Daha bir Gəncə məhbusu həbsxanada vəfat edib

Daha bir Gəncə məhbusu həbsxanada vəfat edib
30 Sentyabr 2019
Mətni dəyiş
2018-ci ildə Gəncə şəhərində baş verən hadisələrə görə, həbs edilən Eşqin Quliyevin Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat etdiyi bildirilir. Bu barədə məhbusun yaxınları bildirib. Amma məlumatı, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb. Verilən məlumata görə, hazırda cənazə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə gətirilib. Eşqin Quliyevin Hepatitdən əziyyət çəkdiyi bildirilirdi. Təqribən 10 gün əvvəl, sentyabrın 19-da Sabunçu Rayon Məhkəməsində bir qrup "Gəncə məhbus"una hökm oxunmuşdu. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə Eşqin Quliyev də 20 il azadlıqdan məhrum edilmişdi. Gəncə hadisələrinə görə ümumilikdə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. 7 qrupa hökm oxunub.Onlara 2 ildən 20 ilə qədər həbs verilib. Həmin şəxslər qətlə cəhd, hakimiyyət nümayəndəsinə müqavimət, iğtişaş salmaq və başqa əməllərdə ittiham olunub. Lakin onlar ittihamlarla razılaşmırlar. Gəncə hadisələri ilə bağlı həbs olunan digər bir məhbsu Aydın Qurbanov bu il iyulun 9-da Penitensiar Xidmətin xəstəxanasında vəfat edib. Baş Prokurorluq və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iyulun 11-də yaydığı birgə məlumatda belə deyilir: Sonradan Apelyasiya Məhkəməsində bəzilərinin cəzası azaldılıb.6 nəfər də azadlığa buraxılıb. Bir qrupa isə hakimin yaxın günlərdə hökm oxuyacağı gözlənir. Daha 17 nəfərin işi üzrə isə istintaq davam edir. Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var. Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlamayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb. Rəsmi məlumata görə, habelə iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada da yüksəkrütbəli polis zabitləri - İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər. Həbs olunanlar məhkəmədə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər. Hüuq mühafizə orqanları bu iş üzarə axtarışda olan bəzi şəxslərin isə silahlı müqavimət göstərərkən zərərsizləşdirildiklərini açıqlayıb.Rəsmi qurumlar onların 5, hüquq müdafiəçiləri isə daha çox olduqlarını bildirirlər.Üstəlik, onlardan bəzilərinin yaxınları öldürülən qohumlarının həmin vaxt silahsız olduğunu iddia ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun