Konqresin “erməni soyqırımı”nı tanıması nə mənaya gəlir? – Şahin Cəfərli

Amerika Konqressi

Konqresin “erməni soyqırımı”nı tanıması nə mənaya gəlir?

 

ABŞ Konqresinin Nümayəndələr Palatası “erməni soyqırımı”nın tanınması haqqında qətnamə layihəsini qəbul etdi. Bu səsverməni Vaşinqtonda son vaxtlar Türkiyə əleyhinə güclənən ab-havanın göstəricisi və təsdiqi kimi qiymətləndirmək olar. Layihə böyük üstünlüklə və ikipartiyalı konsensusla (lehinə 405, əleyhinə 11, bitərəf 3 səs) aşağı palatadan keçdi.

Amma bir önəmli məqamı nəzərdən qaçırmaq olmaz: söhbət qanundan yox, qətnamədən gedir. İkisi arasında böyük fərq var.

Qanun icrası məcburi olan sənəddir. Əgər “soyqırım” qanun şəklində tanınsaydı, bu məsələ ABŞ-ın dövlət siyasətinə çevriləcəkdi və Vaşinqton öz xarici siyasətini bu qanuna uyğunlaşdırmaq zorunda qalacaqdı. Digər tərəfdən, qanun ABŞ və dünya ermənilərinin Türkiyə əleyhinə bir sıra praktik addımlar atması üçün hüquqi zəmin rolunu da oynaya bilərdi. Məsələn, 1915-ci il hadisələri zamanı ölmüş və ya yaşadıqları yerləri tərk etməyə məcbur olmuş ermənilərin varisləri maddi təzminat tələbi ilə ABŞ məhkəmələrində Türkiyəyə qarşı çoxsaylı iddialar qaldırmaq üçün hüquqi əsas qazanmış olardılar. Məhkəmələr bu iddiaları qəbul edərsə, Türkiyənin ABŞ-dakı aktivlərinə həbs qoyulması mümkündür və s… Qətnamə isə icrası məcburi olmayan deklarativ sənəddir və icra hakimiyyəti (administrasiya) onu nəzərə ala da bilər, almaya da. Ona görə də bu qətnamənin qəbulu ABŞ-Türkiyə münasibətlərində əlavə ciddi problem yaratmaq gücündə deyil.

ABŞ-da hər il keçiriliən “Erməni soyqırımı” anım günü.”

Analoji sənədlər daha əvvəl müxtəlif ölkələr tərəfindən qəbul olunub və ilk anda Türkiyə ilə həmin ölkələrin münasibətlərində müəyyən gərginlik yaransa da, bu problem qalıcı iz buraxmayıb. Məsələn, Rusiya Dövlət Duması “erməni soyqırımı”nı hələ 1995-ci ildə tanıyıb. Bundan başqa, Duma 2005-ci ildə “soyqırım”ın 90 illiyi, 2015-ci ildə isə 100 illiyi münasibətilə xüsusi bəyanatlar qəbul edib. Rusiya prezidenti Vladimir Putin 100 illiklə bağlı Ermənistanda keçirilən tədbirlərə qatılıb və öz bəyanatında 1915-ci il hadisələrini “insanlıq tarixinin ən qorxunc və dramatik hadisələrindən biri – erməni xalqının soyqırmı” adılandırıb. Amma göründüyü kimi, bu qərarlar və addımların Rusiya-Türkiyə əlaqələrinə mənfi təsir göstərməyib, əksinə, ötən müddətdə münasibətlərdə ciddi tərəqqi qeydə alınıb.

“Soyqırım” Türkiyənin NATO üzrə müttəfiqləri Almanya, Fransa, İtaliya, Belçika, Yunanıstan, Niderland, Slovakiya, Polşa, Litva, Lüksemburq, Kanada, eləcə də İsveç, İsveçrə, Avstriya, Vatikan, Kipr, Livan, Venesuela, Argentina, Braziliya, Uruqvay, Paraqvay, Boliviya, Çili tərəfindən deklarativ qaydada tanınıb. Lakin bu amil Türkiyə ilə adı çəkilən ölkələrin münasibətlərinə ciddi təsir etməyib. Əslində son illər Türkiyənin özünün də mövqeyində müəyyən yumşalma və geri çəkilmə baş verib. 2014-cü il aprelin 23-də baş nazir Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisləri ilə bağlı 9 dildə, o cümlədən erməni dilində rəsmi açıqlama yayıb. O, ermənilərin köçürülməsini (tehcir) qeyri-insani nəticələr doğuran hadisə kimi qiymətləndirərək ölən ermənilərin nəvələrinə başsağlığı verib. Bu açıqlama Türkiyə üçün bir ilk idi, çünki Ərdoğana qədər Türkiyənin heç bir dövlət və hökumət rəsmisi erməni məsələsinə dair bu məzmunda bəyanat verməmişdi. 2014-cü ildən bəri hər il 24 apreldə prezident Ərdoğan tərəfindən bənzər məzmunda yazılı bəyanat yayılır. Açıq hiss olunmağa başlayıb ki, Ankara “soyqırım”ın tanınması barədə dünya parlamentlərinin qətnamələrinə ilk anda sərt reaksiya versə də, bunu dövlətlərarası münasibətlərdə problem yaradan məsələ kimi qəbul etmir. Necə deyərlər, Türkiyə artıq bu məsələnin başını buraxıb. Təsadüfi deyil ki, Konqresdəki qətnaməni əngəlləmək üçün hər hansı preventiv iş aparılmadı. Halbuki yaxın tarixə nəzər salsaq, görərik ki, Ankara erməni lobbisinin Konqresdəki təşəbbüslərini əngəlləmək üçün hər zaman çox aktiv diplomatik çabalar göstərib, Vaşinqtonu ayağa qaldırıb, ora nümayəndə heyətləri göndərib, yəhudi – İsrail lobbiləri ilə bərabər hərəkət edərək ermənilərin və onlara yaxın Konqres üzvlərinin cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb.

Amma son illər Türkiyə ilə İsrail arasında siyasi səviyyədə yaranan böhran, prezident Ərdoğanın İsrailə qarşı çox sərt ritorikası, Türkiyədə antisemitizmin güclənməsi Ankaranı yəhudi-İsrail lobbilərinin dəstəyindən məhrum edib. Bundan başqa, ABŞ-Türkiyə dövlətlərarası münasibətlərində xüsusən 2016-cı ilin 15 iyul hadisəsindən bəri dərinləşən problemlər – Vaşinqtonun Türkiyə dövləti tərəfindən terror təşkilatının lideri hesab olunan Fətullah Güləni himayə etməsi, Suriyada Türkiyənin terror təşkilatı saydığı PYD-YPG qruplaşmasına siyasi, maddi, hərbi dəstəyi, Türkiyənin isə Rusiya və İranla yaxınlaşması, Qərbin maraqlarına etinasızlığı və digər irili-xırdalı məsələlər tərəflər arasında qarşılıqlı etimadsızlıq yaradıb. Hər iki tərəfin müttəfiqliyə zidd addımları vəziyyətin bu səviyyəyə gəlib çıxmasına səbəb olub. Erməni və yunan lobbiləri hazırda bu əlverişli mühitdən Türkiyə əleyhinə maksimum faydalanmağa çalışırlar. Qətiyyən istisna etmək olmaz ki, növbəti dəfə “erməni soyqırımı”nın qanun səviyyəsində tanınması məsələsi qaldırılacaq. Türkiyə buna imkan verməməli və ABŞ-dakı əvvəlki əlaqələrini işə salmağa, keçmiş dostları ilə münasibətlərini bərpa etməyə çalışmalıdır. Hər iki ölkədə sağlam düşüncəli dairələr yaxşı başa düşür ki, münasibətlərin getdikcə pisləşməsi və qırılmanın baş verməsi iki dövlətin də maraqlarına uyğun deyil. Problemlərin geniş strateji dialoq çərçivəsində səmimi şəkildə müzakirəsinə və çıxış yollarının tapılmasına ehtiyac var.

 

 

 

 

 

Şahin Cəfərli,

politoloq