Problemli kreditlərin həcmi gün-gündən artır, yeni bank böhranı qapıdadır

Problemli kreditlərin həcmi gün-gündən artır, yeni bank böhranı qapıdadır
2 Sentyabr 2019
Mətni dəyiş

2019-cu ilin avqustun 1-ə olan məlumata görə, kredit təşkilatları tərəfindən verilən kreditlərin ümumi həcmi 13 mlrd. 681 mln. manat təşkil edib.

Bu barədə Mərkəzi Bankın hesabatında deyilir. Problemli kreditlərin həcmi 1 mlrd. 487 mln. manat yaxud bütün portfel kreditinin 10,9%-i təşkil edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2015-ci ildə iki devalvasiya nəticəsində fiziki şəxslərdə yaranan problemli kreditlərlə bağlı fərmanı verilən ana qədər problemli kreditlərin həcmi 12% təşkil edirdi.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə: "Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin məbləği bu il avqustun birinə 1 487,4 milyon manat təşkil edib, bu keçən ayla müqayisədə 0,1% çoxdur - yəni, problemli kreditlərin artması trendi var. Avqustun 1-ə bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub - yəni, bu gün bank sektorunda 11% problemli kreditlər var, dünya təcrübəsi deyir ki, vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 3%-i keçsə, artıq böhranlı vəziyyət yaranır, bankların vəziyyəti stress-testlərlə yenidən qiymətləndirilməlidir".

Natiq Cəfərli qeyd edib ki: "Bizdə isə bu norma 3 dəfədən çox aşılıb. Yaxşı, bəs nədən problemli kreditlər artır: Kredit qoyuluşlarındakı artımın böyük hissəsi istehlak kreditlərinin artması ilə bağlıdır - İyun ayının sonu ilə müqayisədə İyulda ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat, ötən ilin sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində isə 618,7 milyon manat artaraq 5 milyard 938,3 milyon manata çatıb. Ev təsərrüfatlarına, yəni istehlak krediti kimi verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,4%-ə yüksəlib. Yəni, kreditlərin az qala yarısı istehlak kreditləridir, bu isə ölkə iqtisadiyyatının "xəstə" olmasını göstərir. Tamam, bəs nədən belə vəziyyət yaranır? Ölkə iqtisadiyyatı dünyada ən primitiv iqtisadi modellərdən biridir. Bacarıqsız hökumət uzun illər bəsit model qurub və bunu uğur kimi bizə sırımağa çalışır. Məmləkətdə iqtisadi aktivlik ancaq büdcə xərclərinə və istehlak kreditlərinə bağlıdır - neft satılır, pul büdcəyə gəlir, ordan təmir-tikinti, investisiya xərclərinə və maaşlara yönəlir, investisiya xərcləri həm məmurlar üçün korrupsiya, həm də qara camaat üçün bəsit dolanışıq, dayanıqsız iş yeri mənbəyidir. Sonra məmurlara bağlı banklar yüksək faizlə istehlak krediti verir, həmin məmurlara bağlı iri şirkətlər ölkəyə TV, telefon, mebel, bəyaz əşya gətirir, öz banklarından öz mallarını satmaq üçün qara camaata kredit verib 2 qat pul qazanırlar - belə bir qısır döngə, primitiv model qurub ölkə idarə edirlər. Camaat da sabahını düşünmədən kredit götürüb xərcləyir, hökumət isə, ümumiyyətlə, bu günlə yaşayaraq, bu vəziyyəti iqtisadi artım kimi təqdim edir - bax belə bir epoxada yaşayırıq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun