Elina Hacıyevanın işi üzrə məhkəmədə həkimlər ifadə veriblər

Elina Hacıyevanın işi üzrə məhkəmədə həkimlər ifadə veriblər
26 Sentyabr 2019
Mətni dəyiş

Sentyabrın 25-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etmiş məktəbli Elina Hacıyevanın cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib.

Məhkəmə başlamazdan əvvəl prosesdə iştirak edən ictimai fəalların məhkəmə divarlarına və pəncərələrinə vurduqları Elinanın şəkilləri məhkəmə nəzarətçiləri tərəfindən qoparılıb.

Məhkəmədə Elina Hacıyevanın anasının vəkilləri Emin İsayev və Sevinc Əliyeva sabiq direktor Sevinc Abbasovanın qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Vəkillər bu vəsatəti onunla əsaslandırıblar ki, Sevinc Abbasova məhkəmədən öncə şagirdlərlə ünsiyyətdə olub.

Bundan əlavə, sərbəst şəkildə müsahibə verərək məhkəmə istintaqını başqa istiqamətə yönəltmək istəyir.

Vəkillər məhkəmənin önündə jurnalist tərəfindən çəkilən fotonu təqdim etməsinə baxmayaraq prokuror vəsatəti etirazla qarşılayaraq, onun təmin olunmamasını xahiş edib.

Hakim müşavirədən sonra vəsatətin rədd olunmasını bildirib.

Növbəti vəsatət məhkəmədə audio və video aparılması ilə bağlı olub. Lakin bu vəsatət də təmin olunmayıb.

Məhkəmədə şagirdlər, müəllimlər və Züleyxa Şirinivanın anası Leyla Sirinova dindirilib.Daha sonra məhkəmədə fasilə elan olunub.

Məhkəmə həkimlərin ifadəsi ilə davam edib. Toksikoloq Faiq Süleymanov ifadəsində bildirib ki, "təcili yardım"a gətiriləndə Elina ona axşam 30 dənə ketosteril qəbul etdiyini deyib:

"Elina dedi ki, 30- nu da səhər qəbul edib. Mən ona inanmadım, çünki əgər o axşam 30 dənəsini qəbul etmiş olsaydı, səhərə oyanmazdı".

Daha sonra ifadə verən həkim Vaqif Rzayev bildirdi ki, hadisə yerinə gələn kimi Elinadan "bunu niyə etmisən?" deyə soruşanda o "mən üç gündür ketosteril içirəm. Artıq on beş gündür ki, bu qərara gəlmişəm. Çünki artıq nə məktəbdə, nə də evdə məni istəyən yoxdur".

Uşaq anatomiya şöbəsinin müdiri İlqar Haqverdiyev həmin gün işdə olduğunu və bir qızın gətirilməsi barədə ona xəbər verildiyini dedi: "Nigar həkimlə birlikdə onu müayinə elədik,şokdan çıxması üçün tədbirlər gördük, ultrasəs və rentgen müayinəsi etdik.Sonra biz qızı müayinə həkiminə verdik, reanimasiyaya yerləşdirdilər".

İfadələrdən sonra hakim növbəti prosesin 27 sentyabr 14:30-a təyin edildiyini elan edib.

Qeyd edək ki,məhkəmənin hazırlıq iclasında istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verildiyi məlum olsa da, müdafiə vəkilləri bu barədə açıqlama verməyib.

Zərərçəkmiş tərəfin vəkilləri Emin İsayev və Sevinc Əliyeva istintaqın Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirildiyini və yekunlaşdıqdan sonra məhkəməyə göndərildiyini bildiriblər.

Xatırladaq ki, 4 aprel 2019-cu il tarixdə 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü sözügedən məktəbin üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə 162 nömrəli tam orta məktəbin direktoru S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 11 iyul 2019-cu il tarixdə Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib, 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

İyulun 19-da Bakı Apellyasiya Məhkəməsi Elina Hacıyevanın valideynlərinin nümayəndələrinin Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətini təmin etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun