Suriya əməliyyatı: Barış Pınarı, yoxsa diktatorun seçki qalxanı?

Türkiyə prezidenti Receb Tayyip Erdoğan və müdafiə naziri Hulusi Akar (solda)

Artıq üçüncü gündür ki Türkiyə Suriyada hərbi əməliyyatlara başlayıb. Əməliyyatın adı “Barış Pınarı”dır. Azərbaycan cəmiyyətində də bu əməliyyat bir xeyli müzakirə olunduğundan düşündüm ki, bu mövzuda yazmaq lazımdır.

İlk öncə ondan başlayaq ki, Suriya problemi Ərdoğanın öz hakimiyyət kreslosunu qorumaq üçün ölkəsinin başına açdığı oyundur. Silahlı mübarizədən faktiki olaraq, imtina edib parlamentdə əyləşən kürdləri 2015 seçkilərindəki fiaskodan sonra zorla silaha doğru itələyən və vaxtilə Türkiyənin həqiqətən ciddi problemi olsa da, artıq bir xeyli dərəcədə həllini tapmış “kürd problemi”ni süni şəkildə yenidən canlandıran Ərdoğan oldu.

Şimali Suriyada kürdlərin mövcudluğunun, güya Ərdoğanı narahat etməsi isə beyinlərə yaxşıca yeridilmiş illüziyadır. Ərdoğanın güya terrorla, İŞİD-lə mübarizə aparması məsələsi kimi. Halbuki, İŞİD aylarla türk kəndlərinə bomba yağdıranda, Ərdoğanı qoyaq kənara, yüksək rütbəli rəsmilərdən birinin belə buna reaksiya verməməsi bunu açıq şəkildə göstərir.

Üstəlik, məşhur “təyyarə krizi”ndə Rusiya kəşfiyyatı Türkiyənin İŞİD-i dəstəklədiyini faktlarla ortaya qoymuşdu. Və öz zindanlarından minlərlə İŞİD-çini azadlığa buraxan, eləcə də bütün dünyadan gələn mücahidlərin Suriyaya daxil ola bilməsi üçün öz sərhəddində qara dəlik açan da Ərdoğan Türkiyəsi idi.

Suriyalıların ölkəyə qəbulu Ərdoğan üçün siyasi xal idi, etdi və onun hesabına xeyli əlavə səs qazandı. Və Suriyalıların hesabına onu boğaza yığmış Avropa İttifaqını şantaj etmək, onsuz da insan haqları məsələsində adı qara siyahıda olan bir diktator üçün əla demarş imkanı idi. Elə ki, suriyalılar türk cəmiyyətində problemə çevrilməyə başladı, eləcə də Aİ suriyalıların maliyyələşdirilməsini azaltdı, Ərdoğan üçün bu kart artıq mənasızlaşdı və əlavə yükə çevrildi. Onlardan qurtulmaq lazım idi.

Bəs necə? Hara?

Mümkün olan ən məqbul variant şimali Suriyada türk ordusunun qoruyacağı bufer zona yaradıb suriyalıları ora köçürtmək qərarı idi. Və türk ordusu da indi o işlə məşğuldur. Bu əməliyyatın pafoslandırılması, türkün dünya üzərindəki qələbəsi adlandırılması ucuz, amma təəssüf ki hələ də effektini itirməyən təbliğatdır. Tarix haqda bilgisizlikdəndir.

Başqa hadisələri qoyaq kənara, Ənvər paşanın təzyiqi ilə Osmanlı İmperiyasının Almaniyanın tərəfində I dünya müharibəsinə girməsinin nəticəsində təqdim olunan qan və torpaq hesabını vikipediyadan rahatlıqla tapmaq mümkündür. Bu məsələdə taleyin ironiyası ondadır ki, tarixdə nə vaxt hansı despot milyonların qanını axıdacaq bir zibil qaynatmağa hazırlaşırsa, mütləq öz əməlinin adına “sülh” ifadəsi soxuşdurur.

I dünya müharibəsinin baş memarı Erix Lüdendorf, 20 milyon cəsədin Avropanın bir ucundan o biri ucuna səpələnəcəyi müharibənin ərəfəsində “qürurlu sülh”dən danışırdı. Hitler də 1939-cu ildə Reyxstaqda Polşaya hücum etməzdən əvvəl sülhdən və polyakların bu işə əngəl törətməsi bağlı gurultulu çıxış etmişdi. Napolyon Moskva səfərini Avropada sülhü bərqərar etmək istəyilə əsaslandırırdı. Yaponiya dünyanın ⅙-ni işğal edəndə, general Tojo sülhpərvər ölkədən və imperatorun sülh istəklərindən bəhs edirdi. ABŞ balaca Vyetnama iki dünya müharibəsində bütün dövlətlərin bütün dövlətlərə atdığından daha çox bomba atanda Lindon Conson həftədə bir dəfə sülh çıxışı edirdi. Siyahını uzatmaq da olar.

Bütün hallarda müharibə müharibədir, sülh isə sülh. Napalm qoxusuyla yuxudan oyanan vyetnamlılara, “ABŞ prezidenti bunu sülh üçün edir” demək nə qədər məntiqsiz idisə, Ərdoğanın öz əməliyyatına “sülh” adı qoyması da o qədər riyakardır.

Evini itriən, başına bomba yağan adamların əzab və iztirabları Türkiyə cəmiyyətində coşan milliyətçilik dalğasında görünməz olub. Amma hətta qəlb ağrısını kənara qoyub rasionallıqla düşündükdə belə, Türkiyənin Suriyada aktiv hərbi əməliyyatlara qoşulması, reytinqi xeyli azalan Ərdoğandan başqa heç kimə lazım deyil.

Türkiyə, Aİ və müsəlman dünyasını əhatə edən 100-dən artıq ölkənin yerləşdiyi nəhəng bir regionun liderlərindən biri olmaq prespektivindən, bir nəfərin və onun ailəsinin hakimiyyətini qoruyub saxlamaq üçün imtina etdi və yavaş-yavaş Rusiyanın forpostu olmağa doğru getməkdədir. Tankın üstündəki cəngavər “mehmetçik” şəkilləri bu həqiqəti dəyişdirə bilməz.

İlkin Rüstəmzadə