YAP hakimiyyətə loyal müxalif partiyalarla birgə dəyirmi masa keçirib

YAP hakimiyyətə loyal müxalif partiyalarla birgə dəyirmi masa keçirib
11 Sentyabr 2019
Mətni dəyiş
Bugün, sentyabrın 11-də Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir hakimiyyətə yaxın Ana Vətən Partiyasının təşəbbüsü ilə, iqtidar partiyasının nümayəndələrinin də dəstəyi ilə gerçəkləşib. Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı iştirak ediblər. Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıblar. Azərbaycan Xalq Cəbhəsi və ReAL partiyaları isə dəvət olunmayıb. “İstənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd göstərirlər”. “Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov həmin tədbirdə söyləyib. Ə.Əhmədov qeyd edib ki, onlar asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilərlər: “Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri Youtube-da guya izləyicilərinin hesabına gəlir əldə edirlər. Bu, əsassızdır, araşdıra bilərsiniz… Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox”. Toplantıda müxtəlif çıxışlar dinlənib. Daha sonra iştirakçılar adından bəyanat yayılıb. Vurğulanıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad olunması istiqamətində atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəklərini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun