim halda məndən yenə pul tələb edirlər"

Vətəndaş: "Muğan Banka borcumu tam ödədiyim halda məndən yenə pul tələb edirlər"
11 Oktyabr 2019
Mətni dəyiş

Bu günlərdə saytımıza müraciət edən Abşeron sakini Dadaş Dadaşov "Muğan" bankdan şikayətlənib.

Abzas-a danışan şikayətçi deyir ki, bir neçə il əvvəl anasının adına "Muğan" bankdan 1370 manat pulu kreditə götürüblər. Faizlərlə birlikdə "Muğan" banka ödəməli olduqları məbləğ 2200 manat olub.

Lakin bir müddət sonra bu pulu ödəməkdə çətinlik çəkiblər.

"İş getdi məhkəməyə və məhkəmə 2015-ci ildə qərar çıxardı ki, borcun ödənilməyən hissəsi ödənilsin. Qalan hissəni hər ay pensiya kartımızdan çıxdılar və kredit 2017-ci ildə bitdi", - deyə Dadaş Dadaşov bildirib.

Şikayətçi deyir ki, bundan sonra "Muğan" bankın əməkdaşları onu yenidən narahat etməyə başlayıblar. Onun sözlərinə görə, bildiriblər ki, borc qalıb və ödənməlidir.

"Mənə ard-arda zəng edib dedilər borcu ödə. Dedim ödəmişəm və 2017-ci ildə bitib. Məhkəmə qərarı var və mən məhkəmə qərarında deyilənləri icra etmişəm, borcu ödəyib bitirmişəm. Dedilər ki, məhkəmə qərarı yanlışdır, sənin ödəməli olduğun borc var", - deyə Dadaş Dadaşov bildirib.

Məsələ ilə bağlı "Muğan" bankla da əlaqə saxladıq.

Bankdan bildirdilər ki, ola bilsin ki, texniki yanlışlıq olub. Sistemdə problem yarana bilər. Yaxşı olar ki, vətəndaş "Muğan" banka yaxınlaşsın və burda məsələni aydınlaşdıraq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun