“Türkiyə-ABŞ anlaşması: zəfər, yoxsa?” – Şahin Cəfərli

Türkiyə-ABŞ anlaşması: zəfər, yoxsa?..

Türkiyə və ABŞ Suriyanın şimal-şərqində yaranmış böhranın çözümü üçün anlaşdılar. Oktyabrın 17-də Ankarada prezident Ərdoğan və ABŞ-ın vitse-prezident Mayk Pens arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqların yekununda tərəflərin razılığını əks etdirən rəsmi açıqlama yayıldı. Bu açıqlama Türkiyənin iqtidar mediası tərəfindən “Sülh bulağı” əməliyyatında əldə olunan uğurların masada təsdiqi və zəfər kimi qiymətləndirildiyi halda, müxalifət çevrələri eyni fikirdə deyil. Türkiyə müxalifəti bu razılaşmanın ABŞ-ın basqılarından, Trampın diplomatik etikadan kənar məktubunun Ağ Ev tətəfindən mediaya ötürülməsindən, R.T.Ərdoğanın öncəki günlərdə atəşkəsi qətiyyətlə rədd etməsindən, əməliyyatların İraq sərhədinə qədər davam etdiriləcəyini vurğulamasından və M.Pensi qəbul etməyəcəyini bildirməsindən sonra imzalanmasını Ankaranın geri addımı kimi dəyərləndirirlər.

 

Kim haqlıdır? Bu anlaşma Türkiyənin zəfəridir, yoxsa məğlubiyyəti?

Əvvəla, qeyd edək ki, aralarındakı bütün problemlərə, kəskin fikir ayrılıqlarına baxmayaraq, iki ölkənin ortaq məxrəcə gələ bilməsi hər ikisinin maraqlarına uyğundur. Bu, onu göstərir ki, iki tərəf də bir-birindən qopub, uzaqlaşmaq istəmir. Türkiyənin üzünü Avropaya, Qərbə çevirməsi hələ cümhuriyyətdən əvvəl – XIX əsrin ortalarında Osmanlı dövrünün Tanzimat və İslahat fərmanları ilə başlayır. Cümhuriyyət qurulduqdan, xüsusən NATO üzvlüyündən sonra isə Türkiyə Qərblə bütün sahələrdə (siyasi, iqtisadi, hərbi, mədəni) dərin inteqrasiyaya gedib. Bu əlaqələrin qırılmasının və ya ciddi zədə almasının xüsusən hazırkı dönəmdə Türkiyə üçün ağır nəticələri ola bilər. Bir tərəfdən iqtisadi böhran, artan işsizlik, hər üç gəncdən birinin işsiz olması, büdcə kəsirinin hər ay böyüməsi, 450 milyard dollarlıq xarici borc yükü – hansı ki bunun üçdə biri qısamüddətli borclardır – Ərdoğanın Qərbə yönəlmiş sərt ritorikasının rəsmi siyasətə çevrilməsini əngəlləyən faktordur. Qərb bazarı Türkiyə üçün alternativsizdir, ixracatın 70%-i bu istiqamətə yönəlib. Rusiya və Çinlə qarşılıqlı ticarətdə isə Türkiyənin ziyanına rekord həcmdə mənfi saldo mövcuddur. (Məsələn, Çin və Türkiyənin 23 milyard dollarlıq ticarətinin 20 milyardını Çinin Türkiyəyə ixracı təşkil edir.) Vaxtı çatmış borcları ödəmək üçün Qərb maliyyə institutlarından mümkün qədər əlverişli şərtlərlə yeni borcların əldə edilməsinə ehtiyac var. Bu baxımdan Trampın “iqtisadiyyatınızı məhv edərəm” hədələri heç də əsassız deyil. ABŞ administrasiyası tərəfindən ilk sanksiyaların anonsu verilmişdi, bunlar daha çox xəbərdarlıq siqnalı xarakteri daşıyırdı. Əgər razılaşma olmasaydı, mərhələli şəkildə daha ağır sanksiyalar tətbiq olunacaqdı. (Hələ ki bu ehtimal tam aradan qalxmayıb, çünki Konqres sanksiyaların tətbiqi fikrindən vaz keçməyib.) Türkiyənin bank-maliyyə sisteminə tətbiq oluna biləcək sanksiyalar Türkiyə iqtisadiyyatını həqiqətən çökdürə biləcək qədər qorxulu ola bilər. Türkiyə siyasi qüvvələri və ictimaiyyəti xarici təzyiqlər qarşısında nə qədər iqtidarın tərəfindən olsalar da, getdikcə ağırlaşacaq həyat şərtləri, milli valyutanın dəyərsizləşməsi, insanların yoxsullaşması, iş yerlərinin bağlanması heç kimin xoşuna gəlməz və keçiriləcək ilk seçkidə Ərdoğanın və AKP-nin məğlubiyyəti ilə nəticələnər. Prezident bu təhlükəni gördü və ABŞ-la körpüləri yandırmağa meylli olmadı.

İran mənşəlii azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da Halk Bank işinə görə məhkəmə qarşısında.

Digər tərəfdən, ABŞ-da Rza Zərrab məsələsinin gündəmə gətirilməsi də, düşünürəm ki, Türkiyə rəhbərliyinin öz mövqeyini yumşaltmasında mühüm rol oynadı. ABŞ-da araşdırılan bu cinayət işinin materiallarında xoşagəlməz məqamlar var. Söhbət R.Zərrabın İrana qarşı BMT sanksiyalarını aşmaq üçün Türkiyənin köməyi ilə “Halkbank” vasitəsilə qurduğu illeqal mexanizmin ifşasından gedir. Bu qanunsuz əməliyyatlar zamanı Türkiyə rəhbərliyinə dail olan şəxslərə külli miqdarda (axı 80 milyon dollar) rüşvət verilib. Bu faktların hamısı ABŞ-da istintaqı aparılan cinayət işində var. Tramp əlindəki səlahiyyətlərdən istifadə edərək bu təhqiqatın başa çatdırılması və məhkəməyə göndərilməsini ləngidirdi, lakin son hadisələrdən sonra bu məsələ təkrar aktuallaşdı. Hətta qeyri-rəsmi səviyyədə məlumatlar yayıldı ki, Türkiyə prezidenti iş üzrə qiyabi olaraq müttəhim qismində cəlb ediləcək. Dövlət bankı “Halkbank”a isə bir neçə milyard dollar cərimə kəsilməsi təhlükəsi var idi, belə bir cərimə Türkiyənin bank sisteminə sarsıdıcı təsir göstərə bilərdi. Hələ ki təhlükə tam sovuşmasa da, Ərdoğan-Pens anlaşması ən azı indiki mərhələdə bu qorxulu ssenarinin gerçəkləşməsinin qarşısını aldı.

 

Təhlükəsizlik zonası: 480, yoxsa 120 kilometr?

Anlaşmanın detallarına gəlincə, burada Türkiyənin narahatlıqlarının ABŞ tərəfindən nəzərə alındığını görürük, amma hansı səviyyədə? Ankara bütün istədiklərini əldə edə bildimi? Bu suala cavab tapmaq üçün Türkiyənin “Sulh bulağı” ilə nəyi hədəflədiyini dəqiqləşdirmək lazımdır. Əvvəla, Türkiyə Fəratın şərqində İraq sərhədinə qədər olan 480 km uzunluğunda zolağı nəzarətə götürərək cənuba doğru 30-35 dərinliyi olan ərazidə təhlükəsizlik (bufer) zonası yaratmaq istəyirdi. İkincisi, məqsəd regionda kürd separatçı-terrorçu hərəkatının Suriya qolu olan YPG qruplaşmasını məhv etmək idi. ABŞ-la əldə olunan razılaşmada təhlükəsizlik zonasının parametrləri göstərilməyib və bu məsələdə qeyri-müəyyənlik var. Əgər 480 km zolağın PYD-YPG-nin əlindəki bütün hissələri bu zonaya aid ediləcəksə, onda bu, Türkiyənin ciddi uğurudur. Yox, əgər söhbət Türkiyənin son əməliyyat zamanı nəzarətə götürdüyü təxminən 120 km-lik Tel-Abyad – Resulayn xəttindən gedirsə, onda bunu böyük uğur kimi qiymətləndirmək olmaz. Hazırda “Sülh bulağı” ilə Türkiyənin ələ keçirdiyi ərazi 480 km-lik zolağın 15%-i həcmindədir.

Türk ordusu Suriyada Tel-Abyad şəhərinə girir.

Digər tərəfdən, son günlər YPG-nin Rusiya və Əsəd rejimi ilə razılaşmasına uyğun olaraq, kürd qüvvələri Menbiç şəhərini, eləcə də Türkiyə sərhədindəki Kobani, Qamışlı kimi önəmli məntəqələri mərkəzi hökumətə təhvil verdi. ABŞ qüvvələri də bu əraziləridən çıxdı. Yəni şərqdə İraq sərhədinə, qərbdə Türkyənin əlindəki Cerablusa qədər olan əraziləri vahid zolaq kimi birləşdirmək üçün adı çəkilən yerləri Əsədin əlindən almaq lazımdır. Bu isə yalnız Rusiyanın qərarı ilə mümkündür. Türkiyə tərəfi ümidlidir ki, ayın 22-də Soçidə Ərdoğan və Putin arasındakı görüşdə bu barədə razılıq əldə etmək mümkün olacaq. Hal-hazırda Moskvanın mövqeyi belədir ki, Türkiyə Suriya ilə 1998-ci ildə imzaladığı Adana sazişi çərçivəsində Şamla ortaq şəkildə Suriyanın şimalında antiterror əməliyyatları keçirə bilər. Bu saziş isə yalnız 5 km dərinliyə qədər ərazidə əməliyyatlara icazə verir, özü də Şamın razılığı ilə. Yəni Türkiyəni qane edən bir məsələ deyil. Ərdoğan-Putin görüşündə bunun xaricində hansısa sürpriz anlaşmanın əldə olunub-olunmayacağını indidən bilmək qeyri-mümkündür. Onu da əlavə edək ki, YPG ABŞ qüvvələrinin çıxmasından sonra Rusiya və rejimin himayəsinə girib.

Ərdoğan-Pens anlaşmasında əksini tapmış digər məqamlar – YPG qüvvələrinin 32 km dərinliyə malik olacaq təhlükəsizlik zonasından çıxarılması, onların həmin ərazidəki bütün istehkamlarının sökülməsi və ABŞ tərəfindən verilmiş ağır silahların geri alınması müsbət məqamlardır. Lakin bunun Türkiyə üçün mənfi tərəfi odur ki, cənuba çəkiləcək YPG-nin məhvindən söhbət getmir. Bu qruplaşma yerli aktor olaraq mövcudluğunu davam etdirəcək.

Ümumilikdə “Sülh bulağı” əməliyyatının hələlik ən önəmli nəticəsi budur ki, YPG Fəratın şərqindən İraqa qədər olan ərazidə hökmranlığından məhrum oldu. Onların Əsədə sığınması Türkiyə üçün aruolunmaz varinatdır, lakin hər halda, Suriyanın Türkiyə ilə sərhədində YPG əvəzinə mərkəzi hökumətin nəzarətinin bərpası daha məqsədəuyğundur. Yəni Ankara bu əməliyyatla istəmədən də olsa, Suriya mərkəzi hökumətini sərhədə gətirdi. Bir sözlə, Türkiyə-Suriya sərhədinin Fəratın şərqindəki hissəsində PKK-nın Suriya qolunun yaratdığı de-fakto idarəçilik önəmli ölçüdə dağılmış oldu. Amma bu, Suriya kürdlərinin siyasi çözüm zamanı status almayacağı anlamına gəlmir. PYD-YPG yalnız Türkiyə tərəfindən teror təşkilatı kimi tanınır, ABŞ, Rusiya, Avropa, Çin, Orta Şərq ölkələri, bir sözlə, dünya tərəfindən isə Suriya kürdlərinin legitim təmsilçilərindən biri kimi qəbul olunur. Onların Moskvada rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Yeri gəlmişkən, Rusiya heç PKK-nı da terrorçu saymır. Bütün bunlar Türkiyənin işini çətinləşdirən amillərdir. Böyük ehtimalla siyasi həll mərhələsində Suriya kürdlərinə adı muxtariyyət olmasa belə, hansısa formada özünüidarə statusu veriləcək.

 

 

 

 

 

Politoloq Şahin Cəfərli