Məhkəmə keçmiş deputat Hüseyn Abdullayeva 6 il həbs cəzası verib

Məhkəmə keçmiş deputat Hüseyn Abdullayeva 6 il həbs cəzası verib
2 Oktyabr 2019
Mətni dəyiş

Ötən ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmiş keçmiş deputat Hüseyn Abdullayevə 6 il həbs cəzası kəsilib. Oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi belə hökm çıxarıb.

Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı bu hökmlə sabiq deputatın özüylə yanaşı, onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb.

Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.

Zeynəb Abdullayevanın ölkədən qanunsuz çıxmasına yardım etməkdə ittiham olunan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz KazımovXalid Əliyevə şərti cəza verilib. Onlar öncə həbs olunub, bir ilə yaxın təcridxanada saxlansalar da, məhkəmə başlayanda ev dustaqlığına buraxılmışdılar.

Digər təqsirləndirilən şəxslərdən Abdullayevlər ailəsinə məxsus "Araz-İnşaat" ASC-də işləmiş Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum edilib.

Abdullayevlərin qohumu İntiqam Soltanov da şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan "Araz-İnşaat" ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. Hüseyn Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

Hüseyn Abdullayev məhkəmədə ِözünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bundan sonra Abdullayevin mandatı əlindən alınmış, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə Hüseyn Abdullayevin "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun