Abşeron rayon Məhkəməsi sentyabrın 3-də ictimai fəal Rafael Hüseynzadəni 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə R.Hüseynzadənin atası Füzuli Hüseynov ‘Amerikanın Səsi’ radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə oğlunu polis şöbəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar.

“Hazırda oğlum Abşeron rayon Polis İdarəsinin saxlanma yerində saxlanılır. Orada insanın qalması üçün şərait yoxdur”, – ata qeyd edib.

Rafael Hüseynzadə avqustun sonlarında polisin süründürməçiliyinə və işə qəbul edilməməsinə etiraz olaraq Bakının Nəsimi rayonu ərazisində təkbaşına aksiya keçirdikdən sonra həbs edilib. Ailəsi Hüseynzadənin həbsinin bununla əlaqəli olduğunu iddia edir.

“Rafael Hüseynzadə bir ay öncə Abşeron rayonunun Məhəmmədli kəndində təzyiqə məruz qalıb, xəsarət alıb. O polisə şikayət edib, ekspetizadan keçib. Sentyabrın 2-də sahə müvəkkili Rəfael Hüseynovu zərərçəkən qismində Abşeron rayon Polis İdarəsinə dəvət edib. Beləliklə o polisdə saxlanılıb və məhkəmə barəsində inzibati həbs qərarı verib,” ata deyib.

Rafael Hüseynzadə bundan öncə bu il yanvarın 25-də və martın 2-də siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirərkən saxlanılıb, inzibati həbsə məhkum edilib.

Azərbaycanda “tək adam” aksiyası termini Rafaelin atası Füzuli Hüseynovla bağlıdır. Belə ki, Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə plakatlar qaldıraraq aksiyalar keçirdiyinə görə azı iki dəfə inzibati həbsdə olub, bir neçə dəfə cərimə olunub və ona xəbərdarlıq edilib. Yanvarın 25-də isə Füzuli Hüseynovun oğlu Rafael Hüseynzadə “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun İlham Əliyev” şüarları yazılmış plakat qaldırarkən polis tərəfindən saxlanılıb.

Rəsmi qurumlardan, o cümlədən məhkəmədən Rəfael Hüseynzadənin saxlanılmasının səbəbləri ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Siyasi fəal Rəfael Hüseynzadəyə 30 sutka veriblər. Səbəb bir həftə əvvəl 28 may metrosunun qarşısında təkadamlıq aksiya etməsidir. Həbs siyasi göstərişdir. Çünki öz ayaqları ilə Abşeron Rayon Polis İdarəsinə getmişdi. Hal hazırda o Abşeron polis idarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılır.

Publicerat av Nurlan Libre Tisdag 3 september 2019