Hadi Rəcəbli: "Hamımız Heydər Əliyevin, İlham Əliyevin çörəyini yeyirik"

Hadi Rəcəbli: "Hamımız Heydər Əliyevin, İlham Əliyevin çörəyini yeyirik"
8 Sentyabr 2019
Mətni dəyiş

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun uzun illər nazir vəzifəsində işləmiş şəxslərin ünvanına səsləndirdiyi sərt ittihamlara münasibət bildirib. 

H.Rəcəbli etikxeber.az saytına açıqlamasında insanın çörəyi və yaxşılığı heç zaman unutmamasını söyləyib:

"Siyavuş müəllimin dedikləri ilə bağlı heç nə deyə bilmərəm. Çünki əlimdə konkret faktlarım yoxdur. Faktlarsız da danışmaq, münasibət bildirmək düzgün olmaz. Ancaq onu bilirəm ki, insanlığın ən böyük məziyyəti onun sədaqəti, sədaqətliliyi, sadiqlidir. İnsan sadiq və sədaqətli deyilsə, deməli, o, çıxdaşdır".

Deputat bildirib ki, insan ona çörək verən, onu vəzifəyə irəli çəkən, onu yüksəldən, tanıdan şəxsə, hakimiyyətə daim sadiq və sədaqətli olmalıdır.

"Hamımız Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin çörəyini yeyirik, onların sayəsində vəzifələrə irəli çəkilmişik, tanınmışıq, nüfuz, hörmət sahibi olmuşuq. İndi necə ola bilər ki, biz onlara, dövlətimizə sadiq və sədaqətli olmayaq? Vəzifədən getdinsə, bir qədər kənarda qaldınsa, nə bilim, pişik asqırdısa, o zaman sənə çörək verənə, səni tanıdana qarşı çıxacaqsan, ona arxa çevirəcəksən?"

Hadı Rəcəbli bildirib ki, heç vaxt ona çörək verənə, onu tanıdana qarşı çıxmaz bunu qəbul etmir.

"Mən bunu heç cür qəbul etmirəm və ömrüm boyu da etmərəm. İstər vəzifədə ol, istərsə də olma, hər zaman sədaqətli və sadiq olacaqsan, sədaqətli və sadiq qalacaqsan. İnsan çörəyi, yaxşılığı heç zaman unutmaz, xüsusilə də, vəzifədən gedəndən sonra. Mənim düşüncəm, həyat fəlsəfəm bundan ibatətdir…".

Xatırladaq ki, deputat Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və artıq “sabiqlər kateqoriyası”na aid şəxslərin ünvanına sərt ittihamlar səsləndirib.

YAP-çı deputat onları mövqesizlik nümayiş etdirməkdən tutmuş, xaricdəki mühacirləri maliyyələşdirməyə qədər ən müxtəlif  məsələlərdə ittiham edib.

"Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!

Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, 'mövqeyini bildir!'".

Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz.

Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də...var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam!”,- deyə Siyavuş Novruzov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun