Taleh Bağırzadənin xanımına qarşı ittiham irəli sürülüb

Taleh Bağırzadənin xanımına qarşı ittiham irəli sürülüb
28 Sentyabr 2019
Mətni dəyiş
“Müsəlman Birliyi” Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində dindirilib. L.İsmayılzadənin Meydan TV-yə bildirdiyinə görə, idarədə ona qarşı ittiham irəli sürülüb, təqsirləndirilən şəxs qismində dindirilib. "Cinayət Məcəlləsinin 317-1.1 maddəsilə ittiham irəli sürüldü. Təqsirləndirilən şəxs kimi ifadə verdim. Mənə iltizama imza atdırdılar”, - deyə L.İsmayılzadə bildirib. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. L.İsmayılzadə deyir ki, ifadəsində özünü təqsirli bilməyib: "Qərəzsiz yanaşan istənilən adam görür ki, cinayət yoxdur. Mən telefonu gizlətməmişəm. Hamı bilir ki, Hacı (Taleh Bağırzadəni nəzərdə tutur) həbsxanada təzyiq altında olub, onun yanına gedənlər necə yoxlanılır. Birincisi, mən gizli telefon keçirməyi özümə sığışdırmaram. İkincisi, insan nə qədər ağlını itirməlidir ki, belə yoxlamanı bilə-bilə telefon keçirməyə cəhd eləsin? Uşaq ondan oyuncaq kimi istifadə edib. Özləri də araşdırıb gördülər ki, işlək telefon deyil. Telefonun enerji dolduran qurğusu, işlək nömrəsi yoxdursa, nəyə lazımdır o?" L.İsmayılzadə bu ilin martında üç azyaşlı övladı ilə birlikdə Novruz bayramı ərəfəsində Qobustan həbsxanasında saxlanılan həyat yoldaşıyla uzunmüddətli (üç günlük) görüşə gedərkən ona telefon keçirməyə cəhddə günahlandırılırdı. Bununla əlaqədar Penitensiar Xidmət də rəsmi açıqlama yayaraq, L.İsmayılzadənin əşyalarına və gətirdiyi sovqata baxış keçirilərkən uşaq çantasından oyuncaqların arasından “Samsung” markalı telefon tapıldığını bildirmişdi. L.İsmayılzadə isə sözügedən telefonun işlək vəziyyətdə olmadığını, üç yaşlı övladı Abbasın babasına məxsus həmin telefondan oyuncaq kimi istifadə etdiyini, həbsxanaya gedərkən yaddan çıxıb oyuncaqların arasında qaldığını demişdi. Buna baxmayaraq, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində araşdırmalar başlandı. L.İsmayılzadənin sözlərinə görə, bundan öncə iki dəfə özü, bir dəfə də qayınatası Kamil Bağırov idarədə dindirilib. Çünki telefon vaxtilə K.Bağırovun istifadəsində olub. “Daha sonra ekspertiza təyin edildi. Ekspert telefonun işlək olub-olmaması haqda rəy verməliydi. Görünür, özlərinə sərf eləyən rəyi alıblar. Müstəntiq bir ay əvvəl də mənimlə əlaqə saxlamışdı. O zaman uşaqlarla rayonda idim”, - deyə L.İsmayılzadə bildirib. Onun fikrincə, məsələnin böyüdülməsi və barəsində cinayət işi başlanması, məhkəmə qarşısına çıxarılması həyat yoldaşının prinsipial mövqeyinə görə ona təzyiq göstərmək məqsədi güdür. T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. T.Bağırzadə ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ittihamlarını qəbul etmir, təqsirsiz olduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun