Sentyabrın 18-də, günün ikinci yarısında Elina Hacıyevanın işi üzrə məhkəmə prosesi davam edib. Zala yenə də bəzi jurnalistlər buraxılsa da, bir sıra ictimaiyyət nümayəndələri kənarda qalıblar.

Şahid qismində ifadə verən Səbail Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə İdarəsinin rəisi Əsəd Umumbayov bildirib ki, aprelin 4-də ona idarənin rəisi zəng vuraraq 162 nömrəli məktəbdə bədbəxt hadisə baş verdiyini və onun ora getməli olduğunu söyləyib.

Onun deməsinə görə, gələndə görüb ki, uşaq direktorun otağında divanda uzanıb, yanında 3-4 müəllim var. Əsəd Umumbayovun qeyd etməsinə görə, ona deyiblər ki, qız dərman içib:

“Məktəbin tibb bacısı da orda idi. Sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və valideynlər gəldi. Mən biləndə ki, uşağın yanında həkim yox, tibb bacısıdır, dedim ki təcili tibbi yardıma zəng vurulsun”.

Onun sözlərinə görə, Xalidə Bayramova deyib ki, özü zəng vuracaq, çünki baş həkimi tanışıdır və belə daha tez olacaq.

Səbail Rayonun 8-ci Polis Bölməsindən Pərvanə Səfərova isə deyib ki, 162 saylı məktəbdə vaxtaşırı tədbirlərdə iştirak edib və Sevinc Abbasovanı (məktəbin direktoru) yaxşı tanıyır.

Onun da dediyinə görə, hadisə zamanı tədbirdə olub, lakin rəisin tapşırığı ilə məktəbə gedib:

“Çatanda gördük ki, qız divanda uzanıb, başı üstündə həkim var. Soruşanda dedilər ki, məktəbin tibb bacısıdır, uşağı müayinə etdi və ciddi xəsarət aşkar etmədi. Amma qızın təzyiqi düşdü. Biz təcili tibbi yardımı çağırmaq istəyəndə Xalidə xanım (icra başçısının müavini) dedi ki, artıq çağırıb”.

Onun vurğulamasına görə, direktor isə deyib ki, məktəb həkimi qızı artıq müayinə edib, başqa həkimə ehtiyac yoxdur:

“Mən Elinanın anasına və atasına hadisə barədə xəbər verdim…”

Pərvanə Səfərova həmçinin bildirib ki, məktəbdə əvvəllər də problemlər yaranıb və şikayətlər çox olub. “Şikayətləri valideynlər və məktəb direktoru edirdi”, deyə o qeyd edib.

Onun qeyd etməsinə görə, ötən ilin dekabrında Elina Hacıyevanın anası qızının hədələndiyini, şantaj edildiyini söyləyib, lakin o ifadə almağa başlarkən ərizəsini geri götürüb.

Elina Hacıyevanın xalası qızı Diana Hacıyeva isə ifadəsində deyib ki, onlar birgə 162 saylı məktəbə köçürülüblər. Onun deməsinə görə, bundan sonra uşaqlar onları incitməyə başlayıblar.

O ifadəsində bir neçə şəxsin adını da çəkib. Əlavə edib ki, buna görə, Elina Hacıyeva bir dəfə də intihara cəhd edib.

Diana Hacıyevanın sözlərinə görə, bütün bunlarla bağlı şikayətlərinin də təsiri olmayıb.

Digər xalası qızı Dinara Hacıyeva da uşaqların Elina Hacıyevanı incidib, təhqir etməsindən danışıb.

Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.

* * *

Səbail rayon icra hakiminin müavini məktəblinin ölümü ilə bağlı iş üzrə prosesdə ifadə verib

Çərşənbə günü Bakının Səbail Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə 162 nömrəli məktəbin keçmiş direktoru Sevinc Abbasovanın işi üzrə prosesdə mahiyyəti üzrə dinləmələr başlayıb.

O, 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı cəlb edilib. Ona qarşı CM-in 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Amma 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə heç kim məsuliyyətə cəlb edilməyib. Abbasova ev dustaqlığındadır.

İclasın əvvəlində zərərçəkmiş tərəfin vəkilləri bu işə böyük ictimai maraq olması ilə əlaqədar jurnalistlərin zala buraxılması barədə vəsatət qaldırıblar. Amma hakim zalın dolu olduğunu əsas gətirərək, vəsatəti təmin etməyib.

