Hüquq müdafiəçiləri Azərbaycanda saxlanma yerlərində işgəncələri pisləyir

Hüquq müdafiəçiləri Azərbaycanda saxlanma yerlərində işgəncələri pisləyir
24 Oktyabr 2019
Mətni dəyiş
Oktyabrın 19-da bakıda müxalifətin etiraz aksiyası zamanı saxlanılan şəxslər polis bölmələrində işgəncələrə məruz qalıblar. Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli, Demokratik Qüvvələrin Milli Şurasının üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimli, AXCP fəalları Cabbar Savalanlı və Nicat Abdullazadə ən sərt işgəncələrə məruz qalıb. Müsavat Partiyasının üzvləri Rəhim YaqubluAyxan Hacızadə, habelə partiyalar üzv olmayan digər şəxslər fiziki təzyiqə məruz qalıb. Bu barədə bu gün Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Oqtay Gülalıyev Müsavat Partiyasının qərargah-mənzilində aparılan müzakirələr zamanı bildirib. Azərbaycanda işgəncələr geniş yayılıb, amma hakimiyyət həmişə bunu inkar edir. “Faktlar foto və videomateriallarla təsdiq edildikdə belə, rəsmi orqanlar onları təkzib edir. Oktyabrın 19-da mitinq iştirakçılarına qarşı göstərilmiş qəddarlıq onların bədənlərində qalan izlərlə, habelə foto və video materiallarla sübut olunur. Prokurorluğun və DİN-in işgəncələri inkar etməsi də dövlətin bu qanunsuz əməlləri ört-basdır etmək istədiyinin dəlilidir”, deyə o qeyd edib. Amma bu faktlar BMT-nin İşgəncələr Əlyehinə Komitəsinin hesabatında təsdiqini tapıb. Hesabatda qeyd edilir ki, dövlət işgəncələrin qarşısını almaq üçün heç nə etmir, təqsirkarları cəzalandırmır. “Beynəlxalq təşkilatlar daha ciddi addımlar atmalı, bəyanatlarla kifayətlənməməlidirlər. İşgəncə törədən şəxslərə qarşı ciddi sanksiyalar tədbiq edilməlidir”, deyə Gülalıyev bildirib. Milli Şuranın üzvü, polisdə işgəncələrə məruz qalmış İbrahim İbrahimli bildirib ki, 19 oktyabr istibdad hakimiyyətinə qarşı mübarizədə dönüş nöqtəsi olacaq. “Həmin gün xalqın və müxalifətin birləşməsi başlayıb. İşgəncə və repressiyalar rejimə nifrəti daha da gücləndirir”, deyə İbrahimli bildirib. Müzakirələrdə “Tərtər işi” üzrə təqsirləndirilən, istintaq zamanı öldürülmüş hərbiçilərin, habelə Gəncə hadisələrindən sonra xüsusi əməliyyatlar zamanı öldürülənlərin doğmaları və işgəncələrə məruz qalan siyasi məhbusların qohumları da iştirak ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun