Sovetləşmənin ilk qurbanlarından biri: arxadan atılan güllənin hekayəti...

Sovetləşmənin ilk qurbanlarından biri: arxadan atılan güllənin hekayəti...
5 Oktyabr 2019
Mətni dəyiş

1-ci epizod

1878-ci ildə dövrünün görkəmli maarifçilərindən biri Aleksandr Çernyayevski Şuşaya, buradakı rus məktəbinə gəlir. Onun məqsədi Gürcüstanda, Qori şəhərində fəaliyytə başlayan müəllimlər seminariyasına tələbə cəlb etmək idi. Bir il sonra – 1879-cu ildə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi yaradılacaq, Çernyayevski həmin şöbənin müfəttişi təyin ediləcək və düz 14 il həmin vəzifədə çalışacaq, Azərbaycan ədəıbiyyatının, ictimai fikrinin bir çox görkəmli nümayəndələrinin – Rəşid bəy Əfəndiyev (1863-1942), Səfərəli bəy Vəlibəyov (1861-1902), Mahmud bəy Mahmudbəyov (1859-1923), Teymur bəy Bayraməlibəyov (1862-1937), Süleyman Sani Axundov (1875-1939), Cəlil Məmmədquluzadə (1866-1932) və digərlərinin yetişməsində mühüm rol oynayacaqdı.

Onlardan biri də Şuşa rus məktəbinə gəlişi zamaanı diqqətini çəkən Firudin bəy Köçərli olacaqdı.

Firudin bəyin 16 yaşı olarkən tələbə kimi başlayan seminariya həyatı 1885-ci ilədək davam edəcək, 1895-1918-ci illər ərzində burada müəllim kimi çalışacaq, 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunacaqdı...

2-ci epizod

Firudin bəyi Azərbaycan folklorunun ilk professional toplayıcısı, xalq yaradıcılığı nümunələrini birinci dəfə kitab şəklində çap etdirən, ədəbiyyatşünaslıq tarixi elmimizin banisi kimi tanıyırıq.

1912-ci ildə tərtib etdiyi “Balalara hədiyyə” kitabı dövrünün misilsiz hadisələrindən biri idi. Azərbaycan uşaq ədəbiyyatının inkişafında həmin kitabın rolu əvəzsiz idi, elə bu səbəbdən o çağların mütərəqqi ziyalıları tərəfindən böyük təqdirlə qarşılanmışdı.

1870-ci ildə Şuşada ilk dəfə aktyor və xanəndə Mİrzə Muxtarın təşəbbüsü ilə Azərbaycan dilində tamaşa hazırlanmış, sonralar adı mədəniyyətimiz tarixinə yazılan Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov, Cabbar Qaryağdıoğlu ilə yanaşı Firudin bəy də bu tamaşada iştirak etmişdi.

1886-cı ildə isə artıq 23 yaşı olan və İrəvan gimnaziyasında bir ildir dərs deyən Köçərli burada da teatr tamaşaları təşkil edirdi.

Bir sözlə, Köçərli hələ gəncliyinin ilk çağlarından xalqın aydınlanmasına, savadlanmasına, mədəni səviyyəsinin yüksəlməsinə çalışırdı.

Qeyd 1. Firudin bəy Qori müəllimlər seminariyasını bitirdikdən dərhal sonra 10 il müddətində (1885-1895-ci illər) İrəvan gimnaziyasında müəllim işləmişdi...

3-cü epizod

Firudin bəyin ən böyük xidmətlərindən biri Qori müəllimlər seminariyasının Azərbaycan bölməsinin ölkəmizə köçürülməsində oynadığı həlledici rolla bağlıdır.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra qarşıda dayanan ilk vəzifələrdən biri kimi maarif işinin gücləndirilməsi müəyyənləşdirilir. Bu vəzifəni layiqincə yerinə yetirməyə mane olan başlıca səbəblərdən biri isə müəllim qıtlığı idi. Bunu nəzərə alaraq, Cümhuriyyət hökuməti Qori müəllimlər seminariyasının tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi məqsədilə 1918-ci il 22 iyun tarixli qərarı ilə bölmənin keçmiş inspektoru Firudin bəy Köçərlinin sərəncamına beş min rubl pul vəsait ayırır. Çox keçmədən bölməsi Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilir...

4-cü epizod

Lakin bu o qədər də asan başa gəlmir. Belə ki, seminariyanın Azərbaycan bölməsinin öncə Cümhuriyyətin o vaxtkı paytaxtı Gəncədə təşkil edilməsi nəzərdə tutulmuşdu.

Bölmənin əmlakı qatara yüklənir, ancaq Ağstafa vağzalında qərar dəyişdirilir: Gəncə istiqamətində vəziyyətin təhlükəli olduğunu nəzərə alaraq seminariyanın Qazaxda təşkil olunması qərarlaşdırılır. Buranın nüfuzlu şəxslərindən Məşədi İbrahim Hacı İsmayıl oğlu özünün 17 otaqdan ibarət mülkünü təmənnasız şəkildə seminariya üçün ayırır.

Cümhuriyyət hökumətinin həmin vaxtkı Baş naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Firudin bəy Köçərli seminariyanın direktoru təyin edilir.

1918-ci il noyabrın 10-da təntənəli açılış mərasimi baş tutur, bununla da Azərbaycan maarif tarixinin ən parlaq hadisələrindən biri gerçəkləşir.

Qeyd 2. Bu sətirlərin müəllifi Qori müəllimlər seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi və buradakı fəaliyyəti ilə bağlı ətraflı bəhs etmək barədə düşündüyündən hələlik yuxarıda yazılanlarla kifayətlənir, ancaq bir daha vurğulamaaq gərəyi duyur ki, sözügedən hadisənin baş tutması Cümhuriyyət hökumətinin ardıcıl, prinsipial səyləri ilə yanaşı, Firudin bəyin inanılmaz fədakarlığı, əzaabkeşliyi nəticəsində mümkün olmuşdu.

5-ci epizod

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətini elan edən Milli Şuranın üzvlərindən biri olan Firudin bəy Köçərli sovetləşmənin ilk qurbanlarından birinə çevrildi.

28 aprel 1920-ci ildə gerçəkləşən rus-bolşevik işğalından qısa müddət sonra, may ayında Gəncədə baş qaldıran qiyam zamanı təcavüzkar XI Qızıl ordunun 20-ci diviziyasının hökmü əsasında həbs edilir.

Çox keçmədən 7№-li Xüsusi bölmənin rəisi Libermanın yan-yörəsindən ayrılmayan erməni əsilli Sarkis Danilyan ad-soyadlı biri Firidun bəy haqqında saxta ittiham hazırlatdırır: "4 iyun 1920-ci il. Gəncə: "Mən 20 diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinsiki Qazaxda... millətçilik ehtiraslarını qızışdırmışdır, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun azadlıqda qalması gələcəkdə Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər".

Bu ittiham əsasında Firudin bəyə güllələnmə cəzası təyin edilir.

Həmin hökmün altında isə Libermanla yanaşı, fövqəladə komissar Həmid Sultanovun da imzası yer alır.

Qeyd 3. Bu həmin Həmid Sultanovdur ki, əli yalnız Firudin bəy Köçərlinin günahsız qanına bulaşmayacaq, sovetləşməyə qarşı tarixi Gəncə qiyamının yatırılmasında da rol oynayacaq, qiyam iştirakçılarının amansızcasına cəzalandırılmasında da canfəşanlıq göstərəcək, lakin işğalçı rejimin gözünə batmağı bacarmayacaq, öncə qiyamın erkən qarşısı alınmadığı, nəticədə miqyası genişləndiyi üçüü tənbeh eşidəcək, 1937-ci il repressiyası zamanı isə özü də “xalq düşməni” kimi güllələnməni dadacaqdı...

6-cı epizod

Firidun bəy Köçərlinin həbsi və güllələnməsi ilə bağlı bir neçə maraqlı məqam da var.

Bunlardan biri həbs xəbərini eşidən Azərbaycan SSR Xalq Komissarları Sovetinin o vaxtkı sədri Nəriman Nərimanov tərəfindən Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram ünvanlamasıdır. İddialara görə, teleqram şəhərə çatanda artıq gec imiş: güllələnmə hökmü icra edilibmiş.

Başqa bir məqam Köçərlinin arxadan atılan güllə ilə öldürülməsidir. Bundan çıxış edərək (bəlkə də öncədən planlaşdıraraq!) uzun illər əsl həqiqəti təhrif etməyə çalışıblar. Guya o, tam təsadüf nəticəsində güllələnibmiş.

Həyasızlığın bu qədərinə heyrətlənməkdən başqa adamın əlindən bir iş gəlmir.

7-ci epizod

Firudin bəy Qazaxın məşhur nəsillərindən birindən – Vəkilovlardan xanımla evlənmişdi. Onun qardaşları Məmməd ağa və Ismayıl ağa Qori Müəllimlər Seminariyasında şuşalı Firidun bəylə birgə oxumuşdular, Köçərli də gələcək həyat yoldaşını elə onlarla birlikdə ata yurdlarına – Salahlı kəndinə gələrkən görüb bəyənmişdi. 1897-ci ildə ailə qurmuş, bundan sonra Firudin bəyin ilk işi ona fərdi dərslər vermək, maarifçi kimi yetişdirmək olmuşdu.

Uzun müddət evli qalsalar da, övladları dünyaya gəlməmiş, elə bu da Badisəba xanımı sonda  Qazaxda ilk uşaq evini yaratmağa, kimsəsiz uşaqları himayə altına almağa, onlara ana qayğısı göstərməyə həvəsləndirmişdi. Hansı ki, bu həvəs ömrünün sonunadək sönməyəcək, Sovet hakimiyyəti illərində belə, bu missiyasını Azərbaycanın müxtəlif guşələrində davam etdirəcək, “Badisəba ana” kimi ün qazanacaqdı...    

Həyat yoldaşının güllələnməsindən sonra Badisəba xanım xeyirxahların yardımı ilə Bakıya köçmüş, burada pedaqoji texnikumda tərbiyəçi işləməyə başlamışdı. Sonradan bütün çətinliklərə, “xalq düşməninin” həyat yoldaşı olmasının qarşısına çəkdiyi maneələrə baxmadan qətiyyən sarsılmamış, ali təhsil almış, pedaqoji fəaliyyətlə məşğul olmuşdu.

Badisəba xanımın Şəkidə uşaq evində işləyərkən övladlığa götürdüyü üç yaşlı qız uşağı – Roza Həşimova çox sonralar onun ərinə, Firudin bəy Köçərliyə sonsuz sevgisini belə ifadə edəcəkdi: “Evdə Firidun bəyin gümüş qaşığını, bıçağını, lamrasını və nəlbəkisini də ayrıca saxlayardı. Qızıldan rariros qabı vardı, üstündə “Firidun bəy Köçərli” yazılmışdı. Çəkisi dörd yüz əlli qram idi. Evimizdə onun ən çox əzizlədiyi, ağlaya-ağlaya vərəqləyib baxdığı bir böyük albom vardı. Mən onu zorla yerdən qaldırardım. Üstündə rusca gümüşdən iri hərflərlə “F.K.” yazılmışdı. Onu 1895-ci il oktyabrın 23-də Irəvan gimnaziyasının müdavimləri Firidun bəyə avtoqrafla hədiyyə vermişdilər. Orada Firidun bəyin çərkəzi geyimdə, Badisəba xanımla, qohumları ilə, qardaşları İsmayıl və Məmmədağa Vəkilovla, tələbələrilə, Şuşada, Qori və Tiflisdə çəkilmiş çoxlu fotoşəkilləri saxlanılırdı...”.

Daha bir maraqlı fakt: 1937-ci ildə o zaman Bakıda yaşayan və "Azərnəşr"də işləyən Əziz Şərif Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımdan xahiş edir ki, onu Badisəba xanımın mənzilinə ararsın. Badisəba xanım həmin görüşdə Firudin bəydən yadigar qalan bir sandıq materialı Əziz Şərifə göstərir, ərinin arxivi olduğunu deyir.

Məlum olur ki, həmin arxivi uzun illər boyunca göz bəbəyi kimi qoruyub, oradan kimsəyə bir kağız parçası belə verməyib...

Elnur Astanbəyli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun