Prokuror Hüseyn Abdullayeva 8 il həbs cəzası istəyib

Prokuror Hüseyn Abdullayeva 8 il həbs cəzası istəyib
19 Sentyabr 2019
Mətni dəyiş

Bakı Hərbi Məhkəməsində keçmiş biznesmen və parlamentin keçmiş deputatı Hüseyn Abdullayevin işi üzrə proses başa çatır.

İş üzrə onun anası Zeynəb Abdullayeva da keçir. O, başqa yerə getməmək barədə iltizam altındadır. İşə Hərbi Məhkəmədə baxılır, çünki 7 müttəhimin arasında hərbçi-sərhədçilər də var.

Cinayət işi "qanunsuz sahibkarlıq", "dələduzluq", "hədə yolu ilə pul tələb etmək", "vergi ödəməkdən yayınmaq", "sərhəddi qanunsuz keçmək" və s. maddələrlə açılıb.

Sentyabrın 19-da keçirilən iclasda prokuror H.Abdullayevin 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror iş üzrə keçən digər üç nəfərin 6 ildən 8 ilədək azadlıqdan məhrum edilməsini, H.Abdullayevin anasının isə 5 min manat cərimələnməsini istəyib.

H.Abdullayev prokurorun çıxışına emosional şəkildə reaksiya verərək bildirib onun ittihamları saxtalaşdırdığını bildirib. Hakim H.Abdullayevin zaldan çıxarılmasını tələb edib..

H.Abdullayevin anasının halı pisləşib və məhkəməyə təcili yardım həkimləri çağırılıb. Onların müdaxiləsindən sonra qadının durumu normallaşıb.

Xatırlatma

Naxçıvan bölgəsindən olan Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları ilə əlaqədar biznesdə aparıcı mövqe tutub. Onun nəzarətində olan bir qrup gənc müxalifətin etiraz mitinqlərinin dağıdılmasında iştirak edib.

2005-ci ildə H.Abdullayev parlamentin deputatı olub və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlament iclasında hakimiyyətyönlü deputat Fəzail Ağamalı H.Abdullayevi münaqişəyə təhrik edib.

Lakin təkcə H.Abdullayevi cəzalandırıblar. Öncə onu həbs ediblər, sonra xuliqanlığa görə 2 il azadlıqdan məhrum ediblər.

2013-cü ildə Azərbaycandan gedib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi qaldırılıb.

Almaniyada yaşayan H.Abdullayev kütləvi etirazlara çağıran bir sıra mahnı yazıb və sosial şəbəkələrdə paylaşıb.

2018-ci il aprelin 22-də Almaniyadan Türkiyəyə gəldikdən sonra orada saxlanılıb Azərbaycana ekstradisiya edilib.

Bakıda onu CM-in 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə ), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4 (dələduzluq), 182.2.1 (bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə yolu ilə tələbetmə), 182.2.2 (həmin hərəkətlər təkrar törədildikdə) və 182.2.4 (həmin hərəkətlər təkrar törədildikdə, zərərçəkənə külli miqdarda ziyan vurmaqla) maddələri ilə ittiham olunub.

Fevralın 1-də müttəhimin anası Zeynəb Abdullayeva prezident İlham Əliyevə müraciət edərək oğluna qarşı mərhəmət və humanizm göstərməyi xahiş edib. O, özünün yaşlı olmasını, oğlunun səhhətində ciddi problemlərin olmasını nəzərə almağı xahiş edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun