Arif Hacılı yenidən Musavat partiyasının sədri seçilib

Arif Hacılı yenidən Musavat partiyasının sədri seçilib
14 Oktyabr 2019
Mətni dəyiş

Oktyabrın 13-də keçirilən Müsavat Partiyasının IX qurultayında Arif Hacılı bu siyasi təşkilatın rəhbəri seçilib. Gizli səsvermə zamanı 261 nümayəndə onu dəstəkləyib.

Digər namizədlər, Müsavat Partiyası İdarə Heyəti üzvləri Tofiq YaqubluYadigar Sadıqlıya müvafiq olaraq 51 və 20 nümayəndə səs verib.

A.Hacılı partiya sədri seçkisindən öncəki çıxışında Azərbaycandakı vəziyyəti "Leonid Brejnevin idarəçiliyinin son illərində SSRİ-dəki vəziyyətlə" müqayisə edib.

"Hakimiyyət tərəfindən siyasi mübarizə üçün qeyri-bərabər şərait yaradılsa da biz partiya strukturlarını və Müsavatın nüfuzunu qoruyub saxlamışıq. Əgər ölkədə seçkilər minimal demokratik standartlara uyğun keçirilərsə biz qalib gələ bilərik", - o qeyd edib.

Lakin T.Yaqublunun fikrincə, ölkənin siyasi həyatında partiyanın yeri onun potensialına uyğun deyil və o yenilənməlidir.

Onun fikrincə, əvvəllər hakimiyyət öz əsas əleyhdarı kimi Müsavat liderini görürdü, amma hazırda ünvan dəyişib.

T.Yaqublu Müsavatın "real siyasi qüvvələr" ilə əməkdaşlığına tərəfdar olduğunu bildirib.

"Bu gün Müsavatın hakim rejimin ən çox qorxduğu AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) ilə birlikdə olması lazımdır", - T.Yaqublu bildirib.

Y.Sadıqlı deyib ki, bu gün partiya 2003-cü ildə olduğundan zəifdir və kütləvi aksiyalar keçirə bilmir.

O bildirib ki, partiya yenilənməlidir və ilk növbədə rəhbərlikdə dəyişiklik olmalıdır.

Y.Sadıqlı partiyada gənclərin sayının azaldığını deyib və vəd edib ki, əgər Müsavat Partiyasının sədri seçilərsə, etirazçı gənclərin təşkilat sıralarına cəlb edilməsi üçün hər şeyi edəcək.

Arif Hacılı ikinci müddətə partiya sədri seçilib. İlk dəfə 2014-cü ildə Müsavat Partiyasının sədri seçilmişdi.

Müsavat Partiyası 1911-ci ildə təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik Rusiyasının işğalı nəticəsində partiya bir müddət gizli, sonra isə mühacirətdə fəaliyyət göstərib. SSRİ-nin süqutundan sonra 1992-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən əldə etdikdən sonra Müsavatın fəaliyyəti bərpa edilib. 1992-2015-cı illərdə partiyanın rəhbəri 1980-cı illərin sonu, 1990-cı illərin əvvəli Azərbaycan milli-demokratik hərəkatının liderlərindən biri İsa Qəmbər olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun