"Azərbaycan tərəfi rəqəmləri şişirdir, xüsusən, heyvandarlıq və taxıl sahələrində"

"Azərbaycan tərəfi rəqəmləri şişirdir, xüsusən, heyvandarlıq və taxıl sahələrində"
15 Oktyabr 2019
Mətni dəyiş

Dünya Bankı Azərbaycanda aqrar sektorun artım tempi üzrə üçillik proqnozunu açıqlayıb.

Abzas xəbər verir ki, DB-nın proqnozlarına görə, 2019-2021-ci illər ərzində kənd təsərrüfatı sektorunda məhsul istehsalı tədricən artacaq.

Belə ki, 2019-cu ildə aqrar sektorda məhsul istehsalı 4,2% artacaq. 2020-ci ildə bu göstərici 4,4%, 2021-ci ildə isə 4,5% təşkil edəcəyi gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Azərbaycanın aqrar sektoru 4,2%, 2018-ci ildə isə 4,6% artıb.

Mövzunu saytımıza şərh edən aqrar sahə üzrə iqtisadçı ekspert Vahid Məhərrəmli deyir ki, Dünya Bankı daha çox Azərbaycan mənbələrindən əldə etdiyi informasiyalara əsasən proqnozlar hazırlayır, ona görə, faktlar şişirdilir.

“Dünya Bankı daha çox Azərbaycan mənbələrindən əldə etdiyi informasiyalara əsasən proqnozlar hazırlayır. Bir çox hallarda Azərbaycan tərəfi rəqəmləri şişirdir. Xüsusən, heyvandarlıq və taxıl sahələrində ciddi şişirtmələr var".

Ekspert deyir ki, artımın olması üçün tədbirlər görülməlidir, təbii, texniki amillər bunlar üzərində işlənməlidir və bu şəffaf aparılmalıdır.

"Ancaq biz bunları görmürük. Ona görə də, bu artım proqnozu real faktlara əsaslanmır", - deyə Vahid Məhərrəmli bildirib.

Bundan əvvəl Dövlət Statistika Komitəsi açıqladığı rəqəmlərdə bildirmişdi ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1281,4 mln. manat təşkil edib ki, onun da 1203,1 mln. manatı heyvandarlıq, 78,3 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Məlumata görə, cari il aqrar sektor 3,9% böyüyüb. O cümlədən bitkiçilik məhsullarının istehsalı 22,2%, heyvandarlıq məhsullarının istehsalı isə 2,9% artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun