Conson 31 oktyabrdan sonra Britaniyanın Avropa Birliyində qalmayacağına vəd verib

“Avropa Birliyindəkilər “səhvən” İngiltərənin 31 oktyabrdan sonra da bu təşkilatda qalacağını güman etməməlidir” – deyə İngiltərənin baş naziri Boris Conson bazar günü Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.

Conson Makronu hər şeyə baxmayaraq “Brekzit”in həyata keçməsi üçün səylər göstərməyə çağırıb. Fransa prezidenti də öz növbəsində Consona deyib ki, AB ən qısa zamanda Londonla AB-dən çıxışla bağlı şərtləri razılaşdırmalıdır.

“Mişel Barnye (AB-nin Londonla danışıq aparan nümayəndə heyətinin rəhbəri) danışıqların sürətini kəskin intensivləşdirməlidir” – deyə Makron BBC-yə bildirib.

Bundan öncə “The Sunday Times” xəbər vermişdi ki, Boris Conson “Brekziti” nə olursa olsun həyata keçirməyə qərarlıdır və o məqsədi alınmayınca postundan uzaqlaşmayacaq. O deyib ki, AB onun “Brekzit” təkliflərini qəbul etməsə belə, Britaniya parlamenti ona etimadsızlıq göstərsə belə postundan uzaqlaşmaq fikrində deyil.