REAL-ın ən böyük problemi - Altay Göyüşov

REAL-ın ən böyük problemi - Altay Göyüşov
8 Oktyabr 2019
Mətni dəyiş

ReAL-ın ən böyük problemi o oldu ki, cəbhələşmə yolu tutdu. Halbuki İlqar Məmmədov özü dəfələrlə vurğulayırdı ki, bizim elektoratımız AXCP elektoratından fərqlidir. ReAl cəbhəçilik yolu tutana qədər bu tamamilə doğru idi və sürətli yüksəliş dövrü yaşayırdı. Cəbhələşmə isə ReAl-ın bu mövqeyini ciddi şəkildə sarsıtdı və faktiki olaraq 2016-cı ildəki yüksəliş dövründən indiki duruma gəlib düşməsinə səbəb oldu.

Başa düşmək lazım idi ki, dövr və zaman, elə həmçinin Azərbaycan da dəyişir. AXCP-nin konkret sosial bazası var. Kifayət qədər möhkəmdir, amma bu bazanın gücü ilə ölkədə dəyişiklik etmək mümkün deyil. Çünki Azərbaycan cəmiyyətinin strukturu dəyişir. Başa düşmək lazım idi ki, AXCP-ni gücləndirən onun özünün fəaliyyətindən çox hökumətin gənclik hərəkatına qarşı başlatdığı kütləvi repressiyalar oldu. Hökumət bu hərəkatı yerlə yeksan elədi, ona görə də AXCP yenidən güclü görsənməyə başladı.

Gözümüzün qarşısında baş verirdi, Qiyas da bir dəfə nöqtəsinə vurmuşdu ki, AXCP hətta özünə qarşı repressiyaları belə xeyrinə çevirə bilmir. Mən bir az da uzağa gedib deyərdim ki, AXCP hətta öz siyasi məhbuslarının müdafiəsində belə həmin gənclik hərəkatından, yeni müxalifətdən zəif görsənir. Mehmanın, İlqarın, Natiqin, Qiyasın, Bayramın hüquqlarının müdafiəsinə əhalinin daha böyük seqmentləri mobilizasiya olunur, nəinki AXCP-nin irili-böyüklü funksionerlərinin müdafiəsinə. Təbii ki, bunun səbəbi AXCP-də deyil, Azərbaycan cəmiyyətinin dəyişən strukturundadır. İnsafən AXCP bu dəyişən cəmiyyət strukturuna uyğun addımlar atmaq istəyir. Amma alınmır. İçəridəki sistem buna imkan vermir. Bir növ bu mənada YAP sisteminə oxşayır. Sorbon universitetini qurtarmış İnam Kərimovu qoyursan nazir, sistem onu Səyavuş kimi danışmağa vadar edir.

Dəyişən cəmiyyət strukturunda bütövlükdə orta sinfin, xüsusən gənc sosial orta sinfin güclənməsi prosesi baş verir ki, bu təbəqə nəinki AXCP tərəfdarı deyil, hətta belə demək olarsa, onun radikallığından, sərtliyindən, ritorikasından qorxur. Amma dəyişikliyi də həmişə məhz bu təbəqə gətirir. Saakaşvili inqilabının dayaq nöqtəsi Üzeyir Mehdizadə tərəfdarları deyildi, ölkənin kifayət qədər güclü vətəndaş cəmiyyəti idi. Paşinyanı Üzeyir Mehdizadə tərəfdarları hakimiyyətə gətirmədi, aparıcı rolu ölkənin kifayət qədər güclü və gənc İT sektoru oynadı. Bizdə də o rolu məhz gənclik hərəkatı NİDA, REAL oynayacaqdı, amma hökumət sərt repressiyaları ilə bu prosesin qarşısını aldı. Bu repressiayalar üçün xaricdən dəstək də qazandı.

Fəqət gənclik hərəkatı beşiyində boğulsa da, onun bazası olan sosial orta təbəqə sıradan çıxarılmadı, çıxarıla bilməzdi. Ona görə hakimiyyət həmin narazı, dəyişiklik potensialına malik təbəqəni öz tərəfinə çəkmək, trendin qarşısını almaq, neytrallaşdırmaq üçün də müəyyən yumşalmalar etdi, YARAT filan kimi layihələrlə öz tərəfinə çəkmək cəhdi göstərdi. Bu ölkədə gənclik hərəkatının repressiyaları boşuna gemədi. İnsanların əzmkarlığı hədər olmadı. Hökuməti ciddi şəkildə geri çəkilməyə, müəyyən mənada siyasətini yenidən dəyərləndirməyə və korrektələrə məcbur oldu. Yəni ümumiyyətlə trend dayanmadı.

Problem sadəcə ondadır ki, bu dəyişikliyi istəyən, ölkədə feodlaizm qurulduğunu anlayan, bunu dərk edən, istər özünün, istər məmləkətinin taleyi üçün ziyanlı olduğunu başa düşən təbəqənin siyasi iradəsini ifadə edəcək siyasi qurum yoxdur. Yuxarıda dedim ki, AXCP bunu etmək iqtidarında deyil, içindəki sistemi buna imkan vermir. ReAl da rəhbərliyinin dəyərləndirmə qabiliyyətiinin zəif olması səbəbilə bu gücə malik olduğunu başa düşmədi, Banqladeşdəki Üzeyir Mehdizadə fanatlarına sosial baza kimi baxmağa başladı. Bu günün söhbəti deyil, trend 2016-dan başlayıb.

Amma rus demişkən müqəddəs yer də boş qalmır. Dəyişiklik qaçılmazdır, deməli onun lider təşkilatı da önə çıxacaq. Bu gün dünəndən fərqlidir. Bu gün hakimiyyətin gücü onun repressiyalarında deyil, heç repressiyaları da əvvəlki kimi aparmaq gücü yoxdur. Dəyişiklik gücündə olan həmin o orta təbəqəni siyasi aktivliyə maraqlandıracaq, hərəkətə gətirə biləcək qüvvə yoxdur. Amma dediyim kimi meydan çıxması da qaçılmazdır.

P.S. Azərbaycanda çox böyük bir kütlə həkimlərdir və əmin ola bilərsiniz ki, bu kütlə (təbii ki, cüzi istisnaları çıxmaq şərtilə) Üzeyir Mehdizadəyə qulaq asmır.

Azərbaycanda çox böyük kütlə ali və orta məktəb müəllimləridir və əmin ola bilərsiniz ki, bu kütlə (təbii ki, cüzi istisnaları çıxmaq şərtilə) Üzeyir Mehdizadəyə qulaq asmır.

Azərbaycanda kiçik olmayan kütlə xaricdə oxumuş gənclərdir və əmin ola bilərsiniz ki, bu kütlə Üzeyir Mehdizadəyə qulaq asmır.

Azərbaycanda çox böyük kütlə ali məktəb tələbələri, ali təhsillilərdir ki, əmin ola bilərsiniz, bu kütlənin böyük çoxluğu Üzeyir Mehdizadəyə qulaq asmır.

Azərbaycanda səsi-səmiri güclü çıxan kütlə aktivist gənclər və vətəndaş cəmiyyətidir ki, əmin ola bilərsiniz, onlar Üzeyir Mehdizadəyə qulaq asmır.

Ən azı Bakıda böyük bir rusdilli kütlə var ki, onlar da Üzeyir Mehdizadəyə qulaq asmır.

Azərbaycanda çox böyük kütlə orta və aşağı ranqlı məmur təbəqəsidir ki, simpatiyası qətiyyən hökumətin yanında deyil, həm də əsla Üzeyir Mehdizadəyə qulaq asmır.

Uzada bilərəm, amma saxlayıram.

Azərbaycanda dəyişikliyin motoru da bunlardır ki, onları hərəkətə gətirəndə, maraqlandıranda, onlar üçün cəlbedici olanda ölkəyə dəyişiklik gələcək. Üzeyir Mehdizadə isə məhz Türkmənistanda, Özbəkistanda dəyişiklik vasitəsi ola bilər. Amma Berdımuhammed də hərif deyil, özü başlayacaq onun və Rəqsanənin mahnılarını oxumağa. Azərbaycan cəmiyyəti isə fərqli liqadadır. İkinci liqanın oyunçuları birinci liqada çempion ola bilməz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun