"Bu il 1000-ə qədər adamın sosial yardımı dayandırılacaq" - nazirdən açıqlama

"Bu il 1000-ə qədər adamın sosial yardımı dayandırılacaq" - nazirdən açıqlama
25 Oktyabr 2019
Mətni dəyiş
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində transfert məbləğinin payı 2017-ci ildəki 39 faizdən ötən il 35,6 faizə, bu il isə 32,8 faizə enib. Əhaliyə sosial ödənişlərin ciddi şəkildə artdığı şəraitdə transfert məbləği azalmaqdadır. Qarşıdakı dövrdə də Fondun gəlirlərində mütəmadi artımın və həmçinin idarəetmə xərclərinin optimallaşdırılmasının təmin edilməsi bu müsbət dinamikanın davam etməsinə imkan verəcək”. Bunu bu gün, oktyabrın 25-də Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Ünvanlı sosial yardım sisteminin də təkmilləşdirilməsi işlərinin aparıldığını qeyd edən S.Babayev ümumilikdə bu proqramın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi  işlərinin aparıldığını və proqramın əhatə dairəsinin genişlənəcəyini deyib. Bildirib ki, eyni zamanda, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır. Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr vardır ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq. Nazir həmçinin 2500-dək yanlış əlillik təyinatının da aparılan araşdırmalar nəticəsində aşkar edilərək ləğv olunduğunu, bu istiqamətdə araşdırmaların davam edəcəyini deyib, yeni əlillik təyinatlarının aparılmasına da ciddi nəzarətin həyata keçirilməsini tapşırıb. O, qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərindən bəhs edib, bu il əmək müqavilələrinin sayında artıq 138 min artımın olduğunu, əmək münasibətlərinin leqal müstəvidə qurulması ilə bağlı ciddi monitorinqin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə cari il sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı məbləği  250 manata çatdırılıb və heç bir müəssisədə işçilərə 250 manatdan aşağı məbləğdə əməkhaqqı verilə bilməz. Ona görə bu sahəyə ciddi nəzarət edilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun