Mitinqlə əlaqədar 28 may meydanı polis tərəfindən bağlanılıb, üç metro stansiyası bağlanıb

Mitinqlə əlaqədar 28 may meydanı polis tərəfindən bağlanılıb, üç metro stansiyası bağlanıb
19 Oktyabr 2019
Mətni dəyiş
Bakının mərkəzində metronun “28 May” stansiyası və dəmiryolu vağzalı qarşısındakı meydan oktyabrın 19-da səhər saatlarından etibarən polis tərəfindən mühasirəyə alınıb. Meydan ətrafındakı bütün mağazalar bağlanıb, xırdavat, qəzet, içki satan köşklər yığışdırılıb. Həmçinin, böyük ictimai iaşə obyektləri və ticarət mərkəzləri bağlanıb. Meydandakı dayanacaqdan yüzlərlə avtomobil yığışdırılıb. Meydan boyunca içərisində polislər olan avtomobillər yerləşdirilib, meydanda mülki geyimli polislər və digər hüquq-mühafizə orqanlarının əməkdaşları patrul xidməti çəkir. Bütün bu təhlükəsizlik tədbirləri Demokratik Qüvvələrin Milli Şurasının saat 15-ə təyin edilmiş icazəsiz mitinqi ilə bağlı görülüb. Müxalifət bütün vətəndaşları hökumətin siyasətinə, korrupsiyaya və siyasi məhbus probleminə qarşı etiraz mitinqinə çıxmağa çağırıb. Hakimiyyət şəhərin mərkəzində mitinqə icazə verməkdən imtina edib, aksiyanı paytaxtdan 20 km məsafədə keçirməyi təklif edib. Aksiya ərəfəsində hakimiyyət icazəsiz aksiyaya görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edib və onlarla müxalifət fəalını həbs edib. Bundan əlavə Bakı metropoliteni mitinq keçirilən əraziyə yaxın olan üç metrostansiyanı da müvəqqəti bağlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun