Kiyev Moskva üçün ‘qırmızı xətlərini’ elan edir

Vadym Prystayko

Ukraynanın xarici işlər naziri Vadym Prystayko oktyabrın 14-də Brüsseldə Avropa millət vəkilləri qarşısında etdiyi çıxışda deyib ki, Kiyev Ukraynanın şərqindəki münaqişənin bitməsinə çalışır.

Nazir bildirib ki, lakin Ukrayna bunu nəyin bahasına olursa-olsun etmək niyyətində deyil:”Ukrayna unitar dövlətdir və gələcəkdə də belə olaraq qalacaqdır. Biz Ukraynanın zor gücünə federallaşdırılması barədə danışıqlar aparmırıq”.

AzadlıqRadiosunun məlumatına görə, Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxış edən nazir daha sonra bildirib:

“İkinci qırmızı xətt bundan ibarətdir ki, biz öz konstitusiyamızı Rusiyanın istədiyi şəkildə dəyişməyəcəyik”.

Prystayko deyib ki, Kiyev Luhansk və Donetsk vilayətlərində Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətində olan ərazilərə “mərkəzsizləşmə prosesi daxilində müəyyən bir öz müqəddaratını təyin etmək imkanı verə bilər”.

Nazir əlavə edib ki, bu proses Ukraynada onsuz da gedir.

Bundan əvvəl Prystayko bildirmişdi ki, Ukraynanın şərqində sülhün bərqərar edilməsi üçün sammit noyabrın ortalarında Parisdə keçirilə bilər.

Prystayko Reuters agentliyinə müsahibəsində deyib ki, Ukrayna, Rusiya, Fransa və Almaniya arasında keçiriləcək bu sammit Moskvanın bu münaqişəni dayandırması üçün “son imkanı” olacaq.

Ukrayna prezidenti Volodymyr Zelenskiy sözü gedən sammiti ləngitdiyinə görə ötən həftə Moskvanı tənqid etmişdi. O bildirmişdi ki, Moskva Kiyevin münaqişə bölgəsindəki qoşunlarını ilk olaraq geri çəkməsinə çalışır.

Prystayko isə bildirib ki, bu sammitdən əvvəl ən azı yeddi gün müddətində atəşkəs pozulmamalı, yüngül silahlar bölgədən çıxarılmalıdır.

Ukraynanın şərqində atəşkəsə dair yol xəritəsi ilk dəfə 2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında elan edilmişdi.

Atəşkəs razılaşmaları qarşıdurmanı zəiflətsə də, döyüş əməliyyatlarına son qoya bilməyib.

Prystayko deyib ki, Kiyev Minsk razılaşması çərçivəsində son dəfə səmimi səylərini göstərir.

Onun fikrincə bu, baş tutmasa, onda müəyyən “B” planı lazım gələcək.