Daha sonra prokuror Əsədulla Ramazanov ittiham aktını elan edib. Müttəhim Abbasova özünü təqsirli bilməyib. Bunun ardınca mərhumun anası Sevil Hüseynova bildirib ki, qızı bu məktəbə keçdikdən dərhal sonra problemləri başlayıb: sinif yoldaşları onu sıxışdırmağa başlayıblar.

“Mən 3-4 dəfə məktəbə gedib, bu barədə Sevinc Abbasovaya bildirmişəm. O, tədbir görməyi vəd edib, amma heç bir təsirli tədbir görməyib və qızıma təzyiq davam edib”, deyə Hüseynova bildirib.

Bundan başqa, növbəti dəfə o, direktorun yanına gəldikdə o, əsəbi şəkildə: “Bir daha məktəbimə gəlməyin” deyib.

Hüseynovanın sözlərinə görə, bəzi məktəblilər Elina və rəfiqəsi haqqında onların guya lesbiyan olması barədə şaiyələr yayıblar.

“Bir dəfə məktəbdən gədlikdə Elinanın boğazında kəsik izi gördüm. Elina mənə dedi ki, rəfiqəsi ilə zarafat edərkən boğazı cızılıb. Amma sonra rəfiqəsi mənə dedi ki, Elina lezviya ilə boğazını kəsmək istəyib. Bir dəfə də başqa bir məktəbli Elinain başına soyuq su töküb”, deyə Hüseynova bildirib.

Onun sözlərinə görə, Elina bir neçə məktəbli, onların dostları və qohumları tərəfindən təzyiqə məruz qoyulurdu.

Aprelin 4-də saat 11:00 radələrində anaya məktəbdən zəng ediblər və Elinanın pəncərədən yıxıldığını bildiriblər.

“Mənə dedilər ki, Elina pəncərədən yıxılıb, yüngül xəsarət alıb, amma məni xəstəxanada onun yanına buraxmadılar. Aprelin 6-da hay-küy salandan sonra məni içəri buraxıblar, onda da artıq Elina keçinmişdi”, deyə Hüseynova bildirib.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq Komissiyasının keçmiş sədri Xalidə Bayramova ifadə verərək məktəb direktoru Sevinc Abbasova ilə münasibətlərinin yaxşı olduğunu bildirib.

“Aprelin 4-də S.Abbasovadan mənə zəng gəldi, hadisə barədə dedi. Mən də ona dedim dərhal polisə, təcili yardma xəbər et. Özüm də məkəbə gəldim. O zaman Elina hələ otaqda idi. Mənə dedilər ki, məktəbin ikinci mərtəbəsindəki pəncərədən yıxılıb, amma sonra vodeogörüntülər göstərdi ki, ikinci yox, üçüncü mərtəbədəki pəncərədən yıxılmayıb, özünü yerə atıb.

Zəng etdim, təcili yardım gəldi, qəz6xəstəxanaya aparıldı. Mənimlə danışanda Elina dedi ki, 30-a qədər həb qəbul edib, daha yaşamaq istəmir. Ona görə toksikoloji müayinəyə göndərmək istədik, amma ağrılarına görə bunu edə bilmədik. Xəstəxanada həkimlər dedi ki, xəsarəti ağır deyil, ağciyərində yüngül xəsarət var”, deyə Bayramova bildirib.

Mərhumun nənəsi Solmaz Əsgərova da nəvəsinin ölümündə məktəbi təqsirli bildiyini söyləyib.

Elinanın atalığı Seymur Hüseynov və atası Ədalət Hacıyev bildiriblər ki, xəstəxanada həkimlər onlara xəsarətlərin ağır olmadığını və aprelin 6-da onun palataya keçiriləcəyini deyiblər.

Proses davam edir.

Fasilədə təqsirləndirilən Abbasova jurnalistlərə bildirib ki, özünü qismən təqsirli bilir, belə ki, hadisə onun rəhbərlik etdiyi məktəbdə baş verib. O, qızı xilas etmək üçün əlindən gələni etdiyini, onunla xəstəxanaya getdiyini, yanında olduğunu bildirib.

*2019-cu il aprelin 4-də 162 nömrəli məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Faktla bağlı Bakı şəhər Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Sonradan məktəbin direktoru Abbasova iş üzrə məsuliyyətə cəlb edilib. Ona qarşı CM-in 143 və 314.2-ci maddələri ilə ittiham irəli sürülüb. Amma 125-ci maddə ilə heç kim məsuliyyətə cəlb edilməyib.